beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

1863-cü ildə Azərbaycan - Zaqatala üsyanı (1863)

Üsyanın səbəbləri
XIX əsrin 60-cı illərinin əvvəllərində Şimali Azərbaycanın sosial-iqtisadi və siyasi həyatında baş vermiş ən mühüm yeniliklər tezliklə burada da kəndli islahatının keçirilməsini və feodal-asılı münasibətlərin ləğv edilməsini zəruri edirdi. Getdikcə hakim dairələrdə belə bir fikir qəti olaraq formalaşırdı ki, Cənubi Qafqazın bəzi yerlərində islahatlara başlamağı ləngitmək olmaz. İlk növbədə Gürcüstanda təhkimçiliyi ləğv etmək qərara alınmışdır.

Çar hökumətinin Gürcüstanda kəndli islahatınının keçirilməsinə hazırlıq xəbəri Simali Azərbaycanın sosial-iqtisadi və siyasi cəhətdən daha ziddiyyətli olan Zaqatala dairəsinin əhalisinin kəskin həyacanına səbəb oldu.

Müstəmləkəçi hakimiyyət orqanları Car-Balakən əhalisinə qarşı kobud müstəmləkə siyasətiyeridirdi. Hökumətin yeritdiyi zorakı xristianlaşdırma siyasəti də sosial-iqtisadi vəziyyətin kəskinləşməsində mühüm rol oynayırdı. Car camaatının şəxsi və torpaq hüquqlarını müəyyən etmək məqsədi ilə Zaqatalaya hökumət komissiyası gəlmişdi. Bu komissiya belə bir fikirdə idi ki, carlıların torpaqlarında yaşayan ingiloyları və muğalları qazandıqları gəlirin on qatı həcmində bir dəfəlik vəsait ödəməklə keşkəl (torpaq) sahiblərinin asılılığından qurtarmaq lazımdır.

Torpağı becərənlər ingiloylar və muğallar olduğundan, bu tədbirin həyata keçirilməsi nəticəsinda bir sıra kəndlərin keşkəl sahibləri əsas gəlir səlahiyyətindən məhrum olurdular. Ona görə də keşkəl sahibləri burada islahatın keçirilməsini istəmirdilər.

Üsyanın başlanması
Yetişməkdə olan üsyanın başlanması üçün bütün əhalisi yerli müsəlmanlardan ibarət olan Balakən kəndində 1862-ci ildə kilsə tikilməsi bir siqnal oldu. Bu işin təşəbbüsçüsü kadet korpusunda tərbiyə almış və xristianlığı qəbul etmiş Aleksandr Qalacov idi.

Üsyan 1863-cü ilin iyununda Zaqatalada başlandı. Üsyana rus ordusunun keçmiş zabiti, əhali içərisində böyük nüfuza sahib olan Hacı Murtuz başçılıq edirdi. Onun ən yaxın köməkçiləri balakənli Bürcəli və carlı Molla Zəngi oldular. Üsyan geniş sosial təbəqələri əhatə edirdi. Onun hərəkətverici qüvvələrini keşkəl sahibləri, müsəlman ruhaniləri, yerli imtiyazlı təbəqələr və müstəmləkə əsarətinə qarşı hər bir çıxışda yaxşı gələcəyə ümid bəsləyən sadə xalq təşkil edirdi. Zaqatala dairəsinin hər yerindən Xurmaoba kəndinə gələn üsyançı dəstələr vahid qüvvədə birləşdilər. Onlar pravoslavlığı qəbul etmiş ingiloyları inandırırdılar ki, dövlət gec-tez onların xristianlaşdırılmasına sərf etdiyi bütün vəsaiti: altı illik güzəşti, bəylərin torpaq asılılığından azad edilmələri barədə təəhhüdü, kilsə tikintiləri ilə bağlı olaraq il ərzində kilsə tərəfindən kəsilmiş aylıq məvacibi ləğv edəcək və bunun əvəzini onlardan alacaqdır. Bütün bu izahat işlərinin nəticəsində, çox keçmədən ingiloylar zorla pravoslavlaşdırıldıqlarına dair şikayətlə Qafqaz canişininə müraciət edərək, yenidən İslam dininə qayıtmaq arzusunda olduqlarını bildirirlər.

İyunun 5-dən 6-na keçən gecə, leysan yağışı altında üsyançılar Zaqatala qalasına hücuma başladılar. Üsyan zamanı Zaqatala dairəsinin rəisi Şalikov öldürüldü. Lakin top atəşləri ilə qarşılaşan üsyançılar geri çəkilməyə məcbur oldular. Sonrakı hücumlar da uğursuz oldu.

Üsyanın məğlub olması, nəticələri və əhəmiyyəti
Çar hökuməti üsyanın geniş vüsət almasından təşvişə düşərək onun yatırılması üçün təcili tədbirlərə əl atdı. Üsyan iştirakçıları arasında kütləvi həbslər keçirildi. Çar məmurları Qorağan kəndindəki məscidi bağladılar. Əmrə tabe olmayaraq həmin məscidə gələnləri və islama etiqad edənləri kütləvi surətdə həbsə aldılar. Müstəmləkəçilər bununla kifayətlənmədilər. Temirxan-Şuradan buraya 3 minlik süvari süvari rus ordusu da yeridildi. Hərbi-səhra məhkəməsinin qərarı ilə üsyanın 18 nəfər ən fəal iştirakçısı və onların ailə üzvləri katorqa işlərinə göndərildi. Hacı Murtuz Yenisey quberniyasına sürgün edildi. Hökumət dairələri üsyanda iştirak etmiş kəndlilərə vəhşicəsinə divan tutdular. Vurulan ziyan üsyançıların hesabına ödənildi. Üsyan iştirakçılarının əmlakı dağıdıldı və talan edildi. Lakin Zaqatala dairəsinin yeni rəisi Stoletov başa düşdü ki, üsyanın yatırılmasında həddindən artıq zorakılığa yol verilərsə, yerli əhali arasında yeni narazılıq dalğası başlana bilər. Bunu nəzərə alaraq dairənin yeni rəhbərliyi pravoslavlaşdırılmış ingiloylara öz arzuları ilə yenidən islama qayıtmağa icazə verdi və bunun üçün bir il müddət təyin edildi. Üsyan nəticəsində ingiloylar kütləvi sürətdə pravoslavlıqdan imtina etdilər və bununla 7 pravoslav icması bağlandı. Yalnız Qax və Qorağan kəndi əhalisinin bir qismi, həmçinin Əlibəyli kəndinin əhalisi pravoslavlıqda qaldı.

Üsyan mütəşəkkil xarakter daşımırdı, yalnız Zaqatala dairəsi ilə məhdudlaşırdı. Qüvvələr nisbəti də qeyri-bərabər idi. Üsyançılar qətiyyətsizlik göstərdilər və həm də onlar arasında istənilən birlik yox idi.


Tarix: 12.02.2015 / 14:31 Müəllif: Feriska Baxılıb: 225 Bölmə: Ümumi