Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirvanşahlar dövləti - Əhalisi

Şirvan hələ qədimdən müxtəlif yerli və gəlmə tayfalarla məskunlaşmışdı. Bunu yazılı mənbələrlə yanaşı, arxeoloji və toponimik materiallar da sübut edir. V əsr müəllifı Favstos Buzand IV əsrin birinci yarısı ilə bağlı hadisələrdən danışarkən maskut hökmdarı Sanesanın "müxtəlif köçəri tayfalardan" ibarət qoşunu sırasında hunların, təvəsparların, xeçmatakların, ijmaxların, balasaçilərin və i.a. adını çəkir. VII əsrin əvvəlinə aid anonim bir mənbədə Cənubi Dağıstanda, Şirvanda və Xəzər dənizinin qərb sahillərində məskunlaşmış tayfalar sadalanır. Mətndə adları çəkilən və ehtimal ki, bəziləri istisna olmaqla, ölkənin avtoxton əhalisi olan ləklər, hunlar, xəzərlər, zekenlər (tsekanlar), xenuklar (xenavilər), kaspilər, şərvanlar, xsranlar, təvəsparlar, xeçmataklar, ijmaxlar, bakanlar, pikonaklar (peçeneqlər), maskutlar.

Orta əsr müəllifləri eramızın başlanğıcından Şirvana türkdilli hunlar, sabirlər və xəzərlərin yürüşləri barədə məlumat verirlər. Köçərilərin basqınlarından qorumaq məqsədi ilə Sasani hökmdarları I Qubad və I Xosrov Ənuşirəvan Şirvana Lahican, Təbəristan, Gilan və sair əyalətlərindən irandilli tayfa köçürmüşdü. Türkdilli tayfaların Şirvana axını VI əsrdə xüsusilə güclənmişdi. Həmin dövrdə Qafqazda ən qüdürətli tayfa birliyi Dağıstan ərazisində yaşayan sabirlərə məxsus idi. Onlar Şirvanı və Arranı tutub keçmiş məkanları olan Dərbənd–Qəbələ zonasına yayılmışdılar. Təqribən I əsrdə orada yaşayan sabirlərin bir qismi yeli əhali ilə qaynayıb qarışaraq oturaq həyata keçmişdir. Şimali Qafqazda yaşayan türk tayfa ittifaqına qalib gələn I Xosrov Ənuşirəvan əsir alınmış 3 min hərbi başçını, o cümlədən ailələri ilə birlikdə 50 min nəfərdən ibarət türk döyüşçüsünü Arran və Şirvanda yerləşdirdi. Türkdilli tayfaların Şirvanda məskunlaşması prosesi intensiv olaraq davam etmişdir. VII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd əsir aldığı 40 min xəzəri Samur və Şabran arasındakı əraziyə köçürmüşdü.

Dil
Şirvanşahlar dövlətində rəsmi ədəbi dil fars dili idi. Ərəb dilindən ilahiyyatda və dini ayinlərdə istifadə olunurdu. Canlı danışıq dili türk - Azərbaycan dili idi. Elmi əsərlər həm fars, həm də ərəb dillərində yazılırdı.


Tarix: 11.02.2015 / 19:08 Müəllif: Feriska Baxılıb: 100 Bölmə: Şirvanşahlar dövləti
loading...