beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cavad xan Həyatı

Cavad xan 1748-ci ildə Gəncə şəhərində doğulub. Cavad xanın atası Şahverdi xan 1756-cı ildən 1761-ci ilə qədər Gəncənin xanı olmuşdu. Cavad xanın anası Şərəf Cahan bəyim də əsil-nəcabətli bir nəsildən idi. Cavaddan başqa ailənin Tuti bəyim, Xurşid bəyim və Heyransa xanım adında üç qızı da vardı. 1780-ci ildə Cavad xan adi bir kəndli qızı olan Şükufə xanımla, 1790-cı ildə isə Şəki xanının bacısı Məliknisə (Bəyim xanım) xanımla ailə qurur. Bu qadınlardan biri 1812-ci ildə, ikincisi isə 1830-cu ildə vəfat edir. Cavad xanın ikinci arvadı onun ölümündən sonra Şəkiyə, qardaşının yanına getmiş və orada da dünyasını dəyişmişdir. Məliknisə xanımın məzarı da Şəkidədir. Şükufə xanımdan Cavad xanın üç oğlu Uğurlu xan, Əliqulu xan və Hüseynqulu xan, dörd qızı-Tuti Bikə, Püstə bəyim, Xatun bəyim, Balaca bəyim doğulublar. Uğurlu xan 1801-ci ildə Məhəmməd xanın qızı Cahan bəyimlə evlənib. Doğulan uşağa Cavad adı veriblər. Hüseynqulu xan (1784-1804) Şəmşəddinli Nəsib Sultanın qohumu Zeynəb xanımla evlənib.

Gəncəlilərin növbəti üsyanından sonra hakimiyyətə əvvəlcə Rəhim bəy, bir müddət keçəndən sonra isə 1786-cı ildə onun qardaşı Cavad xan gəlir. Görünür, Cavad xan hakimiyyətə İraklinin köməyi ilə gəlmişdi. Belə ki, bundan sonra bir neçə il müddətində o, ilbəil gürcü çarına 10 min manat həcmində vergi ödəyirdi. Həmin asılılıqdan və gürcülərin Gəncə üzərinə tez-tez baş verən basqınlarından can qurtarmaq məqsədilə Cavad xan öz hərbi hissələrini 1785-ci ildə Tiflis üzərinə yürüşə gedən Ağa Məhəmməd şah Qacarın qoşunlarına qoşur. Qacarın qoşunları geri qayıtdıqdan sonra Cavad xanla II İrakli arasındakı münasibətlər daha da gərkinləşir. II İraklinin, Qarabağ xanı İbrahim xanın və onun qohumu Avar Umma xanın dəstələri Gəncəni mühasirəyə alır. Uzunmüddətli mühasirə uğursuzluqla başa çatsa da, onun aradan götürülməsi üçün Cavad xan Tiflisdə əsir aldığı döyüşçüləri geri göndərməli və İbrahim xanın hərbi xərclərini ödəməli olur.


Tarix: 10.01.2015 / 16:44 Müəllif: Feriska Baxılıb: 92 Bölmə: Azərbaycan xanlıqları