beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

I Axsitan

Adı
Axsitanın adının yazılışı və oxunuşu uzun müddət alimlər arasında mübahisələrə səbəb olmuşdur. Xaqani və Nizaminin əsərlərinin müxtəlif əlyazmalarında onun adı Axtsan, yaxud Axtşan, yaxud da Axsitan yazılmışdır. Bir sıra müəlliflər – Dorn, Xanıkov, Paxomov və başqaları onun adını müxtəlif cür oxmuşlar. Fars əlyazmalarında göstərilən üç variantdan biri – "Axstan" Axsitanın adı çəkilən sikkə və kitabələrdə rast gəlinən formaya uyğundur. Sonra, Hadi Həsənin fıkrincə, Xaqani poemasındakı Zeleman tərəfındən araşdırılan Axstan sözünün ölçüsü və adın "Kartlis tsxovreba"dakı oxunuş variantı -Axsartan – onun Axsatan kimi tələffüzünü daha düzgün hesab etməyə imkan verir. Paxomovun, Zelemanın və S. Aşurbəylinin fikrincə isə, Xaqani şerinin vəzninə əsaslanaraq, Axsitan kimi tələffüz etmək daha doğrudur. Dornun cədvəlində bu Şirvanşahın adı atasının adı ilə birləşdirilərək bir şəxs – Mənuçöhr Axsitan kimi verilmişdir. Axsitanın titullarına kitabələrdə və sikkələrdə, habelə Nizaminin "Leyli və Məcnun" poemasının altı bəndində rast gəlinir. Poemada Axsitanın adı aşağıdakı ləqəblərlə çəkilir: Cəlal əd-Dövlə və-d-Din Əbü-1-Müzəffər Məlik əl-Müəzzəm Axsitan ibn Mənuçöhr, Şirvanşah, Xaqan-i Kəbir, yaxud Əkbər.

Hakimiyyət dövrü
Axsitanın sikkələrini araşdıran tədqiqatçılar onun hökmranlıq illərini təqribən müəyyənləşdirə bilmişlər. Belə ki, xəlifə əl-Müstəncid h.555-566 (1160-1170)-cı illərdə, II Arslan şah ibn Toğrul isə h.555-571 (1160- 1176)-cı illərdə hakimiyyət sürdüyündən birinci növə məxsus sikkələrdə h.555-566 (1160-1170)-cı illər arasında zərb olunmuşdur.

Lakin Amerika numizmatika cəmiyyətindəki birinci növə aid sikkədə – Sankt-Peterburq Ermitajında bir neçə belə sikkə olduğundan o nadir tapıntı sayılmır – əlli beş (xəms və xəmsin) yəni h.555 (1160)-ci il tarixi göstərilmişdir. Deməli, həmin sikkə, şəksiz, Axsitanın III Mənuçöhrün öldüyü ildə Şirvanşah taxtına çıxarkən kəsdiyi ilk sikkədir. Sonra, xəlifə əl-Müstadi h.566-575 (1170-1180)-ci illərdə, sultan III Toğrul isə h.571-590 (1176-1194)-cı illərdə hökmranlıq etmişlər. Deməli, ikinci növə aid sikkələr h.571-575 (1176-1180)-ci illər arasında zərb edilmişdir. Üçüncüsü, xəlifə ən-Nasirlidin Allah h.575-622 (1180-1225)-ci illərdə, sultan III Toğrul isə h.571-590 (1176-1194)-cı illərdə hakimiyyətdə olduqlarından üçüncü növ sikkələr h.575-590 (1180-1194)-cı illər arasında kəsilmişdir. Dördüncüsü, sultan III Toğrul h.590 (1194)-cı ildə öldüyündən və ondan sonra İraq səlcuqları əvəzinə Xarəzmşahlar hökmranlıq etməyə başladığından üzərində xəlifənin adı olub sultan Toğrulun isə adı çəkilməyən dördüncü növ sikkələr h.590 (1194)-cı ildən sonra kəsilməli idi.

Mənuçöhrün h.555 (1160)-ci ildə öldüyünü və Axsitanın ilk sikkəsinin h.555 (1160)-cı ildə zərb edildiyini nəzərə aldıqda, onda Axsitanın hakimiyyətə başlaması h. 555 (1160)-cı ilə düşür. Axsitanın zərb etdirdiyi son sikkələr h. 590 (1194)- cı ildən sonraya aiddir. Axsitanın ölüm tarixi nə mənbələrdə, nə də numizmatik məlumatlarda göstərilir. Hadi Həsənin Xaqani yaradıcılığına dair araşdırmaları göstərir ki, şair Axsitanın ölümünə mərsiyə yazmamışdır. Bundan belə çıxır ki, guya Axsitan Xaqanidən çox yaşamışdır. Məlumdur ki, Xaqani h.595-ci ilin şəvval ayında (iyul, 1199), son illərini tənha keçirdiyi Təbrizdə ölmüşdür. Saray həyatına nifrət bəsləyən Xaqani saraya qayıtmaq haqqında Axsitanın təkliflərini dəfələrlə rədd etmişdir.S. Aşurbəyliyə görə, Xaqani xəstə olduğundan Axsitanın ölümünə mərsiyə yaza bilməmiş, yaxud münasibətləri pis olduğundan yazmaq istəməmiş, yaxud da ki, yazdığı əsər hələlik tapılmamışdır. Epiqrafik və ədəbi faktlar da I Axsitanın hakimiyyət dövrünün və onun davamiyyətinin aydınlaşdırılmasına yardım göstərir. Axsitan atası III Mənuçöhr kimi uzun müddət hakimiyyət sürmüşdür. Abşeron yarımadasındakı Mərdəkan kəndində iki daş üzərində həkk olunmuş natamam kitabədə (Xanıkov həmin kitabəni aşkarlayaraq Peterburqa göndərib və hazırda həmin kitabə Ermitajda saxlanılır) deyilir: "...islamın müdrik hökmdarı Mənuçöhr oğlu Şirvanşah Axsitan... hicri üçüncü (və) səksəninci (və) beş yüzüncü ildə" (h.583 (1187/8)-cü il). Göründüyü kimi, Axsitan h.583 (1187/8)-cü ildə, habelə h.584 (1188)-cü ildə sağ idi, belə ki, Nizami h.584-cü il rəcəb ayının 30-da (24 sentyabr, 1188) tamamladığı "Leyli və Məcnun" poemasını I Axsitana ithaf etmişdi. XIII əsrin əvvəlinə aid mənbədə 1192-ci ildə Şamaxıda dəhşətli zəlzələ olduğu xəbər verilir. Bu zəlzələdə Axsitanın da ailəsi həlak olmuşdu. Lakin Axsitan bu vaxt öz kürəkəni eldəgəz Əmir Əmiran Ömərlə birlikdə Beyləqanda imiş. Deməli, Axsitan o vaxt sağ olmuş və ehtimal ki, bundan sonra bir neçə il də yaşamışdır. Həmin mənbədə Şirvanşah Axsitanın 1195-ci ildə atabəy Əbu Bəkrə qarşı Şəmkir vuruşmasında iştirak etdiyi göstərilir. Axsitan Şəmkir vuruşmasından sonra bir il, yaxud ondan bir az çox yaşamışdır. Onun ölümü Nizaminin, Bertelsin fikrincə, 1196-cı ilin iyulundan, yəni h.593-cü ildən sonra yazılmış "Şərəfnamə" (İskəndərnamənin bir hissəsi) poemasında xatırlanır:

Axsitanın gülü və sərvi olsa da,
Sən bu gülüstanın yaşıl budağısan.
O, məni nemətlə ucaltmışdısa,
Sən məni torpaqdan göylərə qaldırdın.
Məni ondan da betər və uca tutub,
Bağın qapısını üzümə bağlamadın.

Şair bu şeirdə Axsitanın varisinin adını çəkmir. Poemanın yazıldığı tarix – h.593 (1196/7)-cü il ehtimal ki, Axsitanın ölüm tarixini göstərir və digər materiallarla ziddiyət təşkil etmir.


Tarix: 11.02.2015 / 18:19 Müəllif: Feriska Baxılıb: 518 Bölmə: Şirvanşahlar dövləti