Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yezid ibn Məzyəd

Yəzid ibn Məzyəd – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda hakimi, sonradan Şirvanşah rütbəsi qəbul edərək müstəqil Şirvanşahlar dövlətinin əsasını qoymuş Məzyədilər sülaləsinin banisi.
Qəbiləsi
Tam adı "Yezid ibn Məzyəd ibn Zaidə ibn Abdullah ibn Zaidə ibn Matər ibn Şureyx ibn Əmr ibn Qeys ibn Şureyxbil ibn Humam ibn Murra ibn Zül ibn Şeyban" olmuşdur və Şeyban tayfasına mənsub idi. Orduda yüksək yerlərə əmisi Məan ibn Zaidə sayəsində gəlmişdir. İlk dəfə Sistanda hərbi xidmətə başlayan Yezid xəlifə əl-Mehdi dövründə (775-785) Xorasanda üsyan yatırtmış, 782-ci ildə Harun ər-Rəşidin başçılığı ilə Bizansa qarşı müharibədə döyüşmüşdür. əl-Hadinin Cürcan hakimliyi dövründə ona sadiq olmuş, bu sədaqəti müqabilində Ərməniyyə hakimliyi ilə təltif olunmuşdu.

Fəaliyyəti
Xəlifə Harun ər-Rəşidin Ərməniyyə və Azərbaycana hakim təyin etdiyi Əli ibn İsa ibn Məhana qarşı müxtəlif şəhərlərdə üsyanlar verirdi. Yəqubi qeyd edir ki, "buraya gələn Əli özünü pis apardı, buna görə də Şirvan əhli onun əleyhinə üsyan qaldırdı və ölkədə çaxnaşma düşdü". Belə olduqda xəlifə 787 – ci ildə yenidən Yəzid ibn Məzyəd əş Seybanini Ərminiyyə və Azərbaycana hakim təyin etdi. O, üsyanı yatırtdı və ölkədə qayda-qanun yaratdı. 794-cü ildə Şeyban tayfasından başqa bir üsyançı olan xarici Valid ibn Tarifi məğlub etdi və öldürdü. 799-cu ildə yenidən Ərməniyyə hakimliyinə təyin olundu. Xəzər-ərəb müharibələri gedişində Ərməniyyəni xəzərlərdən qorumuş və müharibənin sonunu təyin etmişdir.

Ölümü
Yəzid Şirvanşah Məzyədilər sülaləsinin banisi və xilafətin məşhur sərkərdələrindən biri idi. O, h.185 (801)-ci ildə Bərdədə ölmüş və orada da dəfn olunmuşdur. Mənbə onun ölümünün təfərrüatını belə nəql,edir: "Söyləyirlər ki, bir qonaqlıqda ona gözəl bir qız bağışlayırlar. O, məclisi tərk edərək qızla intim əlaqəyə girir və onun ağuşunda ölür. Bu, Bərdədə olmuşdur..." Numizmatik məlumatlara görə, Yəzid ölümündən sonra onun oğulları Əsəd ibn Yezid, Məhəmməd ibn Yezid . və xəlifənin h.205 (802)-ci ilə qədər bir-birinin ardınca Azərbaycana, Arrana, Ərməniyyəyə təyin etdiyi bir sıra əmirlər hakimiyyət sürmüşlər.

Ailəsi
Qardaşı - Əhməd ibn Məzyəd

Oğulları - Əsəd, Məhəmməd, Xalid


Tarix: 11.02.2015 / 15:58 Müəllif: Feriska Baxılıb: 183 Bölmə: Ümumi
loading...