Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahənşah ibn Mənuçöhr

Şirvanşah Şahənşah – Şirvanşahlar dövlətinin iyirmi ikinci hökmdarı, Şirvanşah III Böyük Mənuçöhrün oğlu.

Fəaliyyəti
Şamaxıda zəlzələ vaxtı I Axsitanın arvadı və uşaqları həlak olduğundan Şirvanşahın özü təqribən 1197-ildə öldükdə varisi qalmadığı üçün taxta onun qardaşı I Şahənşah ibn III Mənuçöhr çıxdı. Bu Şirvanşahın hakimiyyəti dövründə onun adından zərb edilmiş sikkələrdən başqa bir abidə qalmamışdır. Şamaxı rayonundakı Altıağac kəndindən iki dəfinə tapılmışdır: bir hissəsi Ermitajda saxlanılan birinci dəfinə XII-XIII əsrlərə aid 346 sikkədən və 8 bilərzikdən, yarıdan çox hissəsi Bakıda Azərbaycan tarixi muzeyində saxlanılan ikinci dəfinə isə 100 sikkədən ibarətdir. Bu iki dəfinədə Şirvanşah Şahənşahın adından zərb edilmiş azacıq gümüş qarışığı olan mis sikkələr də aşkar olunmuşdur. Üz tərəfində dini rəmz və xəlifə ən- Nasir- lidin – Allahın adı, habelə Qurandan parçalar (9,33 və 61,9-cu surələr), əks tərəfində isə "Məhəmməd rəsulillah, əl-məlik əl-müəzzəm, Şahənşah, ibn Mənuçöhr Şirvanşah" sözləri həkk olunmuşdur.

Sikkələrin kəsildiyi tarix xəlifə ən-Nasirin hakimiyyət dövrü ilə – h.575-622 (1180- 1225)-ci illə müəyyənləşdirilir. Ermitajda 7675-ci nömrə ilə saxlanılan sikkələrin birinin üz tərəfində "Əl-məlik əlmüəzzəm Şahənşah ibn Mənuçöhr Şirvanşah" sözləri vardır. Sikkənin qırıqlarında "beş yüz doxsan yeddi" tarixi oxunur (h. 597/1201-ci il). Əks tərəfində isə müsəlman dini rəmzi və xəlifə ən-Nasirin adı həkk olunmuşdur. Şahənşah, ehtimal ki, 4 il -1196-17-ci illə (şərti olaraq, I Axsitanın öldüyü il) Şahənşahın qardaşı oğlu II Afridunun oğlu II Fəribürzün hakimiyyətə keçdiyi 1200/1-ci il arasında hakimiyyət sürmüşdür. Şirvanşah Şahənşah III Mənuçöhrün oğlu və I Axsitanın qardaşı idi. Ehtimal ki, Axsitanın ölümündən sonra Şirvanşah taxtında I Axsitanın digər qardaşı I Fərruxzad ibn III Mənuçöhrün nəsli möhkəmlənənə qədər hakimiyyət uğrunda daxili çəkişmələr getmişdir. I Axsitanın bilavasitə varisi Şahənşah idi. Belə ki, Y.A.Paxamov I Axsitan və Şahənşahın sikkələrinin kimyəvi təhlili əsasında Şahənşahın hakimiyyətə başlması ilə I Axsitanın hökmranlığının sonunun vaxt etibarilə yaxın olduğu qənaətinə gəlmişdir. Şahənşahın sikkələrində yalnız xəlifə ən-Nasirin adı vardır. "Məlik əl-müəzzəm" ləqəbi və Şirvanşah titulu Şirvanşahın XII əsrin sonu, XIII əsrin əvvəllərində müstəqil olduğunu göstərir. Şahənşahın hökmranlığı uzun sürməmiş və özündən sonra sikkələrdən başqa heç bir abidəsi qalmamışdır. O, I Axsitanın Şirvanşah taxtına göztikən, ehtimal ki, artıq ahıl yaşlarında olan qardaşlarının taxtda birbirini tez-tez əvəz etdikləri hərc-mərclik dövründə yaşamışdır.


Tarix: 11.02.2015 / 18:59 Müəllif: Feriska Baxılıb: 129 Bölmə: Şirvanşahlar dövləti
loading...