beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın ən qədim tayfa ittifaqları

Azərbaycanın ən qədim tayfa ittifaqları haqqında ilk məlumata er.əv. 23-cü yüzilliyə aid şumer-akkad yazılı mənbələrində rast gəlinir. Bu mənbələrdə Azərbaycanda mövcud olmuş kuti, lulubey və hurrit tayfa ittifaqları haqqında bəhs edilir. Məlum olur ki, Akkad hakimi Naramsinin dövründə (er.əv. 2236-2200) kutilər Mesopatamiyaya soxulmuş, onların başçısı Enridavazar akkad qoşununu məğlub edərək ölkənin cənub əyalətlərini zəbt etmişdi. Təxminən bu hadisələrdən bir əsr sonra Azərbaycan ərazisində yaranmış yeni tayfa ittifaqı lulubeylər kutiləri özlərinə tabe etdirdilər. Lulubeylərin əsas əraziləri Urmiya gölü ətrafında olmuşdur. Lakin sonradan onlar öz ərazilərini İran körfəzinə qədər genişləndirə bildilər. Bu tayfa ittifaqının ən parlaq dövrü er.əv. 2 minilliyə təsadüf edir. Hətta qüdrətli Assuriya dövlətini də lulubeylərdən olan sülalə idarə edirdi. Daha sonra tarixin səhnəsinə hurritlərin ittifaqı gəlir.

Hələ er.əv. III minilliyin sonuncu rübündə onların yazısı mövcud olmuşdur. Bu tayfa ittifaqı uzun sürən müharibələr nəticəsində Kiçik və Orta Asiyanın geniş ərazilərini özünə tabe etdirməyə müvəffəq oldu. Eyni zamanda Azərbaycanda kassit tayfaları da mövcud idi. Er.əv. 2 minilliyin əvvəlində kassitlər Babilistanı işğal edərək burada 500 ildən artıq hökmranlıq etmişdilər. Artıq er.əv. 2 minilliyin ikinci yarısında er.əv. 1 minilliyin əvvəllərində ölkədə ibtidai icma münasibətləri süquta yetir və ilk sinfi quruluş quldarlıq formalaşmağa başlayır.


Tarix: 07.01.2015 / 16:12 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: Ümumi