Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirvanşah

Şirvanşah (fars. شروانشاه‎) – Şirvanşahlar dövlətinin hökmdarlarının daşıdığı rəsmi dövlət titulu. Mənbələrdə Şirvan hökmdarlarına şahlığın Sasanilərin hakimiyyəti zamanı verilməsi qeyd olunmuşdur. Ümumilikdə Şirvanşahlar dövlətində hakimiyyətdə olmuş üç sülalədən – Məzyədilər, Kəsranilər və Dərbəndilər nəslindən olan hökmdarlar, eyni zamanda haqqlarında çox az məlumat qalmış, ərəb istilası dövründən əvvəlki Şirvanşahlar bu titulu daşımışlar. Son Şirvanşah nəsli olan Dərbəndilər, türk ənənəsinə uyğun olaraq Şirvanşah titulu ilə yanaşı "Sultan" və "Xaqan" titulları da daşımışlar.
Sülalələr
Ərəb istilasına qədərki erkən Şirvanşahlar haqqında məlumat yox dərəcəsindədir. Rəşidəddin (1247-1318-ci illər) "Məkatubat"ında oğlu Əli üçün nişanladığı Şirvanşahın qızı haqqında danışarkən göstərirdi ki, Şirvanşahlar Dərbənd hökmdarları nəslindən olan qədim xanədandır. "Artıq, iki min ilə yaxındır ki, sultan taxtı onların nəslinə məxsusdur..." Onun hesablamasına görə Şirvanşahlar hələ Əhəmənilər dövründən hakimiyyət sürmüşlər.

Rəşidəddinin müasiri olan digər müəllif Kəmal əd-Din ibn-əl- Füvati Şirvanşah III Fəribürz ibn Güştaspdan bəhs edərkən göstərirdi ki, o, "qədim xanədan nəslindəndir. Onların nəsli Bəhram Çuibndən başlayır. Onların Şirvan və Şamaxı məmləkətinə sahib olduqları vaxtdan iki min ildən çox keçir. Onlar Xosrovların (Sasanilərin) sərkərdəsi (kand əl-əsakir) Bəhram Çubinin nəslindəndilər..."

Şirvanşahlar haqqında dürüst məlumata IX-X əsrlər ərəb müəlliflərində rast gəlinir. Şirvanşahların hakimiyyətinin ilk dövrünə dair ətraflı məlumatı ayrı-ayrı parçaları Münəccimbaşının (XVII əsr) əsərində gəlib çatmış "Tarix-i əl-Bab"dan öyrənilir. V. F.Minorski "Şirvan və Dərbəndin tarixi"nin ingiliscə mətnində dörd Şirvanşah sülaləsi ayırd edir; l.Sasanilərin dağ keçidlərini mühafızə üçün təyin etdikləri qədim Şirvanşahlar; 2 Məzyədilər; 3.Kəsranilər; 4.Dərbəndilər. Həmin əsərin rusca nəşrində V.F.Minorski göstərir ki, əvvəlki baxışlarına rəğmən Məzyədilərlə Şirvanşahların üçüncü sülaləsi arasında genealoji qırıqlıq görmür. "...Lakin görünür ki, Fəribürzdən sonrakı qarmaqarışıq səlcuq basqınları zamanı Məzyədilərin tarixi yolunu dumanlandıran hökmdarsızlıq dövrü olmuşdur..."

Titul haqqında
İbn Xordadbeh Azərbaycanda Şiriyanşahın (variantı: Şiran) adını çəkir. Ölkənin şimal sərhədlərini köçəri türk tayfalarının hücumlarından qorumaq üçün yerli hökmdarlardan vassal mülklərinin təşkilini və xüsusilə Xəzəryanı vilayətlərdən köçürülmüş təbəələrin çoxlu məskənlərinin salınmasını Sasani hökmdarı I Xosrov Ənuşirəvanın adı ilə bağlayırlar. Ərəb tarixçiləri Şah titulu bağışlanmış hakimlər sırasında Təbərsaran şah, Xursan Şah, Vardan şah, Vaxrarzan şah və Şərvan şahın adlarını çəkirlər.

IX əsr ərəb müəllifi əl-Bəlazuri xəbər verir ki, Xosrov Ənuşirəvan hökmdarlar seçdi və onları ayrı-ayrı vilayətlərə şahlığa təyin etdi. "Qabh dağının xaqanı, yəni, Sərir ölkəsinin (taxtının) sahibi (Sahib əs-Sərir) Vəxrarzan şah (Vərazan şah) həmçinin Təbərsəran şahı Filan şah Curcanşah (Xursanşah) titullu Ləkz şahı, hal-hazırda mövcurd olmayan Məsqət hökmdarlığının şahı, Liranşah titullu Liran şahı və Şirvanşah adlanan Şirvan şahı onların arasında idi. O, Buxxa (ehtimal ki, Türyançay və Əlciançay çayları arasında yerləşən Bərx nəzərdə tutulur) və Zirihgəranın hakimlərini təyin etdi. Qabh dağı ölkələrinin şahlarını təyin edərək, onlarla sülh bağlayaraq, üzərlərinə vergilər qoydu".

X əsr müəllifi əl – Məsudi deyir: "Ənuşirəvanın Bərdə ölkəsində islam torpaqları ilə həmsərhəd olan bu yerlərə təyin etdiyi hökmdarlardan biri Şirvan adlanırdı. Onun məmləkətinə isə adına uyğun olaraq Şirvanşah deyilirdi. Ümumiyyətlə, bu ölkəni idarə edən hər bir hökmdar Şirvan adlanırdı".

Fəzlullah ibn Ruzbixan Xuncinin (XV əsr) əsərində Şirvanşahın şirlər sahı (şiranşah) şah nəslindən olması göstərilir. ("Alicənab səltənəti-intisab maliki-möhtəşəm cəlal əs-səltənə").

Cənubi Qafqazda Sasani şahlarına tabe olan vassal məlikliklərindən xəbər verən VI əsr (555-ci il) müəllifi Arran torpağının adını çəkərək yazır: "... onların İran şahına tabe olan hökmdarları var. Öz dili olan Bazqun torpağı Hun ərazisindəki Xəzər qapıları və dənizinə qədər uzanır". Bazqun torpağının ərazisi qismən Şirvan ərazisinə müvafiq idi. Erkən orta əsr salnaməsinin verdiyi bu məlumat İranda və Qafqazda feodalizmin təşəkkül prosesinə yardım göstərən bir sıra islahatların isnad edildiyi Xosrov Ənuşirəvanın hakimiyyəti dövründə Sasanilərdən asılı olan Arranşah, Şirvanşah və s.vilayət məlikləri haqqında IX-X əsr ərəb müəllifinin xəbərlərini təsdiqləyir.

X əsr ərəbdilli tarixçi Həmzə İsfahani əl-Bəlazuri və əl-Məsudinin məlumatlan ilə əsasən uyğun gələn maraqlı məlumatlar verir. O, deyir: "Kəsra (Nuşirəvan) Xəzər dənizindən dağlara qədər Bab əl-Əbvab adlandırılan 20 fərsəx uzunluğunda Dərbənd səddini tikdirdi və hər yerdə bir sərkərdə təyin edərək, onlara qoşun dəstələri və yaşayış üçün zəruri miqdarda və kişi nəsli üzrə miras keçən torpaq sahəsi ayırmışdı; həmin sərkərdələrin nəsilləri indiyədək (961 -ci il) şəhər divarlarının qarşısındakı ərazini qoruyurlar. Bundan başqa o, xüsusi fəxri geyim nümunəsi müəyyən etmişdi. Məlik səviyyəsinə qaldırılmış bu sərkərdələr həmin geyimlərin üzərində nəqş edilmiş xüsusi rəsmlərə görə Vəxranşah (qabanlar şahı), Şirvanşah (şirlər şahı), Filanşah (fillər şahı), Alanşah (qarğalar şahı) adlanırdı. Onlardan birinə isə gümüş tağ bağışlamışdı. Sərirşah adı da buradan gəlir..."


Tarix: 11.02.2015 / 19:07 Müəllif: Feriska Baxılıb: 346 Bölmə: Şirvanşahlar dövləti
loading...