beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Camal bəy Fətəlibəyov

Həyatı
Camal bəy Fətəlibəyov 1861-ci ildə Şuşa qəzasının Kəbirli sahəsinin Ətyeməzli obasında anadan olmuşdu. Şuşa qəza məktəbini bitirmişdi. Sonra Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında oxumuşdu.

Camal bəy Fətəlibəyov 1888-ci ilin mart ayının 18-də Şuşa şəhərində 3-cü dərəcəli xüsusi oğlan məktəbi açmışdı. Onun məktəbi Zaqafqaziya xüsusi məktəblərinə aid ümumi qaydalara əsaslanırdı. İlk dəfə məktəbə 25 şagird qəbul olundu. Bu şagirdlərin içində tanınmış maarifçi, məşhur pedaqoq Fərhad Ağazadə də vardı.

Yusif Vəzir Çəmənzəminli bu məktəb haqqında yazır: "1896-cı ildə Şuşaya döndüm, hazırlanıb realni məktəbə girməli idim. O zamana qədər bu məktəblərdə bəy balaları oxuyurdular, indi tacir və əsnaf arasında da bu məktəbə həvəs oyanırdı. Cocuqları realni məktəbə hazırlamaq üçün Camal bəy, Səməd bəy Ağayev kimi müəllimlər tərəfindən xüsusi məktəblər açılmışdı".

Camal bəyin məktəbində oxuyan şagirdlər əsasən kasıblardan və orta təbəqənin nümayəndələrindən ibarət idi. 1896-cı ildə orda 70 şagird təhsil alırdı. İki sinifdən ibarət olan bu məktəbdə şagirdlər iki il ərzində Azərbaycan və rus dillərində mükəmməl savad alırdılar.

C. Fətəlibəyovun məktəbi Adıgözəlovların evində yerləşirdi. Bu evə görə ildə 60 manat kirayə ödəyirdi. Məktəb təhsil haqqından toplanan vəsait ilə idarə olunurdu. İldə hər şagirddən 6-12 manat təhsil haqqı alınırdı. Kasıblar təhsil haqqından azad edilirdi. 1895-ci ildə Camal bəyin məktəbində 60, 1896-cı ildə 70 şagird var idi. Onlardan on ikisi pulsuz oxuyurdu.

Bu məktəb Şuşa xüsusi məktəbləri (o cümlədən erməni məktəbləri) içərisində ən çox şagirdi olan məktəblərdən idi. Məktəbin tədris planına ana dili, rus dili, hesab, rəsmxət, nəğmə daxil idi. Təlim yeni üsul ilə aparılırdı. Məktəb mahiyyət etibarı ilə hazırlıq sinifi rolunu oynayırdı. Buranı bitirənlər şəhər və real məktəblərinə daxil olurdular.

1896-cı ildə Ağcabədi kənd məktəbinin müdiri Əbdüləli bəy Muxtarovun ZMS nəzdindəki ibtidai məktəbə müdir təyin edilməsi ilə əlaqədar olaraq Camal bəy Fətəlibəyov Ağcabədi kənd məktəbinə müdir vəzifəsinə göndərildi. Onun məktəbini isə Səməd bəy Ağayev davam etdirdi.

Camal bəy Fətəlibəyov 1896-cı ildən 1900-cü ilədək Ağcabədi kənd məktəbinin müdiri olmuşdu.


Tarix: 23.01.2015 / 15:56 Müəllif: Feriska Baxılıb: 85 Bölmə: Azərbaycanın müharibələri‎