Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qazi bəy

Fəaliyyəti
Bəhram bəyin ölümündən sonra h.907 (1501)-ci ildə Şirvanşahlar taxtına onun qardaşı Qazi bəy ibn Fərrux Yasar çıxdı. O, Şah İsmayıl Xətainin Bakı şəhərini mühasirəyə alıb tutduğu altı ay müddətində hakimiyyət sürmüşdü.

Şah İsmayıl Xətainin Bakını fəth etməsi
XVI əsr tarixçiləri Xondəmir və Həsən bəy Rumlu İsmayılın Bakını almasından təfsilatı ilə xəbər verirlər. İsmayılın əmri ilə sərkərdələrdən Məhəmməd bəy Ustaclı və İlyas bəy Ayqutoğlu Xunuslu qoşunların başında Bakı qalasını almağa göndərilmişdilər.

O vaxt Bakı şəhəri alınmaz qala sayılırdı. O, üç qat möhtəşəm divarla, bir tərəfdən dənizlə, quruda isə geniş və dərin xəndəklə əhatə olunmuşdu. Şəhərə yaxınlaşan qızılbaş döyüşçüləri onun əfsanəvi Makedoniyalı İsgəndər səddini xatırladan qala divarlarının əzəmətinə heyran qaldılar. İsmayıl üçün bu qalanı tutmaq çox vacib idi. Çünki Bakı o vaxtlar Şirvanın iri şəhərlərindən biri və Xəzər dənizində ən yaxşı tranzit ticarət mərkəzi idi. Qızılbaş qoşunu Bakı qalasını mühasirəyə aldı və vuruşma başladı. Qədimdən Şirvanşahlar xanədanına sədaqətli olan bakılılar istehkamlarının alınmazlığına, böyük silah, müdafiə ləvazimatı və ərzaq ehtiyatına güvənərək igidliklə vuruşurdular.

Bu vaxt Fərrux Yasarın oğlu Qazi bəyin torpaqları Bakı, Mahmudabad və Salyandan ibarət idi. , Şirvanın dağ qalalarında müqavimət göstərməkdə davam edirdi. Qazi bəy olmadığı müddətdə şəhərin müdafiəsinə onun adı mənbələrdə çəkilməyən mərd arvadı başçılıq edirdi. O, İsmayılın təslim olmaq təklifi və tövsiyəsi ilə yanına gəlmiş elçisinin edam olunmasını əmr etdi. Onu İsmayılın qəzəbi ilə qorxudaraq təhdidlə şəhəri qızılbaşlara təhvil verməsini tələb edən Bakı darğası Əbdülfəttah bəyin də başına eyni aqibət gəldi.

Bakılıların inadlı müqaviməti İsmayıl Səfəvini sərkərdə Hülafə bəyin başçılığı altında yeni qüvvələr göndərməyə məcbur etdi. Mühasirənin sonuna yaxın o özü də buraya gəldi. Mühasirədəkilərin inadlı müqavimətini görən İsmayıl lağım atıb qala bürclərindən birinin böyük daşını partlatmağı əmr etdi. Şəhərin müdafiəçiləri divardakı yarığı çadır keçəsi ilə tutaraq üç gün duruş gətirdilər. Lakin sonra Səfəvi qoşunları şiddətli həmlə ilə qalanı ələ keçirib əhalidən xeyli adam qırdılar. Bakının 70 nəfər mötəbər şəxsi artıq müqavimət göstərməyin mənasız olduğunu görərək, əllərində Quran, boyunlarında qılınc, kürəklərində kəfən İsmayılın hüzuruna gələrək öz itaətlərini bildirdilər.

Həsən bəy Rumlunun hekayəti Xondəmirin mətnindən bir qədər fərqlənir. O, nəql edir ki, İsmayıl özü Bakıya yaxın gələrək xəndəyi daşla doldurmağı əmr etmişdir. Xəndəklər daşla doldurulub qala divarları ilə bərabərləşəndə şəhər əhalisi İsmayıldan aman dilədi. Onlar bağışlanmaq vədi alaraq, qapıları açdılar və çiyinlərində kəfən, əllərində qılınc itaət göstərdiklərini və tabe olduqlarını bildirmək üçün onun hüzuruna gəldilər. Həsən Rumluya görə İsmayıl onları bağışladı və bakılılar "qan bahası" olaraq ona o dövr üçün böyük məbləğ sayılan 1000 tümən verdilər. İsmayıl sərkərdəsi Hülafə bəyə Şirvanşahların xəzinəsini ələ keçirib öz düşərgəsinə göndərmək üçün qalanı təcili tutmağı əmr etdi. Hülafə bəy Bakının adlı-sanlı sakinlərini özü ilə götürdü və sarayda çoxlu qızıl ələ keçirib, Şirvanşahların bütün sərvətini bakılıların qiymətli hədiyyələri ilə birlikdə İsmayıla göndərdi. Həsən Rumlunun məlumatına görə qızılbaşlar Şirvanşah Mirzə Xəlilüllahın cənazəsinin qalıqlarını tapıb yandırdılar, habelə onun türbəsinin günbəzi altında çoxlu qızıl tapdılar. Həsən Rumlu və Xondəmirin məlumatına görə, İsmayıl şeyx Cüneydin öldürülməsində iştirak edənlərin qəbirlərini qazıb, sümüklərini odda yandırmağı əmr etmişdir. Ehtimal ki, bu məlumat Xəlilüllahın özünə aiddir, belə ki, onun qəbri məlum deyildir.

Bakının İçərişəhər hissəsindəki sarayın ərazisindəki Şirvanşahlar türbəsində aparılan qazıntılar nəticəsində Xəlilüllahın ailə üzvlərinin türbələrinə toxunulmadığı aşkar edilmişdir. Ehtimal ki, üzərində kitabələr olan qəbir daşları sındırılmışdır. Belə ki, onlar qalmamışdır. Divanxana pavilyonunun qapı açırımlarından birində pozulmuş, ola bilsin ki, sındırılmış və indiyədək oxunmamış ərəbcə bir sətirlik kitabə qalmışdır. Lakin V.M.Sısoyev həmin kitabədə I Xəlilüllahın adını və h.832 (1428/9)-ci il tarixini olduğunu iddia edirdi ki, bunu yoxlamaq mümkün deyil. Divanxananın xatirə abidəsi olması haqqında mülahizələr vardır. Güman ki, bu bina türbə olmuş və mənbələrin məlumatına görə cənazənin qalıqları qızılbaşlar tərəfindən qəbirdən çıxarılıb yandırılan Xəlilüllah orada dəfn edilmişdi. İsmayıl Bakını aldıqdan sonra Gülüstan qalasını tutmağa getdi. Çünki eşitmişdim ki, Şirvan qoşunlarının salamat qalmış hissələri oraya çəkilmişdir. Qalanın müdafiəçiləri Buğurt və Surxab qalalarını Qazi bəyin oğlanlarının əlində olduğunu güman edərək, bildirdilər ki, Qazi bəy öz qalasını təslim edərsə, onlar da təslim olarlar. Lakin İsmayıl tezliklə Gülüstanın mühasirəsini buraxaraq, əmirlərinə bunu yuxuda imamdan tapşırıq alması ilə izah etmişdir. 1501-ci ildə Səfəvi qoşunları Şirvanı tərk edərək Azərbaycana – Ağqoyunlu Əlvəndlə mübarizəyə yollandılar. Qızılbaşlar Şirvanı tərk edərkən burada Səfəvilərin nümayəndələrini qoyub getdilər. İsmayıl öz dayəsi Hüseyn bəy Lələ Şamlunu Şirvana canişin təyin etdi, o isə öz yerində cilovdarı Şahgəldi ağanı qoydu. Bakı qalasının Şirvanşahlar sarayı yaxınlığındakı məhəllələrindən biri son vaxtlaradək ehtimal ki, o burada yaşadığından Şahgəldi məhəlləsi adlanırdı. İsmayıl Şirvandan gedərək Əlvəndə qalib gəldikdən və o öldürüldükdən sonra Azərbaycanı tutdu və h.907 (1501/2)-ci ildə Təbrizə daxil olaraq özünü şah elan etdi.

Ölümü
Şirvanşahlar dövləti güclü sarsıntıya məruz qalmasına və Şeyx İbrahim, onun oğul və nəvələrinin vaxtındakı kimi qüvvətli olmamasına baxmayaraq, varlığını davam etdirirdi. Mənbələrin məlumatına görə Qazi bəy altı aya yaxın hakimiyyət sürmüşdür. Onun oğlu Sultan Mahmud atasının əleyhinə qiyam qaldıraraq, h.907 (1501/2)-ci ildə onu öldürmüşdür.

Miras
Bu Şirvanşahın hakimiyyəti dövründən onun adından kəsilmiş "Qazibəyi" adlandırılan sikkələr qalmışdır.

1948-ci ildə tapılmış Bakı dəfinəsinin numizmatik məlumatları onun hakimiyyət illərini və mənbələrdə Qazi bəy adlandırılan Şirvanşahın tam adını dəqiq müəyyənləşdirir. Həmin dəfinədə aşkar edilmiş sikkələrin üz tərəfində "Ədalətli Şirvanşah, möminlərin əmiri Sultan Məhəmməd Qazi" sözləri həkk edilmişdir. Sikkənin əks tərəfində isə ənənəvi din rəmzi və xəlifənin (Əbu Bəkr, Ömər, Osman, Əli) adları yazılmışdır.

Qazi bəyin – Sultan Məhəmməd Qazinin tam adına Fərrux Yasarın Bakı və Abşeron hakimi olan böyük oğlunun, gələcək Şirvanşah Şamxal Sultan Məhəmməd Qazinin Mahmudabad şəhərinin, Güstəsbi və Salyan vilayətlərinin valisi təyin edilməsi haqqında fərmanının dövrümüzədək gəlib çatmış surətində də rast gəlinir. Şamxal titulu onun ana tərəfdən Dağıstanın Qaytaq usmisi ilə qohumluğunu göstərir. Fərmanda valinin fəaliyyəti və vəzifələri qeyd edilir. Valinin səlahiyyətinə vilayətin çətin işlərinə baxılması, vəzifə və rütbələrin böyüdülüb kiçildilməsi, qəbzlərin yazılması, müəyyən vəzifəli şəxslərlə müqavilələrin bağlanması və ya pozulması daxil idi. Ona xüsusilə, yığılıb qalmış çoxlu işlərə baxmaq əhali narazılıq edərsə, üləma və axundların işləri ilə təhqiqat aparmaq tövsiyə olunurdu. Qazi bəyə islam dininin qayda-qanunlarına əməl etmək, dövlətin dayağı və hökmdarların rəiyyəti itaətdə saxlamaq üçün köməklərinə arxalanmalı olduqları "möhtərəm seyidlərə, görkəmli şeyxlərə, xalq imamlarına" hörmət etmək tapşırılırdı. Tacirlərin işlərinə baxılarkən onların mahiyyətinə dərindən nüfuz etmək məsləhət görülürdü. Sənəddə Şirvanşah Şamxal Sultan Məhəmməd Qazi bəydən yüksək rütbəli məmurlara rəiyyətdən divan üçün vergi toplanarkən haqsızlığa, məmurların rəiyyətin gəlirini yerindəcə müəyyənləşdirmədən onlara vergi qoymasına, onları saymasına yol verməyi tapşırmağı tələb edirdi. Cərimə edərkən dəftərlərdə əksini tapmış qayda-qanunlardan kənara çıxmamaq tövsiyə olunurdu. Bu sənəddən aydın olur ki, Qazi bəyin Güstəsbi və Salyan vilayətlərinin valisi təyin edilməsinə səbəb rəiyyətin narazılığı və geniş zəhmətkeş kütlələrinin feodalların istismar və zülmünə, məmurların özbaşınalığına qarşı mübarizənin güclənməsi olmuşdur. Fərmanda feodal hakiminin ideologiyası və ruhanilərin dövlət işlərindəki rolu, habelə, Şirvanşahlar dövlətində inzibati idarəetmə sisteminə dair məlumatlar da əksini tapmışdır.


Tarix: 11.02.2015 / 18:57 Müəllif: Feriska Baxılıb: 307 Bölmə: Şirvanşahlar dövləti
loading...