beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sufi təlimi

Şihabəddin Əbuhəfs Sührəvərdinin əsərlərində sufilərin əxlaq normalarının, mənəvi keyfiyyətlərinin, davranış qaydalarının müfəssəl şərhi verilir. İnsanın mistik özünü kamilləşdirməsi yolu göstərilir.

Zakir Məmmədov yazır ki, Əbuhəfs Sührəvərdi sufilərin təbiətini, daxili aləmini, onların geyimərini zahiri cəhətləri ilə əlaqələndirmişdir: "Ad onların əlaməti, Allaha görə elm onların sifəti, ibadət onların bəzəyi, mömünlük onların şüarı və haqqın həqiqətləri onların sirləridir."

Mütəfəkkir öz zəmanəsində də qaba yundan paltar geyməyin sufilər arasında dəb olduğunu xəbər verir. O bildirir ki, sufi təbiətli bəzi adamlar o dövrdə yun paltar geymədikləri üçün sufi adlanmamışlar. Sufi terminini mənşəcə ərəb dilinə mənsub sayan alim bir fikir cərəyanı kimi də onun islam dini zəminində yarandığını söyləmişdir.

Zakir Məmmədov "Biliklərin töhfələri" əsərinə əsasən qeyd edir ki, sufi mütəfəkkirlərin əqidəsincə, bədəndə baş verən psixik hadisələr bilavasitə ruhla bağlıdır: "Ruha görə əql qərarlaşıb, ruha görə mühakimə cari olub. Əgər ruh olmasaydı, əql fəaliyyətini itirərdi, nə ona əsaslanan, nə də ona məxsus bir mühakimə olardı."

Əbuhəfs Sührəvərdinin əqlə belə əhəmiyyət verməsi onun sufi təliminin məziyyətlərindəndir. O, hədislərdən və rəvayyətlərdən çıxış edərək bildirir ki, hər hansı insan məhz əqlinə görə başqalarından üstündür. Zira əməlinə görə mükafatlandırılan insan əqlinə görə fəaliyyət göstərir. Mütəfəkkrin fikrincə, ruhun və bəsirətin mövcudluğu əqlin mövcudluğu ilə iqrar edilir: "Əql ruhun dili, bəsirətin tərcümanıdır." Elm, bilik Əbuhəfs Sührəvərdi tərəfindən əql ilə vəhdətdə götürülür. "Biliklərin töhfələri" traktatında deyilir: "Bu əql elə bir keyfiyyətdir ki, elmlərin dərk olunması onunla əmələ gəlir".

Sufilərin fikrincə, ruh həm maddi, həm də qeyri–maddidir. Əbuhəfs Sührəvərdi maddi ruhu "heyvani ruh" (ər–ruh əl–heyvani) adlandıraraq yazır: "Heyvani ruh, hiss və hərəkət qüvvəsinin daşıyıcısı, incə cismanidir... O, vuran damarların içərisində yayılır. Bu ruh bütün heyvanlarda vardır."[Mənbə göstərin]

"İnsani ruh" (ər–ruh əl–insan) adlanan qeyri maddi ruh isə sufilərin əqidəsincə, ilahi aləmdən göndərilir. Əbuhəfs Sührəvərdi yazır ki, insanda ülvi insani ruh heyvani ruha qovuşaraq onunla birikir, yeni keyfiyyət əldə edir, bunun sayəsində insan nitqə və ilhama malik olur.

Prof. Zakir Məmmədov qeyd edir ki, buradakı "insani ruh" trmininin məzmunu şərq peripatetiklərinin əsərlərindəki "nəfs" ("insani nəfs") anlayışına mütabiqdir. Lakin "ən–nəfs" termini Şərq perpatetiklərinin əsərlərində mənəvi "can" mənasını daşıdığı halda, Əbuhəfs Sührəvərdinin və başqa sufilərin əsərlərində əsasən "ehtiras", "nəfsin istəyi" mənalarında başa düşülür.

Zakir Məmmədov yazır ki, sufilərin fikrincə, təsəvvüf yolçusu mistik özünükamilləşdirmə prosesində hər şeydən əvvəl öz nəfsini paklaşdırmalıdır. Bu isə rəzillikdən çəkinməklə, uzaqlaşmaqlq mümkündür. Əbuhəfs Sührəvərdinin Kəmaləddin İsfahaniyə yazdığı məktubunda deyilir ki, insan kin, həsəd və riyadan arındıqda təmizlik nuru onun batininə süzülür, o, bütün rəzilliklərdən yaxa qurtara bilir. İnsan öz nəfsini paklaşdırdıqdan sonra, yeni bir məqama qədəm qoyur. Allah qovuşmaq arzusu ilə sidq və səmmiyyət zirvəsinə yüksəlir.

Zakir Məmmədov "Biliklərin töhfələri" kitabında "tövbə" (ət taubə), "zühd" (əz-zühd), "ehtiyatkarlıq" (əl-uara), "fəqirlik" (əl-faqr), "səbr" (əs-sabr), "təvəkkül" (ət-tauakkul), "razılıq" (ər-rida) və sair məqamların şərhi üzərində geniş dayanıldığını bildirərək yazmışdır: Bu terminlər Qurandan götürülmüş olsa da sufilər, xüsusən ifrat sufilər onları çox vaxt başqa mənada təfsir etmişlər. Məsələn, əgər şəriətdə tövbə günahı boynuna almağı, onu təkrarlamamaq arzusunu bildirirsə, təsəvvüfdə tövbə bütün əlavə işlərdən, son nəticədə isə Allahdan savayı hər şeydən tövbə etməkdir. Çünki sufilərin nəzərində təsdiq edilən yeganə gerçəklik Allahdır. Əbuhəfs Sührəvərdi göstərir ki, hər bir məqamda hal xüsusiyyəti olduğu kimi, hər bir halda da məqama çevrilmə imkanı vardır. Sufi mütəfəkkirə görə hallar – ilahi vergilər tükənməzdir, məhdudluq yalnız onların bəndə tərəfindən qavranılmasındadır.

Hallardan "fəna" (əl fəna) sufi mütəfəkkirlərin yaradıcılığında xüsusi əhəmiyyətə malikdir. "Biliklərin töhfələri" kitabında fəna sözünün əvvəlcə tövbə, zühd, nəfsi paklaşdırmaq məqamları ilə əlaqədar daşıdığı mənalar göstərilir. Kitabda qeyd edilir ki, həmin mənalardan bəzisi müxtəlif şeylərin yox olmasına və bəyənilmiş şeylərin qalmasına işarədir; bu səmimi tövbənin tələbatıdır, bəzisi rəğbət, hərislik və diləyin aradan qalxmasına işarədir, bu zühdün tələbatıdır; bəzisi qəbahətli keyfiyyətlərin yox olub getməsinə, tərifli keyfiyyətlərin qorunub saxlanmasına işarədir, bu nəfsi paklaşdırmağın tələbatıdır.

Zakir Məmmədov Əbuhəfs Sührəvərdinin sufi təliminin Əbuhamid Qəzalinin sufi təliminə çox yaxın olduğunu bildirərək yazır ki, hər iki mütəfəkkirə görə təsəvvüf yolçusu hallar və məqamlar silsiləsində mistik özünükamilləşdirmədən sonra mütləq heçliyə varmaqla haqqa qovuşur. Əbuhamid Qəzali kimi Əbuhəfs Sührəvərdi də təsəvvüfdə panteist təsəvvürü inkar etmişdir. Mütəfəkkir iddia edirdi ki, Əbuyəzid Bistami "Sübhanəllah!" (Allaha şükür!) əvəzinə "Sübhani!" (Mənə şükür!) və Həllac Mənsur "ənə əl–həqq" (Mən haqqam) deyərkən özlərini deyil, təkcə Allahı nəzərdə tutumuşlar. O, "Biliklərin töhfələri" traktatında yazır: "Əgər bilsəydik ki, bu söz hüluldan olan bir şeyi gizli surətdə andırır, onda onları rədd etdiyimiz kimi, o sözü də rədd edərdik." [Mənbə göstərin]

Zakir Məmmədov sufilərin qnoseologiyasının onların ontologiyası ilə sıx bağlı olduğunu bildirmişdir: "Sufi mütəfəkkirlər şəriət, təriqət və həqiqət mərhələlərinə uyğun olaraq idrakın yəqinliyin elmi (elm əl-yəqin), yəqinliyin eyni (ayn əl–yəqin) və yəqinliyin həqiqəti (haqq əl–yəqin) kimi üç mərhələsini fərqləndirmişlər. Yəqinliyin elmi eşdib öyrənməklə, yəqinliyin eyni görüb anlamaqla, həqiqəti dərk etməkdir. Yəqinliyin həqiqəti isə həqiqəti dərk etmək üçün həqiqətə qovuşmaqdır. Birinci yəqinlik, məsələn, od haqqında eşitməklə, ikinci yəqinlik odu görməklə, üçüncü yəqinlik odda yanmaqla əldə edilir. Əbuhəfs Sührəvərdi yazır: "Yəqinliyin elmi nəzər və istidlal yolu ilədir. Yəqinliyin eyni müşahidələr və nail olma yolu ilədir. Yəqinliyin həqiqəti isə vüsala yetmək ilədir". Sufi mütəfəkkir göstərir ki, yəqinliyin həqiqəti yəqinliyin elminin və yəqnliyin eyninin işarə etdiyi şeyin həqiqətidir".

Əbuhəfs Sührəvərdi qeyd edir ki, yəqinliyin eyni cəm halıdır (hal əl–cəm) və yəqinliyin həqiqəti tavhid dilində cəmin cəmidir (cəm əl–cəm). Mütəfəkkirin fikrincə, təsəvvüf yolçusu birinci halda Allahın işlərini və hökmlərini, ikinci halda Allahın atributlarını və üçüncü halda Allahın substansiyasını anlayır.

Şihabəddin Əbuhəfs Sührəvərdinin sufi təlimi onun övladları və ardıcılları tərəfindən inkişaf etdirilmiş, bütün müsəlman Şərqi ölkələrində nüfuz qazanmışdır. Sührəvərdiyyə sufi təriqəti yalnız ərəb ölkələri, Kiçik Asiya, Azərbaycan, İran, Orta Asiyada deyil, habelə Hindistanda da geniş yayılmışdır. Əsrlərin ideya sınağından keçmiş bu təlim öz varlığını bir sıra ölkələrdə müasir dövrə qədər saxlamışdır.


Tarix: 09.02.2015 / 16:35 Müəllif: Feriska Baxılıb: 302 Bölmə: Ümumi