beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sidqi Ruhulla

Həyatı

Sidqi Ruhulla 1886-cı ildə Bakının Buzovna kəndində müəllim ailəsində anadan olmuş, ibtidai təhsilini bir kənd müəllimindən almışdır. Əsl adı Ruhulla, soyadı Axundov olsa da, gəncliyində "Vətən" dramında Sidqi rolunu məharətlə ifa etdiyi üçün yoldaşlarının məsləhətilə Sidqi ləqəbini qəbul etmişdir.

Sidqinin mənəvi inkişafında atası Molla Fətullahın da təsiri olmuşdur. Qışda Bakıda, yayda isə Buzovnada müəllimlik edən Molla Fətullah özü də elmə, şer və sənətə çox həvəskar idi. Füzuli və Nəsimi kimi şairləri xüsusilə çox sevər və uzun qış gecələrində bu şairlərin əsərlərini oxuyub, oğluna izah edərdi. Sidqi uşaqlıq və gənclik illərini Buzovnada keçirmişdir. 1903-cü ildə 17 yaşında ikən atası onu Bakıda varlı bir tacirin dükanına şagird verir. Qoca müəllimin məqsədi oğlunu ticarətə alışdırmaq idi. Lakin atanın xəbəri yox idi ki, onun öz oğluna təlim etdiyi kitablar, elm, şer və sənət onun mənəviyyatını tamamilə başqa bir istiqamətdə tərbiyə etmişdir. Onun fikri-zikri təhsilini davam etdirmək idi. Buna görə də onu "ipə-sapa yatmayan şagird" adlandırırdılar. Sidqi vaxtında dükana gəlməz, günlərinin çoxunu elm sahəsində özündən qüvvətli olan gənc ziyalı yoldaşları ilə birlikdə keçirərdi. Sidqinin gənclik yoldaşlarının çoxu maarifpərvər və inqilabçı gənclər idi.

1904-cü ildə Sidqinin atası ölür. Sidqi dostlarının və yoldaşlarının təşviqi ilə atasından qalan ev şeylərini satıb Moskvaya oxumağa gedir. Moskvada Sidqi qohumlarının köməyilə təhsilini davam etdirə biləcəyinə ümid edirdi. Lakin bu ümid boşa çıxır. Sidqi Moskvada qala bilməyib, Bakıya qayıdır.

1906-cı ildə birinci dəfə Azərbaycan səhnəsində böyük tragik Ərəblinskini Axundovun "Vəziri Xani Lənkəran" komediyasında Teymur Ağa rolunda gördü. Bu andan Sidqinin gələcək taleyi həll olundu. Sidqi sanki çoxdan axtardığı bir fəaliyyət sahəsini tapmış oldu. Onda hələ uşaqlıqdan aktyor sənətinə böyük həvəs var idi. Ərəblinski ilə dostlaşan Sidqi Ruhulla səhnəyə olan həvəsini ona bildirdi. O, Sidqinin səsində, qamətində, mimikasında, jestlərində böyük gələcəyi olan aktyoru əvvəlcədən görə bildi və Sidqini səhnəyə cəlb etdi.

1906-cı ildə Sidqi birinci dəfə Vəzirovun "Adı var, Özü yox" komediyasında Telli rolunda səhnəyə çıxdı. O vaxt milli teatr səhnəsində Azərbaycan qızları olmadığından qadın rollarını kişilər ifa edirdilər.

Sidqi Bakının müxtəlif fəhlə rayonlarında çıxış edir, arabir şəhərdə də tamaşa verirdi. Sidqinin hələ ilk kiçik rolları onun fövqəladə bir istedada malik olduğunu aydın göstərirdi. Xususilə Ərəblinski Sidqinin istedadına çox böyük qiymət verirdi. Ərəblinski Haqverdiyevin "Dağılan tifaq" faciəsinin bir əlyazmasını Sidqiyə bağışlayıb üzərində yazmışdır: "Şagirdim Sidqi Ruhullaya".

1908-ci ildə Bakıda "Morskoe Sobranie" zalında Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" faciəsi tamaşaya qoyulur. Burada Rüstəm bəy rolu Sidqiyə tapşırılır. Bu rolda Sidqi öz ifasının təbiiliyi, rolu dərindən hiss edib yaşaması ilə diqqəti cəlb edir. Bu tamaşadan sonra Sidqi hər şeyi buraxıb peşəkar aktyor olmağı qərara alır. Ərəblinski ilə birlikdə bir neçə ay İrəvan, Naxçıvan, Tiflis, Batumi və Vladiqafqazı gəzib tamaşalar verir. Bir neçə il sonra Sidqi Ruhulla yenə səyyar aktyor sifətilə İrana və Cənubi Azərbaycana gedir. Sidqini bu qastrola göndərən və həvəsləndirən Ərəblinski idi.

50 illik səhnə fəaliyyəti dövründə Sidqi Ruhulla həmişə zəngin həyat təcrübəsi, müşahidə, bilik, məharət və bacarıq, gərgin əmək tələb edən 300-ə yaxın müxtəlif surətlər silsiləsi yaratmışdır. O, Azərbaycan yazıçılarından Cəfər Cabbarlı, Səməd Vurğun, Abdulla Şaiq, Mirzə İbrahimov, Məmməd Səid Ordubadi, Sabit Rəhman, Süleyman Rüstəm, Rəsul Rza, İlyas Əfəndiyevlə yanaşı rus klassiklərinin, qərb dramaturqlarının da əsərlərində müxtəlif rollar ifa etmişdir.

Sidqinin səhnə fəaliyyəti ilə yanaşı, öz sənəti ilə əlaqədar olan ictimai fəaliyyətini də qeyd etmək lazımdır. Aktyor və aktrisaların yeni nəslinin tərbiyəsində, başqa görkəmli səhnə ustaları kimi, Sidqinin də müəyyən xidməti olmuşdur. Onun arxivində əksəriyyəti gənclər tərəfindən yazılmış yüzdən artıq məktub var ki, bu məktub və şerlərin çoxunda Azərbaycan teatrının yeni qüvvələri onlara xüsusi qayğı göstərdiyi üçün öz təşəkkürlərini bildirirlər.

1931-ci ildə Sidqi Ruhulla Azərbaycan SSR-nin əməkdar artisti, 1938-ci ildə Azərbaycan SSR xalq artisti, 1949-cu ildə SSRİ xalq artisti adını almışdır. Sidqi Ruhulla 1945-1946-cı illərdə "Qırmızı Əmək Bayrağı" ordeni ilə, "Əmək igidliyinə görə" və "Qafqazın müdafiəsi üçün" medalları ilə təltif olunmuşdur.

1956-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti Sidqi Ruhullanı anadan olmasının 70 illiyi və səhnə fəaliyyətinin 50 illiyi münasibətilə "Lenin ordeni" ilə təltif etmişdir.

Sidqi Ruhulla 1959-cu ildə 73 yaşında Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.
Adlar və mükafatlar

Azərbaycanın əməkdar artisti (1931)
Azərbaycanın xalq artisti (1938)
"Qırmızı Əmək Bayrağı" ordeni (1945-1946)
SSRİ Dövlət mükafatı laureatı (1948)
SSRİ xalq artisti (1949)
"Lenin" ordeni (1956)
"Əmək igidliyinə görə" medalı
"Qafqazın müdafiəsi üçün" medalı

Filmoqrafiya

Abbas Mirzə Şərifzadə (film)(qısametrajlı sənədli film)(Aztv)(arxiv kadrlar)("Gilan qızı" filminin çəkiliş kadrlarında)
Bismillah (film, 1925)(Tammetrajlı Bədii Film)
Gilan qızı (film, 1928)-Hacı Zəkidər (Tammetrajlı Bədii Film)
Hacı Qara (film, 1929)-Əliyar Bəy (Tammetrajlı Bədii Film)
Qızıl kol (film, 1930)(Tammetrajlı Bədii Film)
Kəndlilər (film, 1939)
Fətəli xan (film, 1947)
Mənim atam Əliövsət Sadıqov (film, 2007)


Tarix: 06.07.2015 / 18:03 Müəllif: Feriska Baxılıb: 655 Bölmə: Azərbaycan coğrafiyası