beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rusların Azərbaycan ərazisinə yürüşləri

İlk yürüş
Əli ibn Heysəmin hakimiyyəti dövründə əl-Məsudinin qeyd etdiyi başqa hadisə də olmuş, Xəzərlərlə yanaşı, Şirvana ruslar da dəfələrlə dənizdən basqınlar etmişdilər. Şirvanşahlar və Dərbənd əmirləri bu basqınlara qarşı mübarizə aparırdılar. Ticarət məqsədilə öz gəmilərində Xəzər dənizinin sahillərinə üzüb gələn rus tacirləri Azərbaycanın dəniz sahili ərazilərində yaxşı bələd idilər. Ruslar təqribən 914-cü ildə Bakı sahillərinə hücum etdilər. "Rus drujinaları buraya ilk dəfə gəlmirdilər. Onlar qədimdən şərqi Avropa ölkələri, Qafqaz və İran arasında qızğın ticarət gedən yaxşı bələd olduqları yolla irəliləyirdilər".

Rusların bu səfərini əl-Məsudi ətraflı təsvir etmişdir. O göstərir ki, h.300 (912-13)-cü ildən sonra rusların hərəsində 100 adam olan təqribən 500 gəmisi Don çayı ilə Xəzər kanalına qədər gəldi. Rusların gəmiləri kanalın ağzını qoruyan Xəzər gözətçi dəstələrinin durduğu yerə çatdıqda ruslar bu dənizin ətrafinda yaşayan xalqlardan zəbt etdikləri qənimətin yarısını xəzər xaqanına verməyi vəd edib, ondan bütün ölkəni keçərək Volqa çayına, sonra isə üzüaşağı üzüb çayın mənsəibnə və Xəzər dənizinə çıxmağa razılıq aldılar. "Xaqan onların bu qanunsuz işi etməsinə icazə verdi və ruslar körfəzə girib, çayın (Donun) mənsəibnə yetişdilər və onun vasitəsilə üzüyuxarı üzməyə başladılar. Nəhayət, Xəzər çayına (Volqaya) çatdılar və bu çayla Atil şəhərinədək endilər, onun yanından ötərək, çayın Xəzər dənizinə töküldüyü yerdə mənsəibnə yetişdilər, oradan isə (Təbəristandakı) Amul şəhərinə doğru (üzdülər). Rusların gəmiləri dənizə səpələndi və Gilana, Deyləmə, Təbəristana, Curcan sahilindəki Abeskuna neft verən vilayətə (iləd ən-nəffətə – Abşeron) və Azərbaycan istiqamətində yerləşən (bütün torpaqlara) basqın etdilər... bu dənizin ətrafında yaşayan xalqlar özlərini itirdilər, çünki keçmişdə onlann üzərinə dənizdən basqın edən düşmən görməmişdilər. Dənizdə yalnız ticarət və balıqçı gəmiləri üzərdi. Ruslar gilanlılarla, deyləmlilərlə və İbn Əbu əs-Sacın sərkərdələrindən biri ilə vuruşdular. Sonra onlar Şirvan şahlığının Bakuh adı ilə tanınmış neft verən sahilinə gəlib çıxdılar. (Sahilboyundan) qayıdarkən ruslar neftverən (vilayətdən) cəmi bir neçə mil aralı olan adalarda daldalandılar. O vaxtlar (təqr. 914-cü il) Şirvanım şahı Əli ibn əl-Heysəm idi. Əhali hazırlıq gördü, qayıqlarına (kəvarib) minib, həmin adalara qədər üzdü. Ruslar onların qarşısına çıxdılar. Minlərlə müsəlman öldürüldü və dənizdə boğuldu."

Əl-Məsudi isə qeyd edir ki, Azərbaycanın cənubunun, Arranın, Beyləqanın, Bərdə vilayətinin və başqa şəhərlərin, habelə onlarla birlikdə Deyləm, Gilan və Təbəristanın əhalisi qaçmağa üz qoydular, çünki onlar dənizdən hücum gözləmirdilər və qəfil basqına məruz qalmışdılar. Ruslar bu dənizdə bir neçə ay qaldılar, belə ki, dənizlə qonşuluq edən heç bir xalq bir ölkədən başqasına gedib-gələb bilmirdi. Ruslar böyük qənimət əldə etdikdən sonra yenidən xəzər torpaqlarına qayıtdılar. Lakin burada onlar müsəlmanların hücumuna məruz qaldılar. Onlann böyük hissəsi (30 000 – ə yaxın) qırıldı və yalnız cüzi bir qismi (5 minə yaxm) xilas olub vətənə qayıda bildi.

Əli ibn Heysamın ölümündən sonra onu əvəz edən I Məhəmməd ibn Yezid haqqında məlumatlar olduqca azdır. Atası I Məhəmməd ibn Yezidin ölümündən sonra hakimiyyətə gələn Əbu Tahir Yəzid ibn Məhəmməd Şirvana da sahib olmaq üçün səbirlə məqam gözlədi. Adamlarının əksər hissəsi əsir alınıb öldürülən Əli ibn Heysəmin zəifləməsindən istifadə edən Yezid qəflətən Mərzuqiyyədə onun üzərinə hücum çəkərək özünü, oğlu Abbası və nəvəsi – Abbasın oğlu Əbu Bəkiri əsir aldı. Yəzid Heysəmi və Abbası edam etdi. Əbu Bəkir qaçdı. "Beləliklə, xoşbəxtlik Heysəmin evini tərk edib, onun qardaşı (əminəvəsi Yəzidin) evinə köçdü..."

"Tarix-i əl-Bab"a görə Əbu Tahir Yezid ibn Məhəmməd ibn Yəzid ibn Xalid ibn Yezid ibn Məzyəd ibn Zaidə əş-Şeybani h.305 (917)-ci ildə Şirvanı zəbt etmiş, h.306 (918)-cı ildə isə Şirvan torpağında Yəzidiyyə şəhərini saldırmışdır. Lakin arxeoloji tədqiqatlar Yəzidiyyənin qədim yaşayış məskəninin yerində tikilməsini sübut etmişdir. S. Aşurbəyli isə ehtimal edir ki, Əbu Tahir Yəzid onun tikintisini başa çatdırmış, möhkəmləndirmiş və öz şərəfınə Yəzidiyyə adlandırmışdır. O, Layzanı iqta şəklində oğullarından birinə – Məhəmmədə vermişdir. Şirvanşah Əbu Tahir Yəzid otuz üç ilə yaxın hökmranlıq etmiş h.337-ci ilin rəbiül-əvvəl (948-ci il, sentyabr) ayında ölmüşdür.

Əbu Tahir Yezidin hakimiyyəti dövründə Dərbəndlə bağlı bir sıra hadisələr baş vermişdi. H.318 (930)-cı ildə Şabranın qapıları qarşısında onun oğlu Məhəmmədlə əl-Baibn əmiri Əbu əl-Malik əl-Haşimi arasında vuruşma olmuşdu. Lakin tərəflərin heç biri qəti qələbə çala bilmədi və onlar arasında barışıq bağlandı. Bu dövrdə Dərbənddə "Tarix-i əl-Bab"a görə, əsası h.255 (869)-ci ildə Haşim ibn Süraqə tərəfindən qoyulmuş Haşimilər sülaləsi hakimiyyət sürürdü.

Kiyev knyazının yürüşü
Kiyev knyazı Svyatoslavın 965-ci ildə Volqaya və Şimali Qafqaza səfəri barədə İbn Havqəlin h.358 (969)-ci ildə verdiyi məlumat da Əhməd ibn Məhəmmədin hakimiyyət vaxtına təsadüf edir. İbn Havqəlin sözlərindən görünür ki, ruslar, Səməndər də daxil olmaqla, bütün Xəzər torpaqlarını tutmuş və vaxtı ilə qüdrətli olan Xəzər dövləti təkrarən öz gücünü bərpa edə bilməmişdi. Xəzər xaqanlığından qaçanlar Abşeron və Manqışlaq yarımadalarında sığınacaq tapdılar. İbn Havqəlin dediyinə görə bəzi qaçqınlar Şirvanşah Məhəmməd ibn Əhməd əl-Əzdinin köməyilə Xəzər paytaxtlarına (İtil, Xəzəran) qayıtmağa başlamışdılar. Şirvanşah onlara öz qoşunu və adamları ilə yardım göstərmişdir.

Şirvanşah Əhmədin ölümündən sonra taxta onun oğlu Məhəmməd ibn Əhməd çıxdı. O, qonşu feodallara qarşı təcavüzkar siyasət yeridir və öz ərazisini bir sıra şəhərləri ilhaq etmək hesabına genişləndirməyə çalışırdı. O, h. 371 (981/2)-ci ildə o, Qəbələ, h.372 (982)-ci ildə isə Bərdə şəhərini tabe edib Musa ibn Əlini özünün canişini təyin etdi. Məhəmməd öz şəhərlərini də möhkəmləndirirdi. Belə ki, h.373 (983)-cü ildə o, Şabranın, hərbi əməliyyatlar nəticəsində dağıdılmış hasarlarını bərpa etdirdi. H.372 (982)-ci ildə babası II Məhəmməd ibn Yezidin Layzana (V.F.Minorskiyə görə Lahıc) birləşdirdiyi Xursan və Şirvan məliklikləri Məhəmməd ibn Əhmədin mülklərinə daxil idi.

H.378 (988)-ci ildə ət-Tuzi Dərbəndi onun əmiri Əhməd Haşiminin oğlu Məymundan aldı və onu şəhərdən qovdu. Sonra o, şəhəri Şirvanın hakimi Məhəmməd ibn Əhmədə təslim etdi. O, bir neçə ay şəhərdə hökmranhq etdi, lakin Məymunun qulamlarından Balid (S. Aşurbəyli bu adı Baldu kimi bərpa edir) adlı birisi tərəfindən yaralanan Məhəmməd ibn Əhmədi ona tabe olan feodallar Şirvana apardılar. Balid onun iqamətgahında üstünə atılaraq təbərzinlə boynunun ardından vurub yaralamışdı. Qulam Təbərsəranda gizlənən və bu hadisələrdən sonra Dərbəndə qayıdan ağası Məymunun yanına qaçmışdı. Məhəmməd tezliklə sağaldı. Lakin bu zaman onun Bərdədəki canişini Musa ibn Əli açıqca qiyam qaldıraraq, yalnız öz adından xütbə oxunmasını Şirvanşah Məhəmmədin adının xütbədən çıxarılmasını əmr etdi. Sonra "Tarix-i əl-Bab"da xəbər verilir ki, h.380 (990)-cı ildə Dərbənd əhalisi öz əmirləri Məymuna qarşı üsyan qaldıraraq onu hakimiyyətdən qovdular. Onlar Şirvanşah Məhəmməd ibn Əhmədi Dərbəndə dəvət etdilər. Dərbəndə gələn Məhəmməd qalanı yenidən tikdirdi, daha doğrusu, bərpa etdirib möhkəmləndirdi və orada öz adamlarından ibarət qarnizon yerləşdirdi. Bundan sonra o, öz paytaxtına, Yəzidiyyəyə qayıtmış, on bir il səkkiz ay və iyirmi bir gün səltənət sürdükdən sonra h.381 (991)-ci ilin ramazan ayında (noyabr) ölmüşdür.
Şirvanşah Məhəmməd ibn Əhmədin ölümündən sonra hakimiyyətə qardaşı Yezid ibn Əhməd keçdi. Bu hadisələrdən və hakimiyyətin dəyişilməsindən istifadə edən əmir Məymun II dəfə Dərbəndi tutaraq, cəmi bir il beş ay əvvəl, Şirvanşah Məhəmməd ibn Əhmədin vaxtında tikilmiş orta (köndələn) divarı (Əs-sür əl-vəstani) dağıtdı. Yezidin hökmranlıq illəri onun öz dövlətinin ərazisini qoşunlarının hesabına genişləndirmək məqsədilə apardığı feodal ara müharibələri ilə əlamətdardır. H.382 (992)-ci ildə Qəbələ rustaqında şirvanlılarla şəkərlilər (şəkililər) arasında şiddətli vuruşma baş verdi. Şirvanşah Yəzid ibn Əhmədin hakimiyyəti onunla əlamətdar idi ki, o, dövlət işlərini təkbaşına idarə etmir, bütün dövlət işlərini bərdəli Abbasın oğlanları Ədb ül-Əziz və Əbd ül-Səmədə həvalə edir, yalnız onların məsləhəti ilə qərar çıxarırdı. H.389 (999)-cu ildə Şirvanşah Yezid Qəbələnin hakimi, Gürzül qalasının sahibi Əbd ül-Bərr Ənbəsə ilə müharibə edərək, Gürzül qalasını onun əlindən aldı. Bundan sonra elə həmin il Şirvanşah Zirkiyyə (daha doğrusu, Rizkiyyə) mülkünə sahib olmaq üstündə Dərbənd əmiri Ləşkəri ibn Məymunla vuruşdu lakin uğur qazana bilmədi. Ləşkəri Şəbərana yürüş etdi. Lakin Şirvanlılar onlarla şəhərin qapıları qarşısında vuruşdular. Dərbənd qoşunu ağır məğlubiyyətə uğradı, döyüşdə Ləşkərinin qardaşı Əbu Nəsr ibn Məymun əsir alındı. Şirvanşah onu həbsxanaya saldırdı, barışıq bağlandıqdan sonra o, girov saxlandı. H.391 (1001)-ci ildə Ləşkərinin ölümündən sonra Dərbənd əhalisi Şirvanşah Yeziddən özlərinə əmir seçmək istədikləri Əbu Nəsrin azad olunmasını tələb etdilər. Lakin Yəzid qızını Əbu Nəsrə ərə vermək istəməsi bəhanəsilə bundan boyun qaçırdı və şərt qoydu ki, Əbu Nəsri o zaman buraxar ki, Dərbənd camaatı Dərbənd və Sull (Çul) qalalarının tikilməsinə (daha doğrusu, bərpa olunmasına) razılıq versinlər. Dərbəndlilər bu təklifi rədd etdilər və Yəzid heç bir günahı olmayan Əbu Nəsri edam etdi. Əbu Nəsr Şabran qalasının həbsxanasında saxlanırdı və Şirvanşah onu həmin şəhərin qapıları qarşısında dəfn etdirdi. Bu hadisə h.392 (1002)-ci ildə olmuşdur. Dərbənd əhalisi Əbu Nəsrin qardaşı Mənsuru əmir seçdi. Şirvanşah Dərbəndi tutmaq üçün müharibəni davam etdirdi. Döyüşlər gah bu, gah da digər tərəfin üstünlüyü ilə gedirdi. H.410 (1019)-cu ildə sərhəd vilayətinin (səqr), Dərbəndin əhalisi öz əmiri Mənsurun əleyhinə üsyan qaldırdı, onu şəhərdən qovub hakimiyyəti Şirvanşah Yəzid ibn Əhmədə təslim etdi. Yəzid ibn Əhməd Dərbənd qalasını bərpa etdi və orada öz qarnizonunu yerləşdirdi. Lakin Səririn hakimi Mənsuru müdafiə etdi. Dərbənd sakinləri Şirvanşaha xəyanət edərək Mənsurun tərəfinə keçdilər. H.412 (1021)-ci ildə Mənsur Dərbəndə daxil olaraq onu Yəziddən aldı. Sonra Mənsur Şabrana hücum etdi. Şirvanlılarla Mənsurun qoşunları arasında bir neçə vuruşma oldu. Lakin düşmən tərəflərin heç biri qələbə qazana bilməyib aralandılar. Dərbənd əhalisi h.414 (1023)-cü ildə yenidən əmir Mənsuru şəhərdən qovdu, Şirvanşah Yezidi dəvət edib, Dərbəndi ona təhvil verdi. Yəzid qalanı bərpa etdi. H.415-ci ilin ramazan ayında (noyabr 1024) Mənsur qayıtdı və iyirmi gündən sonra yenidən qalanı ələ keçirdi. H.416 (1025)-cı ildə Şirvanşah Yəzidin qardaşı Heysəm Təbəsəranda, Şirvanşahların ailə üzvlərinin irsi mülkü olan "Məhəmməd mülkü"ndə öldü. Elə həmin ildə Sərracilərə – ehtimal ki, sərraclar zümrəsinin tərəfdarları ilə Şirvanşahlar arasında şiddətli mübarizə başladı və Şirvanşahlar qalib gəldilər.

Rusların ikinci yürüşü
1030 – cu ildə ruslar Şirvana basqın etdilər. H.421 (1030)-ci ildə Bakı yenidən otuz səkkiz gəmi ilə yürüş edən rusların hücumlarına məruz qaldı. I Mənuçöhr ibn Yəzid onları Bakuya (Bakı) yaxınlığında qarşıladı. Ruslarla vuruşmada çoxlu Şirvanlı, o cümlədən zadəganlardan Əhməd ibn Xasskin (Xasstəkin) həlak oldu. Sonra ruslar Kürlə üzüyuxarı üzərək Araza çatdılar. Mənuçöhr rusların hərəkətini dayandırmağa çalışaraq, Arazın qabağını bəndlə kəsib, onların irəliləməsinə mane olmağa cəhd göstərdi. Lakin ruslar Şirvanşahın dəstəsini batıra bildilər. Bununla belə, onların Arazla irəliləməsi dayandırıldı.

Həmin ildə Azərbaycanın qərbini əhatə edən Şəddadilər dövlətinin hökmdarı Musa ibn Fəzl rusları dəvət etdi, onlara çoxlu pul verərək əhalisi üsyan qaldırmış Beyləqanın üzərinə göndərdi. Musa ibn Fəzl feodalların ara müharibələrində dəfələrlə muzdlu əsgər kimi tutduqları rusların köməyi ilə Beyləqanı ələ keçirdi, öz atasına və qardaşına qarşı qiyam qaldırmış qardaşı Əskəriyyəni öldürdü. Sonra ruslar Arranı tərk edərək Ruma getdilər və oradan vətənlərinə qayıtdılar. Mənbədə göstərilir ki, ruslar tezliklə – h.421-ci ilin zilhiccə ayında (noyabr 1031) yenidən gəldilər.

Bu dəfə Şirvanşahın qaynı olan Şəddadi hökmdarı Əbülfəth Musa ibn əl- Fəzl ibn Məhəmməd ibn Şəddad ruslara hücum etdi. Bakuya yaxınlığında onlarla vuruşdu, düşməni ölkədən sıxışdırıb çıxararaq xeyli hissəsini qırdı. "Tarix-i əl-Bab"da xəbər verilir ki, h.423 (1032)- ci ildə alanlar və sərirlilər ruslarla birlikdə Şirvana hücum edərək Yəzidiyyəni zorla ələ keçirdilər. Mənbədə sonra göstərilir ki, onlar Şirvanı qarət edib, əsirlərlə birlikdə öz ölkələrinə qayıdarkən əl-Babın taxta (əl-xəşab) qapılarına çatdılar, lakin sərhəd vilayətlərinin əhalisi əmir Mənsurun başçılığı ilə onlara hücum etdi və çoxunu məhv edərək Şirvandan qarət etdikləri hər şeyi əllərindən aldı. Alanların cüzi bir hissəsi əmirləri ilə birlikdə xilas ola bildi. H.424 (1033)-cü ildə alanların dəstəsi əl-Bab sakinlərindən qisas almaq məqsədilə yenidən basqın etdi və bu dəfə də məğlubiyyətə uğradı.

Şirvanşah Əbu Mənsur ibn Yezid qardaşı Mənuçöhr ibn Yezidi öldürdükdən sonra, 1034 – cü ildə hakimiyyətə gəlmişdir. O da, öz sələfləri kimi, əl-Baba sahib olmaq üçün bu şəhərin əmiri ilə müharibə aparmışdır. Sonra Şirvanşah vəziri Mənsur ibn Müsəddidi əl- Babda öz canişini təyin edərək onu "hökumət binası"nda yerləşdirdi, özü isə h.426 (1035)-cı ildə paytaxtı Yəzidiyyə qayıtdı. Lakin əmir Əbd ül-Məlik elə həmin il qəflətən əl-Babda Şirvanlılara hücum edərək Mənsur ibn Müsəddidi öldürdü. İçqalanı mühasirəyə aldı və rəis Əli ibn Həsən ibn Ənakın vasitəçiliyi ilə h.426-cı il rəcəb ayının 1-də (12 may, 1035) onun təslim edilməsinə nail oldu. Bundan sonra o, şəhəri və qalanı tutdu, Şirvan qoşunları isə Şirvana qayıtdı. Sonra Əbd ül-Məlik Şirvanşahla sülh sazişi bağladı və h.427-ci ilin səfər ayında (1035-ci ilin dekabrında) onun bacısı, Yəzidin qızı Şəmkuyyə ilə evləndi.

Əl-Babın hərbi rəisləri öz təhlükəsizliyi üçün qorxu keçirməyə başladılar. Buna görə də onlar tabeliyində olanlarla birlikdə Əbd ül-Məlikə hücum edib, onun vəzirini evindəcə öldürdülər. Əbd ül-Məlik ailəsi ilə Şirvana qaçdı. Rəislər onu paytaxta qaytarıb gətirmək üçün Şirvana iki ağsaqqal göndərdilər. Lakin Şirvanşah elçiləri həbs etdi, onları qandallayıb qalalardan birinə saldı. Bundan sonra o, əmirə əl-Babda öz hakimiyyətini bərpa etməkdə kömək göstərdi. Əmir Əbd ül-Məlik doqquzillik hakimiyyətdən sonra h.434-cü il rəcəb ayının 25-də, cümə axşamı (10 mart 1034-cü il) öldü. Əbu Mənsur Şirvanda on il – h.435 (1043)-ci ildə ölənə qədər hakimiyyət sürdü.

Şirvanşah Əbu Mənsur ibn Yezidin ölümündən (1043) sonra hakimiyyətə onun qardaşı Qubad ibn Yezid gəlmişdir. Hələ Şirvanşah Əbu Mənsurun hökmranhğı dövründə Şirvanşahla hərbi rəislər arasında çəkişmələr davam edirdi. H.436 (1044)-cı ildə əl-Bab əmiri ilə hərbi rəislər arasında nifaq düşdü. Onlar əmirin üstünə hücum çəkdilər, onun arvadı Şəmkuyyəni ələ keçirib qardaşı Şirvanşah Qubadın yanına göndərdilər. Qubad Şəmkuyyəni qalaya saldı, lakin sonra azad etdi və h.437 (1045)-cı ildə ərinin yanına qaytardı. Elə həmin il Qubad türk oğuzların hücumundan qorxaraq paytaxtı Yəzidiyyənin ətrafına yonulmuş daşdan möhkəm qala divarı çəkdirdi və dəmir qapı qoydurdu. Qubad altı il səltənət sürüb h.441-cı il səfər ayının 24-də (28 iyul 1049) öldü.

Şirvanşah Qubadın öldüyü ilk gündən hakimiyyətə onun qardaşı oğlu Buxtnassar Əli ibn Əhməd ibn Yəzid ibn Əhməd ibn Məhəmməd ibn Yəzid keçdi. Təqribən bir ildən sonra o, hakimiyyətdən salındı və onun əmisi Salar ibn Yezid Şirvanşah elan olundu. Şamaxı qalası təslim olunduqdan sonra Buxtnassar Şirvandan qaçdı, lakin Saların onun dalınca saldığı dəstə Beyləqan yaxınlığında onu yaxalayıb öldürdü.

Münəccimbaşının məlumatına görə Salar h.445 (1053)-ci ildə Malu (Maluğ) qalasını tutaraq möhkəmləndirmiş, orada qarnizon yerləşdirmiş, ərzaq və silahla təchiz etmişdi. O, qalanın yaxınlığında ətrafında istehkamlar qurulmuş şəhər (mədinə) saldırmış, oraya əhali köçürmüş və cümə məscidi tikdirmişdi. Salar "kafirlərlə", ehtimal ki, (Dağıstanın islamı qəbul etməyən əhalisi ilə) müharibəni davam etdirmiş və Şirvanı onların basqınlarından qorumuşdur.

O, on beş il hökmranlıq etdikdən sonra h.455-ci il, şənbə günü səfər ayının 18-də (20 fevral 1063) ölmüşdür. Salar Şəddadi Əbüləsvar Şavur ibn Fəzllə qohumluq münasibətlərində olmuş, onun qızı ilə evlənmişdir.

Şirvanşah Salar ibn Yeziddən sonra Şirvanda onun qanuni varisi- hələ atasının sağlığında dövlət işləri ilə məşğul olan oğlu Fəribürz ibn Salar ibn Yəzid hökmranlıq etmişdi.

Fəribürzün hakimiyyəti dövründə Şirvanşahlarla qohumluq münasibətlərində olan Arran hökmdarları Şəddadilərlə bir sıra müharibələr baş verdi. H.455-ci ilin rəbiüləvvəl ayında (mart, 1063) Arran hökmdarı Şavur ibn Fəzl Şirvana hücum edərək Quylamiyan qalasını tutdu və orada öz qarnizonunu yerləşdirdi. Həmin il o, yenidən Şirvana hücum edərək ölkəni viran etdi, qoyun və mal-qara sürülərini qovub apardı. Şavur onun əleyhinə çıxan Şirvan əhalisini qırıb-çatdı, əyanlardan bir çoxunu əsir aldı və əmlaklarını qarət etdi. "Tarix-i əl-Bab" sonra xəbər verir: "Oradan hərəkət edən Şavur Yəzidiyyənin qapıları qarşısında düşərgə saldı, öz qızını – mərhum Saların arvadını (hərəmini) pulları, bütün mal və qiymətli şeyləri ilə birlikdə götürərək Arrana qayıtdı. Lakin h.455-ci ilin rəcəb ayında (iyul, 1063) o, üçüncü dəfə Şirvana gələrək Sədun kəndində dayandı, əkinləri, ətraf kənd və malikanələri yandırdı". Şirvanşah kömək istəmək üçün oğlu Əfridunu Ənuşirəvan ibn Ləşkəri ilə birlikdə ana babası olan Sərir hakiminin yanına göndərdi. Lakin Əfridun Sərir hakimindən heç bir kömək ala bilməyib üç aydan sonra əliboş geri qayıtdı. H.456-cı ilin məhərrəm ayında (yanvar, 1064) Arran hakimi Əbüləsvar Şavur ibn Fəzl dördüncü dəfə Şirvana basqın edib, bir sıra kənd və məntəqələri tutdu. Sonra Şavur qoşununun bir hissəsini bəzi əmirləri ilə burada qoyub Şirvanı tərk etdi. O, əhalidən 40 min dinar tələb etdi.

Şirvanşah Fəribürz rəcəb ayında (iyun-iyul, 1064-cü il) onunla sülh müqaviləsi bağladı. Bu müqaviləyə əsasən Şavur Şirvanşahdan 40 min dinar alıb, əvəzində Quylamiyan qalasını ona qaytardı. H.457 (1065)-ci ildə Fəribürz qoşunu ilə əl-Baibn kəndlərinə hücum çəkərək onları qarət edib dağıtdı. Şirvanşah Məsqətdəki Mehyariyə qalasına çatdıqda dərbəndlilər Qələban (Qəlabad) körpüsünün yaxınlığında ona müqavimət göstərdilər. Onların çoxu öldürüldü. Fəribürzün Dərbəndə basqınına əl-Bab əhalisinin rəisləri başçılığı ilə Əbd ül-Məlikin oğlu Əmir Mənsura qarşı üsyan qaldırıb, onu öldürmələri bəhanə olmuşdu. Mənsur Fərübürzün bibisi oğlu idi və onunla həmişə əmin-amanlıq içində yaşamışdı. Fəribürz onun intiqamını almaq üçün əl-Bab rəislərinin bir çoxunu edam etdirdi, əmlaklarını qarət edib, sürülərini qovub apardıqdan sonra Şirvana qayıtdı.


Tarix: 11.02.2015 / 19:06 Müəllif: Feriska Baxılıb: 232 Bölmə: Şirvanşahlar dövləti