beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kəbirli eli

Elin tarixi
Kəbirli eli orta çağda oymaq kimi Cavanşir elinin tərkibində olub. Bilginlər arasında biçimlənən rəyə görə kəbirlilər Xəzər ulusuna qatılan Kəbər oymağının qalığıdır. XVII yüzildə Kəbirli oymağı Cavanşir elinin tərkibindən çıxaraq müstəqil elə çevrildi. Tərkibində bir neçə oymaq vardı. 1722-ci ildə qiyamçı əfqan qoşunu hücum edib Səfəvi dövlətinin paytaxtını tutur. Osmanlı sultanı III Əhməd də Qızılbaş məmləkətindən ərazi qoparmaq məqsədilə yürüşə hazırlaşır. Tutarlı bəhanə bulan kimi orduya hücuma keçməyi əmr edir. 1724-cü ildə çoxsaylı Osmanlı ordusu Qarabağa girdi. Gəncə-Qarabağ bəylərbəyi azsaylı qoşunla sərhədi savuna bilmədi. Osmanlılar bir-iki həmlə-hücumla Gəncəni alıb Qarabağa yiyələndilər. Şair Izzət Rumi bu münasibətlə "Tarixi-fəthi-Gəncə" adlı bir mənzum tarixçə yazıb. Tarixçədə deyilir:

Mən bu fəthü nüsrətin Izzət, dedim tarixini: "Aldı əcəmdən Gəncəni Xan Əhmədi-valihiməm"

Böyük torpaq sahibləri, mal-mülk yiyələri, seçkin sultanlar, bəylər Arazı adlayıb güneyə sığındılar. Qarabağ bir sürə Osmanlıların əlində qaldı. Qarabağın valisi Əli paşa idi. 1727-ci ildə bağlı "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə kəbirlilər haqqında bilgi var.Oxucu marağını nəzərə alıb həmin bilgini yazımızda verməyi gərəkli bildik. "Kəbirli camaatı.Xəzinəyə (ildə) on dörd min quruş ödəyən bu camaat çoxsaylı bir tayfadır. 1139 (1727)-cu ildə şahsevənlərin yaratdığı qarışıqlıq nəticəsində dağınıq düşmüşdür. (Aşağıda qeyd olunanlar Kəbirli camaatının) parəkəndə düşənlərinin Cavanşir (tayfasına) daxil olmuşudur. Kazım Məhəmməd oğlu, (Kazımın oğlu) Məhəmmədrəfi, Əxiibad Məhəmməd oğlu, Hüseynxan Allahverdi oğlu, (Hüseynxanın) oğlu Allahverdi, (Allahverdinin) oğlu Talıb, Haqverdi Əlizaman oğlu, Əlipənah Əlizaman oğlu, Əli Məlikəsəd oğlu, Hümmətəli Məlikəsəd oğlu, Məhəmmədxan Məhəmməd oğlu, Yarəli Xanməhəmməd oğlu. Doluxan Hacı Əli oğlu, Aşıqəli Hacı Əli oğlu, Molla Əli Hacı Qələnlər oğlu, (Molla Əlinin) oğlu Məhəmmədyar, Iskəndər Hacı Qələndər oğlu, Mehralı Seyid oğlu, (Mehralının) oğlu Allahverdi, Məhəmmədəli Seyid oğlu, Əlimərdan Əli oğlu, Məhəmmədxan Əli oğlu, Ocaqqulu Ədil oğlu, (Ocaqqulunun) qardaşı Ismayıl, Qasıməli Ocaqqulu oğlu". (Bax: Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri, Bakı, "Şuşa" nəşriyyatı, səh.466-467). 1728-ci ildə Tiflis əyalətinin Baydar nahiyəsində Cavanşir-Kəbirli adlı camaat yaşayırdı. (bax: Tiflis əyalətinin müfəssəl dəftəri, Bakı, "Pedoqoqika" nəşriyyatı, səh.45) Xorasanda işğalçı əfqanlara qarşı mübarizəyə başlayan Nadirqulu xan Qırxlı-Avşar qələbə qazanıb, tez bir zamanda Iranı, Azərbaycanı istilaçılardan təmizlədi. 1734-cü ildə Qarabağa hücuma keçdi. Aşağı hissəsini bir hücumda alıb paytaxt Gəncəyə irəlilədi. Şəhəri səkkiz ay yarımlıq bir mühasirədən sonra aldı. Osmanlıları qovub Qarabağdan çıxırdı. Nadirqulu xan parlaq zəfərlərdən sonra Muğana gəlib oturaq elədi. Seçkin əmirlər qurultay çağırıb Nadirqulu xanı şah seçdilər. Nadir şah adı ilə taxta əyləşən Avşar oğluna xəbər çatdırdılar ki, Qarabağ bəylərbəyi Uğurlu xan Ziyadoğlu-Qacar sənin şah olmağını istəmirmiş. Bu xəbərdən qəzəblənən şah öncə Uğurlu xanı öldürmək istədisə ulu uruq olduğunu düşünüb fikrindən daşındı. Lakin yamanlıq etməyi ağlından çıxarmadı. Nadir şah dövlətində yeni inzibati-ərazi sisteminin əsasını qoydu. Səfəvilərdən qalma bəylərbəyiliyi ləğv edib 3 əyalət yaratdı. Bu əyalətlərdən biri Dərbənddən başlayıb Qaplankuhda bitən Azərbaycan idi. Azərbaycana qardaşı Ibrahimzaman xanı başçı qoydu. Bununla ürəyi soyumayan Nadir şah Xəmsə məliklərini saraya tabe etdi. Qapanat, Çulundur mahallarını Qarabağdan ayırdı. Cavanşir, Otuziki və Kəbirli ellərini Xorasana sürdü. Uğurlu xanın idarə meydanı daraldı.

Kəbirlilər Xorasanın Sərəxs yörəsində məskunlaşdılar. Sərəxs yörəsində cavanşirlərlə iç-içə yaşayan kəbirlilərin böyüyü Hacı Əli bəy Kəbirli idi. Hacı Əli bəyin kürəkəni Pənahəli bəy Sarıcalı sarayda vəzifə tutduğundan öncə vəziyyətləri yaxşı idi. Sonralar Pənahəli bəyin saraydan qaçmağıyla bağlı gözümçıxdıya salındılar. Şah elçilərinin biri gəlib, biri gediridi. Israrla Pənahəli bəyin yerini soruşurdular. Hacı Əli bəy qürbətdə dünyasını dəyişdi. Kəbirlilərin başına Hacı Əli bəyin oğlu Hacı Səhliyalı bəy keçdi.Hacı Səhliyalı bəy qınaq, qorxu altında öz uruğunu və Pənahəli bəyin ailəsini qorumalı oldu.

1747-ci ildə Nadir şah qəsd nəticəsində öldürüldü.Hacı Səhliyalı bəy kəbirliləri və Pənahəli bəyin 15 yaşlı oğlu Ibrahimxəlil ağanı da götürüb Qarabağa döndü. Hacı Səhliyalı bəy Qarabağa dönər-dönməz Pənahəli xana dayaq durub, xanlığın qurucularından biri oldu. Şəki hakimi Hacı Çələbinin hücumunun dəf olunmasıda özəl səy göstərənlərdən biri də Hacı Səhliyalı bəy idi. Xanın ən sadiq silahdaşları sırasında kəbirlilər sarıcalılardan sonra önəmli yer tuturdular. Pənahəli xan Sarıcalı-Cavanşir yüksək vəzifələri bölüşdürərkən kəbirlilərə layiqli yer verdi. Hacı Səhliyalı bəyin oğulları Hacı Hüseynəli bəy və Əli bəy Ibrahimxəlil xanın etibarlı dayaqlarından sayılırdılar. Xanın çətin anlarında güvənci dayısı uşaqları idi. Ibrahimxəlil xanın yaxınları arasında başqa Kəbirli bəyləri də vardı. Mirzə Haqverdi, Mirzə Allahqulu, Xacə Həsən Əcəmoğlu, Kərbəlayı Hüseyn bəy, Həsən bəy və digərləri sarayda, dövlət işlərində yüksək vəzifələr tuturdular.

1806-cı ildə Ibrahimxəlil xan Cavanşirin son anlarında yanında Hacı Hüseynəli bəy, Mirzə Haqverdi və Xacə Həsən Əcəmoğlu vardı. Onlar da rusların xaincə gülləbaranında dünyalarını dəyişdilər. Hacı Hüseynəli bəyin oğulları Fərzalı bəy, Mirzalı bəy, Hacı bəy və qardaşı Əli bəyin oğulları Səfərəli bəy, Kəlbəli bəy, Alı bəy dövlət işlərində mühüm vəzifələrə yiyələnmişdilər. Mirzalı bəy Ikinci Kəbirli mahalının naibi idi. Qarabağda rusların hakimiyyəti zamanında da kapitan rütbəsində öz vəzifəsini ifa edirdi. Fərzalı bəyin oğulları Məhəmmədəli bəy, Ismayıl bəy, Kərim bəy də Ibrahimxəlil xanın oğlu Mehdiqulu xanın ağanın dönəmlərində vəzifə tutmuşdur.Məhəmmədəli bəü öncə divanbəyi, sonra Birinci Kəbirli mahalınınnaibi olmuşdu. Hacı Hüseynəli bəyin üçüncü oğlu Hacı bəy də xanlığın sayılan-seçilən adamlarından idi. Oğlu Mehdi bəy böyük mülk yiyəsi olmaqla yanaşı, ədəbiyyata bağlıydı. Qarabağın seçkin şairləri arasında onun də adı var. Çağdaşları Zakir, Şa+kir və başqaları kimi o da həcv yazmağa həvəsliydi.Dörünün ünlü adamları ilə yazışmaları qalıb. Hacı bəyin digər oğlu Cəfər bəy Qarabağ atlı alayında xidmət etmişdi. Praporşik rütbəsi almışdı. Hacı bəyin üçüncü oğlu Hümbətəli bəy mülklərinin idarəsi ilə məşğul idi. Mirzə Haqverdi bəyin oğulları Mirzə Əli, Mirzə Məhəmmədkərim, Mirzə Məhərrəm və Rüstəm bəy xanlıqda vəzifə tutmuşdular. Mirzə Əli ali dini və dünyəvi təhsil almışdı. Şuşa şəhərinin qazısı olmuşdu. Şair idi. Oğlu Mirzə Əbülqasım atasını qazılıqda əvəz etmişdi. O də qələmini sözdə sınamışdı. Mirzə Əlinin digər oğlu Mirzə Haqverdi də xoştəb şair idi. Üçüncü oğlu Yusif bəy dövlət işlərində çalışırdı. Mirzə Məhəmmədkərim də ali savad almışdı. Mehdiqulu xanın yaxınlarından sayılırdı.Mirzə Məhəmmədkərimin oğlu Mirzə Əbdülkərimin kollec qeydiyyatçısı mülkü çini vardı. Şuşa qəza məhkəməsində katib işləmişdi. Qardaşları Əbdüləzim bəy və Əsəd bəy rus üsul idarəsi dönəmində üzdə olan adamlardan sayılırdılar. Əsəd bəyin oğlu Əbdürrəhim bəy Haqverdiyev Azərbaycanın böyük yazarları cərgəsindəndir. Mirzə Haqverdi bəyin digər oğulları Mirzə Məhərrəm və Rüstəm bəy dövlət idarələrində vəzifə tutmuşdular


Tarix: 13.01.2015 / 18:20 Müəllif: Feriska Baxılıb: 301 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎