beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Baxşeyiş Hətəmli

Baxşeyiş Hətəmli - Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyasının prezidenti, 1998-ci ildən “Ağdam” qəzetinin, 2004-cü ildən həm də “Qeyrət qalası” qəzetinin redaktorudur.

Baxşeyiş Hətəmli 1963-cü ilin fevral ayının 15-də Ağdam rayonunun Əliağalı kəndində doğulmuşdur. 1970-80-ci illərdə Ağdam rayonunun Əliağalı kənd orta məktəbində oxumuşdur. 1981-82-ci illərdə, 1984-1987-ci illərdə Ağdam rayonunun M.F. Axundov adına sovxozunda fəhlə işləmiş, 1982-1984-cü illərdə keçmiş sovet ordusu sıralarında xidmət etmişdir.

1981-90-cı illərdə istehsalatdan ayrılmadan Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində oxumuş, jurnalist ixtisası almışdır. 1987-ci ilin sentyabr ayından isə “Ağdam” qəzetində müxbir kimi fəaliyyətə başlamışdır. O, 1991-ci ilin noyabr ayının 1-dən 1996-cı ilin yanvar ayının 23-dək Azərbaycan Milli Ordusunun 836 və 708 saylı hərbi hissələrinin tərkibində bölmə, taqım, bölük komandiri, qərargah rəisi, əlahiddə kəşfiyyat bölük komandiri və kəşfiyyat rəisi vəzifələrində xidmət etmişdir. Ehtiyatda olan baş leytenant, II qrup Qarabağ müharibəsi əlilidir. Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyasının prezidentidir. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Ağdam Rayon Şöbəsinin sədridir. 1998-ci ildən “Ağdam” qəzetinin, 2004-cü ildən həm də “Qeyrət qalası” qəzetinin redaktorudur.

Baxşeyiş Hətəmli 1995-ci ildə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş, iki dəfə 708 saylı hərbi hissənin döş nişanını almış və 2010-cu ildə isə "Əməkdar jurnalist" fəxri adına layiq görülmüşdür.


Tarix: 23.01.2015 / 15:50 Müəllif: Feriska Baxılıb: 42 Bölmə: Azərbaycanın müharibələri‎