beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cavad xanın ölümündən sonra Ziyadoğlular şəcərəsi

Cavad xanın hakimiyyəti dövründə Gəncə çiçəklənir. Ticarət genişlənir, müxtəlif sənət sahələri inkişaf edir. Yaşayış binaları, karvansaralar, məscidlər tikilir. Cavad xanın sarayında alimlər, yazıçılar və şairlər toplaşırdı. Orada görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehin atası Kərbəlayı Sadıq da çalışmışdır. Gəncə ruslar tərəfindən işğal olunduqdan sonra Cavad xanın qızı Püstə xanım Mirzə Şəfini öz yanında idarə işinə götürür, Şəmkir döyüşündən sonra Uğurlu xan bacısını özü ilə İrana aparır.

Cavad xanın nəvəsi, Uğurlu xanın qızı və sonuncu Qarabağ xanı Mehdiqulu xanın həyat yoldaşı Bədircahan bəyim tanınmış şairə və ictimai xadim idi. Cavad xanın nəvəsi Kəlbəli xan Müsahib Azərbaycan və fars dillərində gözəl şerlər yazıb. Cavad xanın qardaşı Fətəli bəy Ziyadoğlu Xali Gəncəli tanınmış şair olub. Onun əsasən, Azərbaycan dilində yazılmış divanı indi Elmlər Akademiyasının Əlyazmalar institutunda saxlanılır. Görkəmli Azərbaycan yazıçısı Möhsün Nasiri də Cavad xanın sarayında yaşayıb-yaratmışdır. O, Cavad xanın sifarişi ilə qədim hind nağıllarının əsasında yaradılmış "Tutinamə"nin Azərbaycan versiyasını yazmışdı. Cavad xanın xələflərindən bir neçəsi Azərbaycan Rusiyaya birləşəndən sonra Ziyadxanov soyadını almışlar. İndi də onların bir çoxunun törəmələri Bakıda və Gəncədə yaşayırlar.


Tarix: 10.01.2015 / 16:45 Müəllif: Feriska Baxılıb: 33 Bölmə: Azərbaycan xanlıqları