beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəki xanlığının yaradılması

1743-cu ildə Nadir şah Şirvandan cıxandan sonra burada yenidən onun əleyhinə çıxışlar başlanır. Hacı Çələbi bundan istifadə edərək, başındakı sadiq adamlarla birlikdə Nadir şahın canişini məlik Nəcəfin iqamətgahına hücum çəkərək, onu öldürür. Bundan sonra o, Şəkini müstəqil bir xanlıq elan edir. Fuad Əliyev bu barədə belə yazır:

"Bununla da Azərbaycan ərazisində kiçik dövlət qurumlarının-mustəqil xanlıqların yaranması prosesi başlanır. Belə bir fakt da diqqətə layiqdir ki, əgər müstəqil xanlıqların əksər qismi Nadir şah dövlətinin süqutundan sonra yaranmışdırsa, Şəki xanlığı özünün istiqlaliyyəti məsələsini hələ onun hakimiyyəti illərində qaldırmışdır."

1744-cü ilin qışında Nadir şah öz qoşununu qiyamçı Hacı Çələbinin üzərinə göndərir. Hacı Çələbi isə bunu irəlicədən gördüyü üçün şəkililəri geri çəkilib, Nadir şahın hücumundan sonra Gələrsən-Görərsən qalası adlandırılan möhkəmləndirilmiş və təchiz olunmuş məşhur qalada gizlənməyə çağırır.

Nadir şah dayanmadan, 15 minlik secmə qoşunu ilə qalanın üzərinə yeriyir. Ancaq heç üç gün keçməmiş o, hətta mühasirə də qurmadan geri çəkilməli olur. Şəkililər tez-tez qaladan qəfil çıxışları ilə Nadir şahın qoşununa ciddi zərbələr vururlar. Bu hucumların birində Nadir şahın özü də az qala öləcəkdi. Şəkililər böyük qənimət əldə edirlər. Nadir şah qoşununu Bərdəyə çəkir. Orada möhkəmləndikdən sonra 30 minlik qaşunla 1744-cü ilin sonunda Dərbəndə yola düşür. Fevral ayında o, yenidən Hacı Çələbinin üzərinə gəlir. Gələrsən-Görərsən qalasının mühasirəsi yenidən heç bir nəticə vermir. Bundan qəzəblənən Nadir şah qədim Şəkini və onun ətrafındakı kəndləri yandırıb külə döndərir. Qəhrəman şəkililər az qala üç il özlərini Gələsən-Gorəsən qalasında ağır məhrumiyyətlərə düçar edib, Nadir şahın hər cəhətcə üstün ordusuna müqavimət göstərirlər. Nəhayət, 1746-cı ilin martında Hacı Çələbini Nadirlə muqavilə bağlayır. Nadir şah Nəcəfin bir qohumunu Şəkiyə məlik təyin edir, lakin eyni zamanda Hacı Çələbiyə də məlik səlahiyyəti verir və ona xeyli xərac gondərir. Bu, artıq Hacı Çələbini qələbəsi demək idi. Cunki ustundən bir il kecəndən sonra Tiflis, Gəncə, Naxçıvan və İrəvan Nadir şahdan üz döndərəndə Hacı Çələbi artıq Nadir şahın əleyhinə yeni çıxışlara başlamaq üçün hazır idi.

Hacı Çələbinin şöhrəti, habelə onun qoşunlarının səfərbərliyi və silahlanma səviyyəsi o qədər artır ki, Qafqazın ən müxtəlif vilayətlərindən ona kömək üçün müraciətlər olunur. Belə ki, məxəzlərdən birində qızılbaşlar qarşısında əndişə duyan gəncəlilərin Hacı Çələbiyə müraciət etməsindən sonra 1748-ci ilin yay aylarında onun Əli xanla oraya getməsi və orada qalması göstərilir.

"Pənahəli bəy xan rutbəsinə layiq goruldukdən və 1748-ci ildə Bayat qalasında tikinti işlərinə başladıqdan sonra onunla düşmənçilik edən qonşuları kömək üçün Hacı Çələbiyə müraciət etdilər. O dövrün tanınmış tarixçisi Mirzə Adıgözəl bəyin yazdığına görə, onlar suverenlik qazanmış və eyni zamanda Şirvanın hakimi olan Şəkili Hacı Çələbiyə müraciət edirlər." Ancaq Pənah Əli xan əvvəlcədən xəbərdar edilmişdi və qalanın etibarlı müdafiəsini təşkil edə bilmişdi. Buna görə də Hacı Çələbinin dəstələri geri çəkilməli oldular. O, geri döndükdən sonra demişdi:

"İndiyə qədər Pənah xan naxışlanmamış gümüş idi. Biz isə gedib bu gümüşü zərb etdik və geri döndük."

Bundan sonra Hacı Çələbi çox vaxt da qonşularının hesabına öz xanlığının hərbi və iqtisadi qüdrətini artırmaq qayğısına qalır.


Tarix: 12.01.2015 / 16:03 Müəllif: Feriska Baxılıb: 57 Bölmə: Azərbaycan xanlıqları