Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Trabzon məsələsi

Hər tərəfdən düşmənlərlə əhatə olunmuş bu kiçik dövlətin başçısı öz müttəfiqlərini Osmanlı imperiyasının Avropaya doğru genişlənməsindən qorxuya düşən qərb dövlətləri arasında axtarır.Uzun Həsən Osmanlı imperiyası, Venesiya Respublikası, Böyük Moskva Knyazlığı, Qızıl Orda, Polşa, Avstriya, Macarıstan, Çexiya, Almaniya, Papalıq, Burqundiya, Neopolitan Krallığı, Rodos, Kipr, Qaraman bəyliyi, Misir, Hindistan və başqa dövlətlərlə diplomatik münasibətlər saxlamışdır. Uzun Həsən öz müşavirləri vasitəsilə bir neçə Avropa ölkəsi ilə ona odlu silah yardımı göstərilməsi barədə danışıqlar aparır. Həmin yardım Qara dəniz və Aralıq dənizi vasitəsilə Uzun Həsənin müttəfiqi, Ağqoyunlu tayfaları ilə qədimdən əməkdaşlıq edən və Qaraman bəyliyinin qərb sərhədlərində yerləşən yunan Trapezund imperiyası üzərindən keçib gəlməli idi.

Osmanlılar bunun qarşısını almaq istəyir və 1453-cü ildə Fateh II Mehmet tərəfindən Konstantinopol işğal olunduqdan sonra Trapezund imperiyasını məhv etmək qərarına gəlirlər. Uzun Həsən buna mane olmaq istəsə də, Osmanlı qoşunlarının Ağqoyunlu ərazisinə müdaxiləsi onu məcbur edir ki, sülh xahişi ilə onlara müraciət etsin. Osmanlıların Yastıçəmən yaylağında yerləşən düşərgəsinə Uzun Həsənin anası Sara xatunun başçılığı ilə elçilər yollanır. Sara xatun mahir bir diplomat kimi öz ölkəsindən çox-çox uzaqlarda da tanınmışdı. O, bu dəfə də öz vəzifəsinin öhdəsindən gəlir – sülh bağlanır. Bu sülhün şərtlərinə görə, Uzun Həsən osmanlıların Trapezundu işğal etməsinə mane olmamalı, osmanlılar isə onun dövlətinin ərazisindən çıxmalı idilər.

Uzun Həsəni neytrallaşdırmaq üçün II Mehmet Trapezund üzərinə hücuma keçərkən Sara xatunu və onun başçılıq etdiyi heyəti də özü ilə götürür. 1461-ci il oktyabrın 26-da Trapezundun mühasirəsi qələbə ilə nəticələnir. Sara xatun sultanı inandıra bilir ki, Trapezund çarlığının xəzinəsindəki sərvətin bir hissəsi onun gəlini Dəspinə xatuna çatmalıdır və həmin iri məbləği də götürüb, özü ilə vətənə aparır. Ağqoyunlu dövləti Qara dənizdən keçən ənənəvi ticarət yolunu itirmiş olur. Bundan sonra osmanlılar Uzun Həsənin digər bir müttəfiqini – Qaraman bəyliyini də tutub, onu faktiki olaraq Aralıq dənizinə çıxışdan da məhrum edirlər.


Tarix: 13.01.2015 / 16:07 Müəllif: Feriska Baxılıb: 91 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...