beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı məlumatlardan

1. İsveç alimləri müəyyənləşdiriblər ki, heç də bütün çörək növləri qədd-qamətin düşməni deyil. Onlardan bəziləri artıq çəkinin qarşısını alır və eyni zamanda, iştahanı da azaldır. Mütəxəssislər müxtəlif dənli bitkilərdən hazırlanmış çörək-bulka məmulatlarının tərkibini öyrəniblər. Məlum olub ki, çovdar çörəyi orqanizm üçün faydalıdır. Çovdar çörəyi şəkər, ürək-damar xəstəliklərinin inkişafının qarşısını alır və insanı tez doydurur. Çovdar və arpa çörəyi qidanın həzm olunması prosesini zəiflədir və nəticədə insan uzun müddət özünü tox hesab edir. Bu dənli bitkilərdən hazırlanmış çörək həm də artıq çəkinin qarşısını alır. Mütəxəssislər onu da bildirirlər ki, digər məhsullar kimi bu çörəkləri də lazımi miqdarda yemək lazımdır.

2. İctimaiyyət arasaında tanınan, çoxlu sayda dostu, tanışı olan, hər kəslə dil tapmağı bacaran qızlar daha uzunömürlü olur. Sən demə, belə münasibət və ya mütəxəssislərin onu adlandırdığı kimi, sağlam sosial əlaqələr qızların ömrünü nə az, nə çox - az qala 2 dəfə uzadır. Alimlər müəyyənləşdirib ki, çoxlu sayda insanla ünsiyyət qadınları sağlamlıqlarının qeydinə daha çox qalmağa, özünə fikir verməyə vadar edir.

3. Sən demə, ailələrin dağılmasına ən elementar şeylər də səbəb olur. Amerika mətbuatı yazır ki, Nyu-York alimlərinin araşdırması cütlük arasında xüsusilə kişilərin pintiliyi üzündən mübahisələrin yarandığını, hətta boşanmalaradək gedib çıxdığını üzə çıxarıb. Evdə daim ətrafa atılmış corablar, köynək, qalstuk və sair qadınları qıcıqlandırır. Son sorğu isə göstərir ki, daha çox qalmaqala kişinin vanna otağındakı pintiliyi səbəb olur. Rəyi soruşulan xanımların 82%-i bildirib ki, vanna otağında səliqə-səhmana ailənin hər iki üzvü riayət etməli olsa da, kişilər bunu qulaqardına vurur. Xüsusilə, onların diş fırçasını hara gəldi atması, həmçinin diş pastasının ağzını açıq qoyması, çanağın ətrafına tökülmüş diş pastasını təmizləməməsi xanımları son dərəcə əsəbləşdirir. Bu məqamların boşanmaya səbəb olması hallarına heç də nadir halda rast gəlinmir.

4. Vaşinqton Universitetinin alimi konkret şəxslə nikahın uğurlu olub-olmayacağını 100% müəyyənləşdirməyə imkan verən düstur kəşf edib. Amerika mətbuatının yazdığına görə, riyaziyyatçı professor Ceyms Mürrey bu düsturun cütlük arasında nikahın nə qədər uğurlu alınacağını 100% üzə çıxartdığına əmindir. Onun sözlərinə görə, cütlüyün söhbətində özünəməxsus cəbr düsturu var və oraya mənfi 4-dən müsbət 4-dək rəqəmlər daxildir. «Dəli» sözü mənfi 4-lə qiymətləndirilir. Gülüşə səbəb olan hər hansı zarafata görə isə müsbət 2 xal hesablanır. Məhz bu əsasla cütlük arasındakı söhbətləri «rəqəmlərə vuraraq» xoşbəxtlik ehtimalının faizini müəyyənləşdirmək mümkündür.

5. İspaniyalı alimlər qarnı üstə yatmağın insan orqanizminə zərərini üzə çıxarıb. Yerli mətbuatın yazdığına görə, alimlər qarnı üstə yatmağa üstünlük verən insanlarda daxili orqanların sıxıldığını, bunun xüsusilə sidik kisəsinə aid olduğunu bildirir: «Bu, seksual problemlərin yaranmasına aparıb çıxarır». Onurğa sütunu ilə bağlı problemi olan insanlar üçün isə bu cür yatmaq ikiqat ziyandır: «Qadınların qarnı üstə yatması isə onların döş qəfəsində də problem yaradır. Döşlər sıxılır, nəticədə dəri dartılır və qırışlar əmələ gəlir». Yaponiyalı alimlər də qarnı üstə yatmağın zərərini araşdırıblar. Onların sözlərinə görə, bu, sifət dərisində qırışlar yaradır, əvvəl-əvvəl bu problem hiss olunmasa da, sonradan qırışlar daha ciddi şəkildə özünü göstərir: «Bu zaman qırışların səbəbini heç kim başa düşmür». Bir sözlə, alimlər hesab edir ki, kürəyi üstə yatmaqla həm salğamlığı, həm də gözəlliyi qorumaq mümkündür.


Tarix: 25.11.2014 / 18:32 Müəllif: Aziza Baxılıb: 82 Bölmə: Maraqlı Melumatlar