Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabağ xanlığı İbrahimxəlil xan dövründə

İbrahimxəlil xan dövründə Qarabağ xanlığı çox böyük sürətlə inkişaf edirdi. Ağıllı və savadlı adamlar üçün ölkədə hər cür şərait yaradılır və sərbəst fəaliyyət göstərmək imkanı verilirdi. Şuşada elm, mədəniyyət və incəsənət işçilərindən ibarət ziyalı sinfi yaranırdı. Şəhərdə tikinti işləri geniş vüsət almışdı. Şuşa abadlaşır, xan sarayları, yaşayış evləri, qala divarları tikilir, yeni-yeni məktəblər açılırdı.

Dövrünün görkəmli şairi olan Molla Pənah Vaqif İbrahimxəlil xanın dəvətini qəbul edərək Qazaxdan Şuşaya gəlir. Şairliklə yanaşı astronomiya və tətbiqi riyaziyyat elmlərini dərindən bilən Vaqif, Qarabağ xanlığının tarixində müdrik dövlət xadimi, uzaqgörən siyasətçi kimi də şərəfli yer tutur. Sarayda xanın 1-ci vəziri vəzifəsini tutan şair xanlığın xarici, daxili və hərbi siyasətinin təyin edilməsində əsas rol oynayır, tezliklə Qarabağ xanlığı beynəlxalq aləmdə tanınır. Fəqət bu yüksəlişə baxmayaraq Azərbaycan xanlıqlarının başı üzərində müstəqilliyin itirilməsi qorxusu dolaşırdı. İran, Osmanlı və Rusiya İmperiyası bu ərazidə üstün mövqe əldə etmək uğrunda mübarizə aparırdılar. Digər tərəfdən qonşu xanlıqların da bir-birinin müstəqilliyinə, ərazi bütövlüyünə qəsd etmək ehtimalı var idi. Ona görə də xanlıqlar güclü dövlətlərdən və qonşu xanlıqlardan özlərinə etibarlı müttəfiqlər axtarırdılar.


Tarix: 10.01.2015 / 16:51 Müəllif: Feriska Baxılıb: 36 Bölmə: Azərbaycan xanlıqları
loading...