beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirvan xanlığı Tarixi

Şirvan xanlığını 1747-ci ildən Nadir şah Qırxlı-Avşar tərəfindən bu yörəyə vəkil təyin edilmiş Hacı Məhəmmədəli xan Sufi Nəbi oğlu Zərnəvai idarə edirdi.

Hacı Məhəmmədəli xan oturaq əyan-əşrəfin nümayəndəsi idi. Köçəri əmirlər onun başçılığı ilə barışa bilmirdilər. Xançobanlı elindən çıxmış Əsgər bəy Allahverdi bəy oğlu ona qarşı mübarizəyə başladı.

Tarixçi Abbasqulu ağa Bakıxanov yazır: "Hicri 1178-ci (1765) ildə Əsgər bəyin oğlanları Məhəmmədsəid xan və Ağası xan elat arasında Vəkildən (Kərim xan Zənddən-Ə. Ç.) xanlıq ləqəbi qazanıb Ağsu şəhərini aldılar və cahi-cəlalı sevib dinc yaşamaq istəyən Hacı Məhəmmədəli xanı öldürdülər".

Bu iki qardaş qədim zamanlardan Şirvanın paytaxtı olan Şamaxını bərpa edib, ora köçdülər. Lakin, paytaxtlarından nəsiblərini almamış, təcavüzə uğradılar. 1767-ci ildə Quba hakimi Fətəli xan Şəki hakimi Məhəmmədhüseyn xanla birləşib, Şamaxıya hücum etdilər. Şəhərin mühasirəyə tablamayacağını bilən qardaşlar təslim olmağı lazım bildilər. Məhəmmədsəid xan Fətəli xanın, Ağası xan Hüseyn xanın yanına getdi. Hüseyn xan Ağası xanı kor etdi. Fətəli xan isə Məhəmmədsəid xanı dustaq edib Dərbənd şəhərinə göndərdi. Paytaxtı yenidən Ağsuya köçürdülər.

1780-ci ildə Quba xanı Qarabağa hücum etdi. O, bu yürüşə Tarku şamxalını və Şamaxı xanını da qatmışdı. Fətəli xanın 8000 nəfərlik qoşunu Kür çayını keçərək Qarabağ üzərinə yeridi. İbrahimxəlil xan Cavanşir muzdluların haqqını vaxtında ödəmədiyi üçün yardımına yetən olmadı. Birləşmiş qoşunlar xanlığın bir neçə kəndini və obasını qarət edib xeyli mal-heyvanla geri döndülər.

İbrahimxəlil xanın Şirvan xanına yardım etməsi Fətəli xan Qubalı ın xoşuna gəlmirdi. Tarixçi Abbasqulu ağa Bakıxanov yazır: "Hicri 1198 (1784)-ci ildə Fətəli xan Ağası xana kömək edən İbrahim xanın üzərinə getdi, Ağdamı dağıtdı və Qarabağın aşağı mahallarını talan etdi".

1785-ci ildə Ağası xanın böyük oğlu Əhməd bəy Ibrahimxəlil xanın qardaşı Mehrəli bəy Sarıcalı-Cavanşiri öldürdü. Ibrahimxəlil xan qardaşı ilə arası olmasa da, bu hadisə iki xanlıq arasında sərinliyə səbəb oldu. Tarixçi Abbasqulu ağa Bakıxanov yazır: "Fətəli xan hicri 1199 (1785)-cu ildə Ağası xan və onun muttəfiqi Məhəmmədhəsən xan ilə müharibə etmək qəsdilə Şirvana getmişdi. Bu zaman qardaşı qarabağlı İbrahim xandan üz çevirmiş olan Mehrəli bəu Fətəli xanın yanında idi. Bir gecə Bakıdan Şirvana getdiyi zaman, yolda Ağası xanın böyük oğlu Əhməd bəyə rast gəldi, aralarında müharibə oldu, Mehrəli bəy öldürüldü. Fətəli xan onun cənazəsini kamal-ehtiramla Qarabağa göndərdi. Bu hadisədən sonra İbrahim xanla Fətəli xan dostlaşmağa başladı. Ağası xana qarşı hər iki tərəfdən qoşun göndərildi. Ağası xan məcbur qalıb Fətəli xanın hüzuruna gəldi, oğlanları ilə bəqabəq məhbus olaraq, Qubaya göndərildi".

Ağası xan elçi göndərib Ibrahimxəlil xandan üzr istədi. Barışmaqlarını təmənna etdi. Qarabağ xanı onu bağışladı. 1786-cı ildə Ibrahimxəlil xan Cavanşir Lənkəran xanı ilə birləşib, Şirvana yürüş etdi. Onlar Məhəmmədsəid xanı kənarlaşdırıb, yerinə kor qardaşı Ağası xanı hakim qoymaq istəyirdilər.Fətəli xan Qubalı bu yürüşü eşidib Salyandan Şamaxıya gəldi. Ibrahimxəlil xana təklif etdi ki, Məhəmmədsəid xana toxunmasın. Təklif rədd olundu. Sonra böyük məbləğdə mükafat verib Qarabağ və Lənkəran xanlarının Şirvandan çəkilməsinə razı saldı. Acığını Ağası xanın üstünə tökən Fətəli xan ondan zorla 10 min manat pul aldı.

Fətəli xanın əlindən canını götürüb, qaçaraq Qarabağ xanlığına pənah gətirmiş olan Əsgər bəy, Qasım bəy və Mustafa bəy Ərəşli Şəhabəddin sultan tərəfindən tutularaq qolları qandallanmış halda Fətəli xanın sərəncamına göndərildilər. Onları Fətəli xanın elçisi Məmmədkərim bəylə Hacı Seyid bəy aparırdı.Abbasqulu ağa Bakıxanov yazır: "Bu hadisə zamanı Məhımmədsəid xanın oğlanları – Əsgər bəy, Qasım bəy və Ağası xanın oğlu Mustafa bəy Qarabağa qaçmışdılar. Ərəşli Məlikəlinin qardaşı oğlu Şəhabəddin sultan, Məhəmmədhəsən xanın əmrilə onları aldadaraq tutdu. Məhəmmədhəsən xan onların üçünü də buxovlayıb, Fətəli xanin elçisi Məhəmmədkərim bəy Hacı Səfərəli bəy oğlu və öz inanılmış adamı Hacı Seyid bəylə Şirvana göndərdi". (Bax: A. Bakıxanov, Gülüstani-Irəm, Bakı, 2001, səh.198) Tarixçi sonra qeyd edir ki, bir təsadüf nəticəsində Göyçay ərazisində Hacı Seyid bəy əsirləri azad etdi və Məmmədkərim bəyi zəncirləyib geri döndü. Bu 3 nəfər əvvəlcə Cara və oradan da Avarstana getdi. Orada da qala bilməyən xanzadələr Qarabağa və burdan isə Osmanlı dövlətinə yollandılar. 1789-cu ildə Fətəli xanın ölümünü eşidən xanzadələr az sonra Qarabağa qayıtdılar. Onlar Osmanlı sultanından Ibrahimxəlil xana mühim xəbərlər də gətirdilər.

Ibrahimxəlil xan Mustafa xanın taxta çıxmasında böyük rol oynamışdı. Bu xanlar bir-birlərinə kömək edirdilər. 1795-ci ildə Ibrahimxəlil xan Ağaməhəmməd xan Qovanlı-Qacarın Qarabağa yürüşünü eşidib müdafiəyə hazırlaşmağa başladı. Tarixçi Mirzə Camal Cavanşir Qarabaği yazır: "(Buna görə Ibrahim xan) Qarabağ ellərinin bir parasını Tiflisə, bir parasını isə Şirvan vilayətinə özü təyin etdiyi Mustafa xanın yanına göndərdi.

1796-ci ildə imperatriça II Yekaterina qraf V. A Zubovun baş komandanlığı altında Cənubi Qafqaza, Azərbaycana 30 min nəfərlik qoşun göndərdi. Qraf Zubov Dərbənd və Qubada müəyyən qələbələr əldə etdikdən sonra Bakıya gəldi.Bakı xanı Hüseynqulu xan onun pişvazına çıxdı və təltif edildi. Zubov oradan Mustafa xanın üzərində yeridi. Şirvan hakimi Mustafa xan Xançobanlı ona itaət göstərmədi və öz paytaxtını Ağsudan Fit dağına köçürdü. Onun əleyhinə Şirvanda üsyan başlandı. Xanın əmisioğlu Qasım xan Məmmədsəid xan oğlu öz kürəkəni Yüzbaşı bəy Hövzinin köməkliyi ilə Mustafa xanın üstünə yeridi. Bu iki tərəfli hücum və xəyanətin qarşısında dayana bilməyəcəyini hiss edən Mustafa xan Qarabağa, Ibrahimxəlil xanın yanına gedərək ona pənah apardı.

1796-cı ilin noyabr ayının 9-da II Yakaterina vəfat etdi və hakimiyyət kürsüsünə oğlu I Pavel əyləşdi. O rus qoşunun Azərbaycandan geri çağırdı və 1797-ci ilin aprelində qraf Zubovu vəzifədən kənarlaşdırdı. Onda Mustafa xan Şuşadan Şirvana qayıtdı və xanlığı əlinə aldı.

Mustafa xan Xançobanlı Şirvanda olan qarabağlıları geri göndərmədi. Hələ üstəlik Muğandakı Qarabağ torpaqlarını zəbt etdi.

Ibrahimxəlil xan Sisianovla aranı düzəldəndən sonra Muğan torpaqlarına və Şirvanda qalan Qarabağ obalarına görə Mustafa xana qarşı iddia irəli sürdü. Knyazla yazışmağa başlayıb, elçi göndərdi. Elçi kimi Vərəndə məliyi Məlik Cümşüdü yolladı. Onunla göndərdiyi məktubunda yazırdı: "Şirvanlı Mustafa xanladanışıqlara və onun sizə ünvanladığı tərs cavablarına gəldikdə onu aydınlaşdırmağa izn verdiyiniz üçün təşəkkür edib, alihəzrətin məktubunu almaq şəraitinə nail oldum. Hər şey haqqında xəbərim var, yəni, Mustafa xan yazır ki, Şirvanda olan Qarabağ ailələri üç hissəyə bölünüblər. Cavad və Muğan Şirvana məxsusdur. Əgər kimsə kiməsə üç ya dörd il ruzi verirsə, onda onu mənimsəmək olarmı? Əgər mənimsəmək olarsa, onda istər Mustafa xanın atası, istərsə də Mustafa xanın özü bizim süfrəmizin qırağında güzəran keçiriblər. Çünki bu nəinki Mustafa xanı, hətta onun atasını, bütün qohumları ilə birlikdə on, ya da on beş il bizim torpaqda dolanırdıq. Axırda, hətta onlara müavinət verərək onların xanlığı təsdiq edilən Şirvana göndərdim".


Tarix: 13.01.2015 / 13:43 Müəllif: Feriska Baxılıb: 200 Bölmə: Azərbaycan xanlıqları