beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seyid Əli Orlatın Naxçıvan yürüşü

"Zəfərnamə"lərə görə məhz Əmirzadə Əmiranşah tərəfindən Şəkinin talan etdirilməsinə cavab olaraq Seyid Əli Orlat Sultan Tahiri teymurilərin mühasirəsində olan Alıncaq qalasından çıxartmaq üçün gürcülərlə birlikdə ora yürüş etmişdir.

Naxçıvan şəhəri yaxınlığındakı həmin istehkamda Cəlairlərin illər boyu topladıqları böyük bir xəzinə saxlanılırdı və qala neçə il idi ki, Sultan Əhmədin oğlu Sultan Tahir və Cəlair əmirlərindən Əmir Altunun başçılığı ilə Əmir Teymurun qoşunlarından müvəffəqiyyətlə müdafiə olunurdu. Teymuri əmirləri növbə ilə Alıncaq qalasını mühasirə etməkdə idilər və son nəhayətdə bu iş Əmir Teymur tərəfindən Hacı Seyfəddinin oğlu Sultan Səncərə və Əmirzadə Əmiranşahın məxsusi qoşunlarına tapşırılmışdı.

O dövrlərdə Alıncaq qalasını görmüş İspaniya səfiri Klavixo (vəfatı:1412) onu belə təsvir edib:

"O dağın başında yerləşib, divar və bürclərlə əhatə olunub, divarlardan içəridə isə çoxlu üzümlüklər, bağlar, becərilmiş sahələr, çoxlu su və otlaqlar; dağın lap başında isə qəsr durur"
Bu ərəfələrdə, Alıncaq qalası daxilində nizam-intizam xeyli zəifləmişdi. Qalanın müdafiəsinə məsul olan şəxslər bir-birləri ilə yola gedə bilmirdilər. İbn Ərəbşahın yazdığına görə, hətta iş o yerə gəlib çatmışdı ki, qalanı müvəqqəti tərk etmiş Əmir Altun geri döndükdə onu içəri buraxmamışdılar[9].

Həmin illərdə Sultan Əhməd Cəlayırin əlində yalnız Bağdad və İraq-i Ərəbin bir hissəsi qalmaqda idi. Lakin Gürcü çarı Georgi hələ də Cəlairlərin ali hakimiyyətini tanıyırdı və Tiflisdə kəsdirdiyi sikkələr üzərində Sultan Əhmədin adını öz adından əvvəl vurdururdu. Yəqin ki 1399-cu ilin başlanğıcında gürcülərlə Şəki hökmdarının Alıncaq qalasına birlikdə etdikləri hücumun sifarişçisi də Sultan Əhməd idi və bu işdə əsas məqsəd isə Əmir Teymurun gözlənilən növbəti İran yürüşünə qədər, xəzinənin oradan çıxarılması imiş.

Gürcülərlə Şəki hökmdarının qoşunları Alıncaq istehkamına yaxınlaşanda o vaxta qədər qalanı mühasirədə saxlayan teymurilər qalanın ətrafından çəkilməyə məcbur olurlar və Sultan Tahir xəzinəni də götürüb qaladan çıxır.

Sultan Səncər isə Təbrizə gedir və hadisə barədə Əmiranşaha məruzə edir.

"Həmin saat Əmirzadə Əmiranşah Əmirzadə Əbubəkrə, hazır ləşgərlərlə ilğar (çevik hücum), buyurub, Seyid Əlinin dəfinə göndərdi".

Seyid Əli Orlatın həlak olması
Müttəfiqlər geri qayıtmaqda ikən yolda Miranşahın oğlu Əbubəkr mirzənin başçılığı altında Təbrizdən "ilğar" edən ordu arxadan onlara çatır. Müttəfiqlər bunu görən kimi geri dönüb teymurilərin üstünə gedirlər. Seyid Əli Orlat isə mərkəzdən irəli çıxıb intiqam almaq üçün gənc Əbubəkr mirzəni üstünə şığıyır. Lakin bu zaman, təsadüfən, Əbubəkr mirzənin atdığı oxlardan biri Seyid Əlinin dəbilqəsinin zireh ətəyini deşərək boynuna sancıldı və

"həmən bir yaraya minik heyvanının (–atının?) belindən yıxıldı və həlak oldu."

Bu uğursuzluğa baxmayaraq, müttəfiqlər hücumu davam etdirirlər və Əbubəkr mirzənin ordusunu qaçmağa məcbur edirlər.

Əbubəkr mirzə özü sağ-salamat Təbrizə – Əmiranşahın yanına, qayıdır və bundan sonra onlar bir adamı Əmir Teymurun yanına yollayırlar ki, onu da son hadisələrdən xəbərdar etsinlər.


Tarix: 13.01.2015 / 13:54 Müəllif: Feriska Baxılıb: 75 Bölmə: Azərbaycan xanlıqları