Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Atropat - Ümumi məlumat

Atropat (yun. Aτρoπάτης ) – Atropatena dövlətinin ilk hökmdarı.

Keçmiş Əhəməni satrapı, əslən, çox güman ki, madalı olan Atropat e.ə. IV əsrin 20-ci illərinin sonunda yeni dövlətin müstəqil hökmdarı olur; bu dövlət rəsmən Mada, sonralar isə özünün ilk hökmdarının adı ilə tez-tez antik qaynaqlarda Atropatena adlandırılırdı.

Tarixi mənbələrdə Atropatın adna ilk dəfə eramızdan əvvəl 331-ci ilin 1 oktyabrında Assuriyanın qədim paytaxtı Nineviya yaxınlıqındakı Qavqamela adlanan yerdə Makedoniyalı İskəndərlə Əhəmənilər hökmdarı Dara arasında baş vermiş Qavqamel döyüşü ilə əlarədar rast gəlinir. Midiya satrapı Atropat bu döyüşdə özündən asılı olan kadusilər, qafqaz albanları və sisaklarla ittifaqda vuruşmuş, madayların süvari və piyada dəstələrinə başçılıq etmişdi.

Çağdaş tarixçilər belə hesab edirlər ki, o dövrdə Atropat orta əsrlər Azərbaycanının bütün ərazisini, həmçinin Böyük Midiya torpaqlarının bir hissəsini öz tabeliyində saxlayırdı. Həmin döyüşdən sonra Atropat İskəndərdən asılılığı qəbul etmir və İskəndər də onu taxt-tacdan kənarlaşdıraraq, Midiya satraplığına Oksodat adlı birisini təyin edir. Lakin Oksodat İskəndərin ümidlərini doğrultmadığından e.ə. 328-ci ildə o, Atropatı öz taxtına qaytarır.

Atropat İskəndərlə açıq düşmənçilik xəttinin faydasızlığını anlayaraq, diplomatik danışıqlar yolunu seçir. Bu yolla da o, Midiya torpaqlarından bir qismini işğal olunmaqdan qoruyur. Həmin ərazi sonradan Kiçik Midiya, Atropat Midiyası və nəhayət, Atropatena adlanır.

Suzdakı təntənələr zamanı Atropat öz qızını Makedoniya süvarilərinin rəhbəri, İskəndərin ən yaxın silahdaşlarından olan Perdikkaya ərə verir və bu onun müstəqil Midiya hökmdarı kimi mövqeyini daha da möhkəmləndirir.

E.ə. 324-cü ilin sonlarında Bariaks adlı bir nəfər özünü İran və Midiya hökmdarı elan edərək, işğalçılarla mübarizəyə qalxır. Atropat öz qüvvələri ilə qiyamı yatırır, Bariaksı əsir alaraq, onu və yoldaşlarını İskəndərə təhvil verir. İskəndər onları qətlə yetirir.

İskəndər tez-tez öz imperiyasını gəzirdi. Belə səfərlərindən birində o, qədim zamanlardan at yetişdirməklə məşhur olan və Atropatena sərhədlərində yerləşən Nisey düzlərində düşür. Atropat da buraya gələrək, bir müddət vaxtını İskəndərlə keçirir. İskəndər burada da təntənəli qonaqlıqlar düzəldir. Bu qonaqlıqlardan birində Atropat İskəndəri əyləndirməkdən ötrü məclisə kişi paltarı geymiş və təbərdin əvəzinə nizələrlə və yüngül qalxanlarla silahlanmış qadınlardan ibarət süvari dəstəsi gətirir. Qədim tarixçilərin dediklərinə görə, bunlar Qafqaz Albaniyasının yuxarı dağlarında yaşayan əfsanəvi amazonkalar idi.

E.ə. 323-cü il iyunun 13-də İskəndər öz dövlətinin ehtimal olunan paytaxtı Babildə vəfat edir. Onun cəsədi soyumamış satraplar ölkəni bölüşdürməkdən ötrü Babilistanda toplaşırlar. Kiçik Midiyada öz hakimiyyətinin möhkəmləndiyinə əmin olan Atropat bu müşavirəyə getmir. Dövlətin rəhbərliyi regent qismində Atropatın kürəkəni Perdikkaya keçir. Perdikka dövləti parçalanmadan nə qədər qorusa belə onun bu cəhdləri satrapların müqaviməti ilə üzləşir və nəticədə e.ə. 321-ci ildə regent öz həyatını itirir. Ölkənin ikinci bölüşdürülməsi başlanır. Atropatın satraplığı bölüşdürülmədən kənarda qalır. Akademik İqrar Əliyevin sözlərinə görə, bu vaxtdan etibarən Kiçik Midiyanı müstəqil dövlət hesab etmək mümkündür. Kiçik Midiya bir qədər sonra Atropatena (Aderbadakan), yaxud Azərbaycan adlandırılaraq, müstəqil dövlətə çevrilir və Atropat özünə şah titulu götürür. Midiya dövlətinin süqutundan bir əsr sonra Azərbaycan ərazisində yenidən müstəqil bir dövlət yaranır. Atropatın zamanından başlayaraq, məhz bu ərazilərdə dövləti və etnik varisliyi qoruyub saxlayan yeni-yeni dövlət qurumları mövcud olur. Kiçik Midiya Atropatın müdrik və uzaqgörən siyasəti nəticəsində Şərqdə Makedoniya işğalçılarından can qurtaran ilk müstəqil dövlət olur (əslində, İskəndərin ölümünə qədər də Kiçik Midiya onun dövlətinin ən müstəqil satraplığı idi).

Qədim yunan coğrafiyaşünası Strabon özünün məşhur "Coğrafiya"sında yazır: "Midiya iki yerə bölünür. Bir hissəni Böyük Midiya adlandırırlar. . . İkinci hissə Atropat Midiyasıdır. Bu yer öz adını sərkərdə Atropatın adından götürmüşdür. Atropat istəmirdi ki, bu torpaqlar da Böyük Midiya kimi makedoniyalıların asılılığında qalsın. Doğrudan da çar Atropat ölkəsinin müstəqilliyinə özü qərar vermiş, bu qərarını bəyan etmişdi və indi də irsi hakimiyyət onun ailəsinə məxsusdur... Bu, hərbi qüvvə baxımından kifayət qədər əhəmiyyətli bir ölkədir, belə ki, o meydana 10000 süvari və 40000 piyada çıxara bilər."


Tarix: 29.01.2015 / 16:24 Müəllif: Feriska Baxılıb: 99 Bölmə: Ümumi
loading...