beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşıq Abbasqulu Böyük sənətçilərlə bir sırada

Abbasqulunun məclisdə oxuması və ustad Ələsgərin ona yüksək qiymət verməsi xəbəri bütün Qarabağa yayılır. Aşıq Abbasqulunun şöhrəti hər yana yayılır. O, bir müddət böyük tarzən Sadıqcanın ansamblında çalışır. Sadıqcan Abbasqulunun musiqi qabiliyyətini nəzərə alıb ona muğamların sirlərini öyrədir və özü ilə dəvət olunduğu məclislərə aparır.

XIX əsrin ikinci yarısında Sadıqcanın ansamblı bütün Qafqazda məşhur idi. Abbasqulu ansamblın tərkibində Zaqafqaziyanın iri şəhərlərini gəzir, hətta Sadıqcanın Tiflis şəhərində dəfələrlə verdiyi konsert və müsamirələrdə yaxından iştirak edir. Sadıqcanın vasitəsilə Abbasqulu o dövrün Hacı Hüsü, Məşədi Isi, Bülbülcan, Cabbar Qaryağdı oğlu, Dəli Ismayıl bəy, Şahsənəm oğlu Yusif kimi böyük sənətkarları ilə tanış olur. Hətta Sadıqcan ilə birlikdə dəfələrlə Xan qızı Xurşidbanu Bəyim Natəvanın sarayında qurulan məclislərdə çalıb-oxuyur. Xan qızı Aşıq Abbasqulunu “Məclisi-üns” ədəbi məclisinin yığıncağında iştirak etməyə dəvət edir. Şuşanın musiqi həyatı, Xan qızının ədəbi məclisi və burada görkəmli sənətkarlarla durub-oturması Abbasqulunun, kamil bir aşıq kimi formalaşmasında həlledici rol oynamışdı. Sadıqcanın ansamblında iştirakı Abbasqulunu bir muğam ifaçısı kimi də tanıtmışdı.

Aşıq Abbasqulu “Baş müxəmməs”, “Keşişoğlu”, “Misri”, “Qəhrəmanı”, “Irəvan çuxuru”, “Koroğlu” havalarında oxuyarkən o qədər gözəl, ardıcıl zəngulələr vurardı ki, hamını heyran edərdi. Aşıq Abbasqulu Sadıqcanın tar çalmağından ilhama gələrək tədricən tar çalmağı da öyrənir, hətta bəzi məclislərdə muğam oxuyanda saz ilə yox, tarın müşayiəti ilə özü çalıb, özü oxuyardı. Abbasqulu həm də oynamaqda mahir idi. Aşıq sənətinə dərindən bələd olan və aşıq havalarını gözəl oxuyan məşhur müğənni Seyid Şuşinski öz xatirələrində qeyd edirdi ki, “Rəqs etməkdə son dərəcə usta olan gürcü və ləzgilər Abbasqulunun oyununa, xüsusilə onun sırf milli ruhda oynadığı ”Tərəkəmə" və “Qafqaz qaytağısı”na tamaşa edəndə dəli olardılar. Buna görə də Aşıq Abbasqulu Tiflisə gəlib konsertlər verəndə bilet üstündə qırğın düşərdi...". Gözəl səsin böyük şöhrəti

1901-ci ilin yayında Şuşada yazıçı Əbdürrəhim bəy Haqverdiyevin təşkil etdiyi ilk “Şərq konserti”ndə sənət dostu Nəcəfqulu ilə birlikdə çıxış edən Abbasqulu böyük müvəffəqiyyət qazanmış, Bakıda verilən konsertlərdə də yaxından iştirak etmişdi.

1902-ci ilin yanvar ayında Bakıda təşkil edilmiş ilk “Şərq konserti”nə məşhur xanəndə və çalğıçılarla birlikdə Gülablı aşıqları da dəvət olunmuşdu və həmin konsertdə də Aşıq Abbasqulunun ifası tamaşaçıları valeh etmişdi. Aşıq Abbasqulu dəfələrlə Bakıda “Nicat” cəmiyyətinin keçirdiyi “Şərq gecələri2 adlı musiqili-ədəbi gecələrə də dəvət olunmuşdu. Bakı tamaşaçıları onun çıxışlarına sonsuz maraq göstərirdilər. Şərq gecələrinin afişa və proqramlarında təkcə Aşıq Abbasqulunun adının yazılması teatr kassaları qabağında böyük izdihama səbəb olardı. Onun konsertlərinə bilet tapmaq müşkül idi.

Aşıq Abbasqulu həm saz ustası olmaqla yanaşı, həm də söz ustası idi. O, çoxlu nağıl və dastan bilirdi. Sənətkar ömrünün 50 ilini Azərbaycan milli mədəniyyətinin inkişafına həsr etmişdi. N.B.Vəzirov, Ə.Haqverdiyev, H.Ərəblinski, Ü.Hacıbəyov, S.Qaryağdı oğlu, Sadıqcan, B.Bədəlbəyov və b. xadimlər Aşıq Abbasqulunun yaxın dostu və məsləkdaşları idilər. Böyük yazıçı Cəlil Məmmədquluzadə Aşıq Abbasqulunun yaxın dostu və pərəstişkarı olub.

1914-cü ildə bütün Qafqazda bir xalq aşığı kimi ad-san çıxarmış Aşıq Abbasqulu Almaniyanın “Sport-Rekord” şirkəti tərəfindən bir çox xanəndə və musiqiçilərlə birlikdə Tiflis şəhərinə dəvət olunaraq səsini qrammafon valına yazdırmışdır. Tiflisdə Aşıq Abbasqulu öz dəstəsi ilə birlikdə qrammafon valları üçün bir çox qədim-aşıq mahnıları oxumuşdur. Bunlardan “Ikisi bir boyda”, “Sürmən”, “Neylərsən”, “Dünya əhvalatı”, “Vücudnamə”, “Şərili”, “Üç telli durna”, “Şikəstə”, “Tello” və s. göstərmək olar.

Aşıq Abbasqulunun 1931-ci ilin yazında Bakıda verdiyi konsert də böyük marağa səbəb olmuşdu. Onun incə səsinə, mahir çalğısına qulaq asmaq, son dərəcə çevik və ritmik rəqsinə tamaşa etmək üçün konsertə Cabbar Qaryağdı oğlu, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Keçəçi oğlu Məhəmməd, Zülfüqar Hacıbəyov, Qurban Pirimov, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Yavər Kələntərli, Mirzə Cəlil, Hüseyn Cavid, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli və başqaları da gəlmişdilər.

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan el sənətkarı Aşıq Abbasqulu 1932-ci ildə 80 yaşında dünyasını dəyişib və Gülablıda dəfn olunub.


Tarix: 23.01.2015 / 15:47 Müəllif: Feriska Baxılıb: 217 Bölmə: Azərbaycanın müharibələri‎