beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alay bayrağı

İrəvan xanlığının digər bayrağının qumaş hissəsi 156 x 156 sm ölçüsündədir, zoğalı rəngli dördkünc ipək qanovuz parçadandır. Zamanın təsirindən bayraq bej rəngini almışdır. Muzeyə qəbul edilərkən tərtib edilən elmi pasportdakı qeydə əsasən həmin bayraq ağ rəngdə olmuş dördkünc qanovuz parça quranmış, ortasında üstündə təbii boyalarla Şiri-Xurşid təsvirləri çəkilmişdir. Yan tərəfdən təsvir edilən şir başını arxaya döndərmiş, qabaq sol pəncəsində qılınc tutmuş, quyruğunu belinə tərəf yuxarı qaldırmış şəkildə təqdim edilmişdir. Şirin arxasında doğan sarı rəngli Günəş və onun qızılı şuaları görünür. Şirin başı üstündə damcıvari sarı kartuşda "Əs-sultan ben əs-sultan şah Fəthəli Qacar, 1239" sözləri yazılmışdır. Bu 1239-cu il tarixi onun 1823-1824-cü ilə aid olduğunu bildirir. Bayraq qumaşının zoğalı hissəsində əmələ gəlmiş üçbucaqların hər birində yerləşdirilmiş yerliyi qara olan dörd kartuşun içərisində sarı rəngli hərflərlə aşağıdakı Quran ayələri yazılmışdır: aşağıda sağda – "Möminləri müjdələ", solda – "Kömək allahdandır və yaxın qələbə", yuxarıda sağda – "Həqiqətən biz sənə açıq-aşkar bir qələbə bəxş etdik", solda – "Mərhəmətli, rəhmli Allahın adı ilə" sözləri yazılmışdır. Bayrağın üz və astar üzlərindəki təsvirlər biri digərini təkrarlayır. Bayrağın, xüsusilə sağ tərəfdən parçası zədəlidir. Parçaya bayraq sapını taxmaq üçün tikilmiş torbacıq qırmızı mahud parçadandır. Qarağacdan düzəldilmiş uzunluğu 261 sm, kəsikdə diametri 3,8 sm olan bayraq sapı lakla örtülmüşdür. Sapın aşağı hissəsinə taxılan alt ucluğu dəmirdən konusvari formada düzəldilmişdir. Alt ucluğun uzunluğu 14,5 smdir. Burulmuş gümüşü iplərdən toxunmuş qotaz bayraq sapının başına salınmışdır.


Tarix: 13.01.2015 / 13:30 Müəllif: Feriska Baxılıb: 94 Bölmə: Azərbaycan xanlıqları