beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mustafaqulu xan Qaradağlı

Mustafaqulu xan (?-1791) – Toxmaqlı oymağının məşhur simalarından biri. Qaradağ xanı (1763-1782, 1786-1791). Kazım xan Qaradağlının oğlu, İsmayıl xan, Abbasqulu xan, Məhəmmədqulu xan, Sadatqulu xanın atasıdır.
Həyatı
Əhər şəhərində doğulmuşdu. Mükəmməl saray təhsili almışdı. 1763-cü ildə, atasından sonra Qaradağda taxta çıxmışdı. Xanlığa yiyələnəndən sonra paytaxtı Dizmar mahalının Kürdəşt kəndinə köçürdü. Kürdəşt kəndində ərzaq və sursatla tam təmin olunmuş qala vardı. Mustafaqulu xan Xoy qalasının zindanında yatıb. 1786-cı ildə Əhməd xan Dünbilinin öldürülməsi ilə bağlı azad olunmuşdu. Qaradağ xanlığı savaş zamanı yenilib, Qarabağ xanlığından asılı vəziyyətə düşmüşdü. Bu savaş haqqında tarixçi Mirzə Adıgözəl bəy Qarabaği yazır: "O (İbrahimxəlil xan Sarıcalı-Cavanşir -- Ə.Ç) öz qoşunu və zəfər nişanəli Dağıstan əsgərlərinin köməyilə Qaradağ mahalını aldı və Kürdəşt vilayətini… alt-üst etdi. Bu vilayətin divar, bürc və hasarlarının xarabalıqları indi də durur. Əhalisi qaçıb Əhərdə yerləşdi. Kürdəşt xanı Mustafa xan isə əsir düşdü. Qaradağ-Qarabağ savaşı barəsində tarixçi Mirzə Yusif Qarabaği yazır: "İbrahimxəlil xan Qaradağ vilayətini də həmin ləzgi qoşununun köməyi ilə zəbt etdi. Araz kənarında bir çox binaları və avadanlıqları olan və eyni zamanda Qaradağ vilayəti hakiminin əyləşdiyi yeri – Guruşt qalasını (Kürdəşt qalası-Ə.Ç.) dibindən dağıdıb yerlə-yeksan etdi, oranın əhalisini başqa vilayətlərə köçürərək pərən-pərən saldı. İbrahimxəlil xan Guruşt (Kürdəşt-Ə.Ç.) hakimi Mustafa xanı tutub özü ilə gətirdi və Şuşa qalasında həbs etdi. Qaradağın bəzi mahallarını hədiyyə və bəxşiş olaraq sərkərdələrinə bağışladı ki, onun gəlirindən və xeyrindən istifadə etsinlər. Tarixçi Əhməd bəy Cavanşir də bu savaş haqqında danışıb. O yazır: "İbrahim xan Qaradağlı Mustafa xanın Qarabağ üzərinə hücum etməsindən xəbər tutub Naxçıvanın mühasirəsindən əl çəkib və geri çəkilməyə hazırlaşır. Lakin Kəlbəli xan onun köməyinə gələn müttəfiqlərdən xoylu Cəfərqulu xan, balbaslı Məhəmmədşərif sultan və başqaları ilə birlikdə Qarabağlılar üzərinə yürüyüb süvariləri geri çəkilməyə məcbur edir, piyada qoşunu əzir və düşərgəyə soxulurlar. Məhəmməd bəy (Sarıcalı-Cavanşir--Ə.Ç.) az miqdarda nökərlərlə onların qarşısına çıxır və düşmənlərin hücumunu dayandırır, təkbətək vuruşmada Məhəmmədşərif sultanı öldürür və axşama qədər vuruşmanı davam etdirib ara-sıra müvəffəqiyyət qazandırıb, nəhayət, onları geri çəkilməyə məcbur edir. Gecə İbrahim xan da geri çəkilir. Məhəmməd bəy isə bir neçə nəfər nökərdən ibarət kiçik bir dəstə ilə 100 verstdən çox at çapıb, ertəsi gün axşamçağı Araz çayı sahilində hücumdan qayıdan Qaradağlıların yolunu kəsir, onların bütün talayıb gətirdikləri qəniməti, əsirləri, Mustafa xanın öz xüsusi yüklərini əllərindən alır və təkbətək vuruşmada başçılardan biri olan Səfərqulu bəyi öldürür, onun ardınca meydanda qardaşı Məhəmmədvəli sultanı yaralayıb əsir tutur. Bir müddətdən sonra İbrahimxəlil xan Sarıcalı-Cavanşir Mustafaqulu xanı bağışlayıb yenidən Qaradağa hakim təyin edir. Mustafaqulu xan zindanda olduğu dönəmdə yerinə taxta əyləşən oğluna maneçilik etdiyi üçün qardaşı Nəcəfəli xanı tutmasını İbrahimxəlil xandan xahiş edir. İbrahimxəlil xan Nəcəfəli xanı tutub Şuşa şəhərində zindana atır. Mustafaqulu xan Qarabağ xanının müttəfiqi idi. 1786-cı ildə rus qoşunlarının baş komandanı Qlaxa Sasanovu İbrahimxəlil xanın yanına göndərmiş və onun İranla münasibətini öyrənmək istəmişdi. İbrahimxəlil xan ona bildirmişdi ki, o, Xoy və Qaradağ xanları ilə birlikdə Təbriz üzərinə yürüş etmək fikrindədir. Osmanlı sultanı 1788-ci ildə Mustafaqulu xana hökm göndərib Rusiya dövlətinə qarşı yürüşə çağırırdı. Mustafaqulu xan sonra İbrahimxəlil xanın vassallığından çıxıb Ağaməhəmməd xan Qovanlı-Qacarla əlaqə qurdu. 1791-ci ildə Təbrizə doğru irəliləyən Ağaməhəmməd xan yolu üstündəki Seyidabad adlı yerdə dayandı və xanlara elçilər göndərərək, öz uşaqları, qardaşları və arvadlarını ona itaət əlaməti olaraq girov göndərmələrini tələb etdi. Naxçıvan xanı öz qardaşını, Xoy xanı arvadlarından birini və qardaşını, Təbriz xanı 15 əyanını və varlı adamını, Ərdəbil xanı arvadını və qardaşını, Qaradağ xanı öz arvadını və oğlunu girov verdi. Marağa xanı öz arvadı və uşaqları, Şəqaqi Sadıq xan isə öz qoşunu ilə birlikdə Ağaməhəmməd xanın düşərgəsinə gəldilər. Ağaməhəmməd xan xanların üzərinə illik xərac təyin etdi. Qars mühafizi Nüman paşanın yazdığına görə, Ağaməhəmməd xan Təbrizə 6 saatlıq məsafədə olan Müşkənbər (Qaradağdadır-Ə.Ç.) çölünə gələrək Azərbaycan xanlarından Qaradağlı Mustafa xanı, Marağalı Əhməd xanı, Xoylu Hüseynqulu xanı, Urmiyalı Məhəmmədqulu xanı və bəzi bir neçə ayrı xanları özünə itaətə razı salmışdı.


Tarix: 10.01.2015 / 16:55 Müəllif: Feriska Baxılıb: 128 Bölmə: Azərbaycan xanlıqları