Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəncə xanlığı

Tarixi
Şimali Azərbaycan ərazisində yaranmış xanlıqlar arasında Qarabağ və Gəncə xanlıqları özünəməxsus yer tuturdu. Bu xanlıqlar uzun müddət Səfəvi imperatorluğunun mühüm inzibati-ərazi vahidlərindən biri olan Qarabağ (və ya Gəncə) bəylərbəyiliyi ərazisində meydana çıxmışdı.

1747-ci ildə Nadir şah Əfşarın öldürülməsi Azərbaycanda müstəqillik uğrundakı mübarizəni daha da gücləndirdi ki, bunun da nəticəsində Azərbaycan ayrı-ayrı feodal torpaqlarına – xanlıqlara parçalandı. XVIII əsrin ortalarında belə xanlıqlardan biri də Gəncə xanlığı idi. Şahverdi xan Ziyadoğlu-Qacar Gəncənin xanı (1740-1756) oldu. Xanlığın mərkəzi Gəncə şəhəri oldu. XVIII əsrin 80-ci illərində hakimiyyətdə olan Cavad xanın (1785-1804) dövründə Gəncə xanlığı xeyli möhkəmləndi.

Gəncənin xüsusilə əlverişli mövqedə yerləşdiyini nəzərə alan Rusiya həmin ərazini ordunun dayağı kimi istifadə edərək Azərbaycanın digər xanlıqlarını da işğal etmək üçün bu ərazini seçmişdir. Rus ordusunun komandanlığı Gəncəni "İranın şimal əyalətlərinin açarı" adlandırırdı. General Sisianov yazırdı ki, Gəncə qalası özünün əlverişli coğrafi mövqeyi ilə Azərbaycan ərazisində xüsusi rol oynayır, ona görə də Rusiya üçün onu tutmaq ən önəmli məsələdir.

Cavad xana təslim olmağı bir neçə dəfə təklif edən Sisianov hər dəfə rədd cavabı aldı. 1803-cü il noyabrın 20-də General Sisianov Tiflis istiqamətindən Gəncəyə sarı hərəkətə başladı, qoşun dekabr ayında Gəncə qalasına gəlib çatdı. Qalanın almağı çətin olduğunu başa düşən Sisianov, müəyyən hazırlıqdan sonra, 3 yanvar 1804-cü ildə səhər saat 5-də hücum əmri verdi ağır döyüşdən sonra ruslar qalanı aldılar. Bu döyüşdə Cavad xan və iki oğlu qəhrəmancasına həlak oldu. Gəncə müharibəsində yaralılardan savayı, iki mindən çox adam həlak olmuşdu, on səkkiz minədək adam isə əsir tutulmuşdu. Bu işğaldan sonra Gəncə şəhərinin adı Aleksandrın arvadı Yelizavetanın şəhərinə dəyişərək Yelizavetpol qoyuldu.


Tarix: 12.01.2015 / 18:30 Müəllif: Feriska Baxılıb: 273 Bölmə: Azərbaycan xanlıqları
loading...