beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirvanşahların genişləndirmə siyasəti və daxili ixtilaflar

Şirvanşah Əhmədin ölümündən sonra taxta onun oğlu Məhəmməd ibn Əhməd çıxdı. O, qonşu feodallara qarşı təcavüzkar siyasət yeridir və öz ərazisini bir sıra şəhərləri ilhaq etmək hesabına genişləndirməyə çalışırdı. H.371 (981/2)-ci ildə o, Qəbələ şəhərini onun əmiri Əbd ül- Bərr Ənbəsədən tutub aldı. Təqribən h.372 (982)-ci ildə isə Bərdəni tabe edib Musa ibn Əlini özünün canişini təyin etdi. Şirvanşah Əhməd eyni zamanda öz şəhərlərini də möhkəmləndirirdi. Belə ki, h.373 (983)-cü ildə o, Şabranın, hərbi əməliyyatlar nəticəsində dağıdılmış hasarlarını bərpa etdirdi.

H.372 (982)-ci ildə babası II Məhəmməd ibn Yezidin Layzana (V.F.Minorskiyə görə Lahıc) birləşdirdiyi Xursan və Şirvan məliklikləri artıq Şirvanşah Əhmədi taxtda əvəz etmiş Məhəmməd ibn Əhmədin mülklərinə daxil idi.

Şirvanşah Məhəmməd ibn Əhmədin ölümündən sonra hakimiyyətə qardaşı Yezid ibn Əhmədin hökmranlıq illəri onun öz dövlətinin ərazisini qoşunlarının hesabına genişləndirmək məqsədilə apardığı feodal ara müharibələri ilə əlamətdardır. H.382 (992)-ci ildə Qəbələ rustaqında şirvanlılarla şəkərlilər (şəkililər) arasında şiddətli vuruşma baş vermişdi. Döyüşdə Şirvanşahın vəziri Müsəddin ibn Həbəşi öldürüldü, onunla birlikdə Şirvan qoşununun adlı-sanlı 400 süvari əsgəri həlak oldu.

H.389 (999)-cu ildə Şirvanşah Yezid Qəbələnin hakimi, Gürzül qalasının sahibi Əbd ül-Bərr Ənbəsə ilə müharibə edərək, Gürzül qalasını onun əlindən aldı. Bundan sonra elə həmin il Şirvanşah Zirkiyyə (daha doğrusu, Rizkiyyə) mülkünə sahib olmaq üstündə Dərbənd hakimi Ləşkəri ibn Məymunla vuruşdu lakin uğur qazana bilmədi. Ləşkəri Şəbərana yürüş etdi. Lakin Şirvanlılar onlarla şəhərin qapıları qarşısında vuruşdular. Dərbənd qoşunu ağır məğlubiyyətə uğradı, döyüşdə Ləşkərinin qardaşı Əbu Nəsr ibn Məymun əsir alındı. Şirvanşah onu həbsxanaya saldırdı, barışıq bağlandıqdan sonra o, girov saxlandı. H.391 (1001)-ci ildə Ləşkərinin ölümündən sonra Dərbənd əhalisi Şirvanşah Yeziddən özlərinə əmir seçmək istədikləri Əbu Nəsrin azad olunmasını tələb etdilər. Lakin Yəzid qızını Əbu Nəsrə ərə vermək istəməsi bəhanəsilə bundan boyun qaçırdı və şərt qoydu ki, Əbu Nəsri o zaman buraxar ki, Dərbənd camaatı Dərbənd və Sull (Çul) qalalarının tikilməsinə (daha doğrusu, bərpa olunmasına) razılıq versinlər. Dərbəndlilər bu təklifi rədd etdilər və Yəzid heç bir günahı olmayan Əbu Nəsri edam etdi. Əbu Nəsr Şabran qalasının həbsxanasında saxlanırdı və Şirvanşah onu həmin şəhərin qapıları qarşısında dəfn etdirdi. Bu hadisə h.392 (1002)-ci ildə olmuşdur. Dərbənd əhalisi Əbu Nəsrin qardaşı Mənsuru əmir seçdi. Şirvanşah Dərbəndi tutmaq üçün müharibəni davam etdirdi. Döyüşlər gah bu, gah da digər tərəfin üstünlüyü ilə gedirdi. H.410 (1019)-cu ildə sərhəd vilayətinin (səqr), Dərbəndin əhalisi öz əmiri Mənsurun əleyhinə üsyan qaldırdı, onu şəhərdən qovub hakimiyyəti Şirvanşah Yəzid ibn Əhmədə təslim etdi.


Tarix: 12.02.2015 / 13:43 Müəllif: Feriska Baxılıb: 158 Bölmə: Şirvanşahlar dövləti