beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ziyəddin Göyüşov - Elmi yaradıcılığı

Ziyəddin Göyüşov Azərbaycanda fəlsəfi-etik fikir tarixi problemlərini araşdırmış, Həsən bəy Zərdabinin seçilmiş əsərlərini ilk dəfə tərtib və çap etdirmişdir.
Ziyəddin Göyüşovun tədqiqat sahəsi Azərbaycanın etik fikrinin qədim dövrdən XX əsrə qədər inkişaf meylləri və əsas aspektlərinin təhlili idi. Məlumdur ki, fəlsəfə tarixi çox aspektli tədqiqatları tələb edir, çünki mənəvi mədəniyyət, mənəvi fikir həyatın bütün rəngarəngliyini və mürəkkəbliyini özündə əks etdirir. Fəlsəfi, o cümlədən, etik ideyalar mənəvi fikrin müxtəlif formalarında özünü biruzə verir. Əxlaq insan cəmiyyətinin ən qədim və mühüm ünsürlərindən olduğu üçün öz əksini dində, ədəbiyyatda, bədii yaradıcılıqda, elmdə və təhsildə tapmışdır. Ziyəddin Göyüşovun məramı o idi ki, qədim tarixi və mədəniyyəti olan Azərbaycanda əxlaqi ənənələr, onları öyrənmə, münasibət bildirmə imkanları kifayət qədər istifadə olunmuşdur. Hər bir dövrün bu problemlərə münasibəti müxtəlif olduğu üçün onların öyrənilməsi həmişə aktual mahiyyət kəsb edir.

Ziyəddin Göyüşovun xidməti də bundadır: o, çalışmışdı ki, Azərbaycanda etik baxışların inkişafının mərhələlərini sistem kimi təsvir etsin, istər tarixi-xronoloji, istərsə də məntiqi baxımından mənəvi həyatın bu sahəsinin inkişafını mümkün qədər dəqiq izləsin. Bizi maraqlandıran sahə - Ziyəddin Göyüşovun XX əsrə aid olan əxlaqla bağlı fikirləri və ideyalarıdır. Aydındır ki, onun bu mərhələyə olan münasibətini öyrənmək üçün tədqiqatçının əvvəlki dövrlərə aid ideyaları və konsepsiylarını da araşdırmaq lazımdır. İlk növbədə onun metodoloji prinsiplərinə münasibətimizi bildirək. Aydındır ki, Sovet dövründə yaşayıb yaratmış filosof istər-istəməz marksizm-lelinizm ideyaları təsiri altında elmi problemləri qavrayır və araşdırırdı. Buna görə də onun yaradıcılığı ilə bağlı qısa olsa da marksizm fəlsəfəsinin əsas müddəalarını ümumi olaraq qısaca xatırladaq: dünya vəhdət təşkil edir, o maddidir, tarixi xalq yaradır, maddi istehsal cəmiyyətin inkişafının əsasıdır, insan öz müqəddaratını özü həll edir, əxlaq sinfi xarkter daşıyır, cəmiyyət tarixi sinfi mübarizə tarixidir. Bu sxemə yerləşməyən ideyalar və tarixi faktlar istər-istəməz təhrif olunur və yaxud da ki, nəzərə alınmırdı. Azərbaycan antaqonist fikrində hər şeyin insan ağlına əsaslandığı ön plana çəkilir. Əli bəy Hüseynzadə, A.M.Rüfətov və başqaları insanı ən zəif və yararsız, köməksiz varlıq sayır və real gerçəkliyin oyuncağı hesab edirdilər. Onlara görə insan təbiətin sirlərini açmağa qadir deyil, insanın bütün cəhtləri əvvəlcədən uğursuzluğa məhkumdur. Materializmi inkar edir idealist mövqedən çıxış edirdilər. Hər şeyin Allah tərəfindən yaradıldığını bildirirdilər. A.M.Rüfətov cəmiyyətin yaranmasını oqnostisizm mövqeyindən izah edirdi. Bu dövrdə burjua idealogiyasına və pantürkizm və panislamizm ideyalarına qarşı ən güclü mübarizəni Azərbaycan marksistləri aparırdı. XX əsrdə Azərbaycanda marksizm-leninizm ideyaları Azərbaycan xalqının fəlsəfi və sosioloji fikrində əsas yer tuturdu. Azərbaycanda marksizm-leninizm ideyalarının yayılmasında Azərbaycan marksistlərinin fəlsəfənin bütün sahələrinə göstərdiyi təsir çox böyükdür. Bu mövqedən izah edən subyektiv idealizm və aqnostisizmə qarşı çıxış edirdilər.

Azərbaycan inqlabi demokratlarından olan C.Məmmədquluzadə, M.Ə.Sabir, Ü.Hacıbəyov dini fanatizmə qarşı çıxmış və o dövr üçün sosioloji ideyalar irəli sürmüşlər. XX əsrin əvvəlləri Azərbaycanda beyinlərin oyanma dövrünə (intibah) təsadüf edir. İnqilabi demokratlar olan C.Məmmədquluzadə, M.Ə.Sabir, Ü.Hacıbəyovdan bəhrələnənlər F.Köçərli, N.Vəzirov, M.Şaxtaxtinski, S.M.Qənizadə, M.T.Sidqi, M.Hadi, A.Şaiq və b.olmuşlar. Özlərinin publisistik, pedaqoji, təsviri incəsənət nümunələrində bu demokratlar feodal despotizmi darmadağın etmiş, Azərbaycan milli mədəniyyətinin və milli şüurunun inkişafına çalışmışdılar. Azərbaycan demokratlarından Azərbaycan xalqının milli özünüdərk ideyası fəlsəfi ideyaların inkişafına, milli və sosioloji problemlərin düzgün həlli yollarına çalışması öz əksini tapmışdır. Əlbəttə, bununla onlar Azərbaycanda marksizm-leninizm ideyalarının geniş yayılmasını daha da artırırdılar. Onlar insan ağlına məxsus olan, idealizmi, oqnostisizmi, mistikanı inkar edir elmin gücünə dayanaraq deyirdilər ki, bu imkan verir ki, insan dünyanı sona qədər dərk etməyə qadirdir. XX əsrin əvvəllərində Azərbaycanın mənəvi həyatında əsas düşündürən problemlərdən biri etik problem olmuşdur. XIX əsrin 60-80-cı illərdə baş verən sosial-iqtisadi və siyasi durum Azərbaycanın ictimai həyatında mənəvi problemlər sahəsinə də təsirsiz ötüşmədi.

Z.Göyüşov etik ideyalar tarixində xüsusi önəmi M.Sidqinin yaradıcılığının təhlilinə vermişdir. Onun diqqətini cəlb edən ideyalar sırasında M.Sidqinin insan cəmiyyətinin tarixi təkamülündə insan varlığı problemi idi. M.Sidqi insanın tarixi təkamülünü belə xarakterizə edirdi: insan həyatda ilk növbədə baş verən böyük bir hadisə ov ovlamaq üçün ağac və daşdan ov alətləri düzəltmək idi. Bu insanların heyvanlardan qorxmamağa və onların ətindən yemək, dərilərindən geyim kimi istifadə eləmək im¬kanı yaratdı [5]. İlk yaşayış yerini taxtadan suyun üzərində hazırladılar, bununla da vəhşi heyvanların hücümündan qorunurdular.

İkinci mühüm bir hadisəni insanın odu kəşf etməsi hesab edirdi. Sidqi bununla qeyd edirdi ki, bəşəriyyət bir neçə min il qabağa addımladı. Odun kəşfi insanı daha güclü etdi və onun özünə inam yaratdı. Yeməyi bişirməklə insan orqanizmində bəzi dəyişikliklər baş verdi. Bütün bunlar insan təfəkkürünün və ictimai şüurun formalaşmasına səbəb oldu. . Z.Göyüşov M.Sidqinin əxlaqi ideyalarının təsnifatını vermişdir.

Sidqinin əsas əxlaqi ideyaları aşağıdakılardır:

1. İnsanlar xeyirxah və ya pis olaraq dünyaya gəlmirlər, onlar tərbiyənin məhsuludurlar. Xeyir və şər onlarla birgə doğulmur, sonradan həyat təcrübəsində qazanılır.
2. Təbiət etibarilə pis və ya xaraktersiz insan yoxdur, pis tərbiyyə və tərbiyyəçi vardır. Çünki dünyaya gələndə insan nə yazmağı, nə oxumağı, nə də ki, ətrafındakılar haqqında məlumatlı olur. Bu həmçinin xeyirxah insanlara da aiddir.
Sidqi yazır ki, “əgər dünyaya gələn körpə insanların əhatəsində olmasa idi, ola bilsin ki, onun heyvanlardan heç bir fərqi olmazdı” (M.T.Sidqi. Nasixat-namg, s.14-15). Etik ideyaların tədqiqatçı və təbliğatçılarından biri görkəmli Azərbaycan filosofu F.Köçərli olmuşdur. Z.Göyüşov qeyd edir ki, F.Köçərlinin tədqiqat obyekti ailə və məktəb tərbiyyəsi olub. Ailədə əxlaqi tərbiyənin xüsusiyyətləri, böyüməkdə olan nəslin sosiallaşma prosesinə təsirinin mənfi və müsbət tərəflərini təhlil edən F.Köçərli real həyatda cərəyan edən proseslərə münasibətini bildirir, fəal vətəndaş mövqeyi tuturdu. F.Köçərli Azərbaycan xalqının, onun qabaqcıl elm nümayəndələrinin mənəvi irsindən faydalanaraq, insanın mənəvi keyfiyyətlərinin formalaşmasında xarici mühitin və tərbiyənin rolunu düzgün qiymətləndirməyə çalışmışdır. Z.Göyüşovun tədqiqat obyekti həm də Nəcəf bəy Vəzirovun yaradıcılığı olmuşdur. N.B.Vəzirov bir çox digər tədqiqatçıların mütərəqqi mövqeyinə toxunaraq hesab edirdi ki, insanın mənəvi keyfiyyətləri heç də fitri deyil. İntellektual xassələr insanın iradəsi, temperamenti, xarakteri üzərində qurulur. Məlumdur ki, əxlaq tarixi xarakter daşıyır və dövrdən-dövrə öz ifadə formalarını və dəyərli¬liyini dəyişir. N.B.Vəzirovun bədii irsini diqqətlə izləyən Z.Göyüşov əbədi olan xeyir və şər mübari¬zəsini burada izləmiş, əxlaqın sinfililiyinin təsdiqini axtarmışdır. Böyük diqqəti Z.Göyüşov publisist yazıçıların yaradıcılığına da yetirirdi. Həmin dövrün mənəvi həyatının səciyyəvi xüsusiyyətləri dövrün ab-havası və mühitindən bəhrə¬lənirdi. Mənəvi həyatın bütün sahələrində baş verən proseslər öz inikasını ictimai şüurun müx¬təlif formalarında tapırdı. Əxlaqi dəyərlər və normalar da müxtəlif dəyişikliklərə məruz qalaraq istər nəzəri, isrərsə də praktiki səviyyədə tədqiqatçılar tərəfindən düşünülür, ümumiləşdirilir və ifadə olunurdu. Mənəvi mədəniyyətin mühüm sahəsi olan fəlsəfi özünüdərk və dünyagörüşü bir sistem kimi yox, ayrı-ayrı cəhət və xüsusiyyətləri kimi düşüncə obyekti olaraq sonradan peşəkar filosofların tədqiqat obyektinə çevrilmişdi. Z.Göyüşovun da yaradıcılığı bu qəbildəndir. Ayrı-ayrı fəlsəfi ideyalar və problemlər zaman və dövr duyumu yüksək olan tədqiqatçıların yaradıcılığında görülür (yazıçılar, şairlər, publisistlər, müəllimlər, ümumiyyətlə ziyalı təbəqəsinin nümayəndələri). Qeyd etmək lazımdır ki, XX əsrin tədqiqatçıları fəlsəfə tarixinə aid olan ideyaları sistem şək¬lin¬də araşdırmağa cəhd göstərmişlərsə də, bir çox əsərlər var ki, fəlsəfi ideyalar burada ancaq qeydlər və fikirlər kimi nəzərə çarpır. Z.Göyüşovun tədqiqatlarında da həmin meyillər öz əksini tapır. Dünya fəlsəfi məktəblər və cərəyanlar nə qədər müstəqil inkişafa malik olsalar da dövrün ümu¬mi inkişaf xüsusiyyətləri burada öz təsirini göstərir. XX əsr elmi-texniki inqlab əsri, bir sıra mühüm kəşflər əsridir. Sosial-siyasi proseslər nəticəsində bir çox ölkələr müstəmləkəçilikdən azad olmuş, suve¬renliyi qazanmışlar, faşizm və sosializm kabusu yaşandı, eyni zamanda elmşünaslıqda sürətli irəlliləyiş müşahidə olunurdu: yeni paradiqmalar, yanaşmalar, ümumuyyətlə postklassik mərhələsi formalaşdı; belə şəraitdə ənənəvi dəyərlər və normalar həm yeni şəkildə yaşanır, həm də yenidən nəzərdən keçirilirdi. Z.Göyüşovun elmi yaradıcılığı bütün müsbət keyfiyyətləri ilə yanaşı müəyyən mənada dövrün təsirinə məruz qalmış, və sovet ideologiyasının marksizm ideyalarının öz əsərlərində müəyyən mənada carçısı olmuşdur. Z.Göyüşovun tədqiqatlarında dini əxlaq problemlərinə də diqqət yetirilmişdir. L.Mövsumovanın qeyd etdiyi kimi, XX əsrin birinci yarısında yaşayıb yaratmış “M.Mehdiyev, S.Abbasov, N.Həsənov, Q.Mustafayev, M.Balayev və b. öz əsərlərində islam əxlaqına tənqidi mövqedən yanaşmışlar. F.Köçərlinin, M.Səttarovun, Z.Göyüşovun, A.Həsənovun əsərləri islam ideologiyasının mahiyyətini, onun dün¬yagörüşünə, məişətə, insanların davranış normalarına, elmi və dini dünyagörüşlərinin qarşılıqlı mü¬nasibətlərinə təsirini, islamın ictimai həyatda və ideya mübarizəsində yerini, bəzi dini xürafatların zərərini açıqlayır” . Z.Göyüşov dini əxlaqda ümumbəşəri məzmunu aşkarlamış, Azərbaycan xalqı üçün səciyyəvi olan xüsusyiyyətləri üzə çıxarmağa çalışmışdır.

Məlumdur ki, tədqiqatçı-alim həm də H.B.Zərdabinin etik baxışlarına diqqət yetirmişdir: “Ziyəddin Göyüşovun "H.B.Zərdabinin dünyagörüşü" əsəri zərdabişünaslıq elminə qiymətli tövhədir. Səmərəli axtarışların bəhrəsi olan bu əsərdə maarifçi alimin dünyagörüşünün formalaşması, fəlsəfi, ictimai-iqtisadi baxışları, habelə etik görüşləri dərindən tədqiq və təhlil edilmişdir. Kitabın məziyyətlərindən biri də Zərdabi haqqında zəngin arxiv sənədlərindən, qəzet və jurnal məqalələrindən yaradıcı istifadə edilməsidir” . Beləliklə, Z.Göyüşov Azərbaycanın etik fikir tarixinə öz yaradıcılığı ilə xüsusi töhfə vermiş, burada dövrləşmə, yanaşma tərzi, mənəvi həyatda etik fikrin rolu, ayrı-ayrı tədqiqatçıların mövqeyi və xidmətini aşkarlamaq işində böyük işlər görmüşdür. Z.Göyüşovun irsinin tədqiqi Azərbaycan fəlsəfəsi tarixinin öyrənilməsi və tədrisində mühüm əhəmiyyət kəsb edir.


Tarix: 23.01.2015 / 18:51 Müəllif: Feriska Baxılıb: 230 Bölmə: Azərbaycanın müharibələri‎