Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Atropatenada din

Atropatenada zərdüştilik
Güman etmək olar ki, artıq e.ə. I minilliyin ilk əsrlərində Qərbi Madada, xüsusilə gələcək Kiçik və yaxud Atropat Madası zonasında müxtəlif mazdaist təlimlər yayılmışdı. Burada və ona qonşu olan ərazilərdə təxminən həmin minilliyin başlanğıcında gənc Avesta inamları ocaqlarının mövcud olduğunu ehtimal etmək olar.

Lakin bizə o da məlumdur ki, artıq Atropatena dövlətinin mövcudluğunun ilk onilliklərində bizi maraqlandıran ərazidə, Şərqin digər Hellinist dövlətlərində olduğu kimi, yunan-makedon işğalçıları tərəfindən gətirilmiş müxtəlif yunan ayinləri, xüsusilə Herakla sitayiş də yayılmışdı.

Avestaya gəldikdə göstərmək lazımdır ki, bu abidənin bizə gəlib çatmış nüsxəsi Sasanilər dövründə dövlət dini kimi elan olunmuş "Avesta" məcmuəsinin bir hissəsidir.

Belə güman edirlər ki, Sasanilər sülaləsinin hakimiyyəti dövründə, Avesta bir neçə dəfə – III, IV, hətta VI və VII əsrlərdə kodifikasiya edilmişdir. Hesab edirlər ki, məhz zərdüştiliyin intibahı dövrü olan Sasanilər hakimiyyəti zamanında Avestanın müqəddəs mətnlərinin daha dəqiq, incə çalarlarını ifadə edən yazılışı üçün pəhləvi əlifbası (öz mənşəyi etibarilə arami yazısına gedib çıxır) əsasında xeyli miqdarda işarələri olan xüsusi şrift yaradılmışdı (bu isə tələffüzü daha dəqiq çatdırmağa imkan verirdi). Nüfuzlu tədqiqatçıların fikrincə, bu şrift birdəfəlik fərdi yaradıcılığın nəticəsi idi. Maraqlıdır ki, bu hadisə gürcü, erməni və alban əlifbalarının meydana gəldiyi bir zamanda baş vermişdir.

Avestanın kanonlaşdırılmış mətni pəhləvi (Sasani İranının yazı dili – orta fars dili) dilinə tərcümə və şərhlə təchiz edilmişdi.

Atropatenada xristianlıq
Adurbadaqanda xristianlıq haqqında ilk yazılı qeyd 420-ci ildə katolikos Yabalahın dövründə (415-419) çağırılmış sinodun aktlarında qorunub saxlanmışdır. Lakin bu faktın özü xristianlığın burada mövcud olan çoxdankı ənənələri haqqında ehtimal yürütmək imkanını verir; belə ki, yeni dinin yayılması üçün zəmin olmayan yerdə yepiskopluq yarana bilməzdi.

Albaniyada, eləcə də indiki Gürcüstan və Ermənistan ərazisində olduğu kimi, Adurbadaqanda da xristian kilsəsi feodal münasibətlərinin yarandığı dövrdə meydana çıxmışdır[35].

Mənbələrdə "ilk Şərq" həvarisi adlanan Müqəddəs Fomanın artıq e. ilk əsrində midiyalılar və farslar arasında dini təbliğat aparması haqqında faktlar az deyil. İsanın meracının ikinci ilində, o, Hindistana gedərkən, yolüstü parfiyalılar, midiyalılar, farslar, baktriyalılar, markianlar arasında təbliğat aparmışdı. Siryani mənbələrinin yazdığına görə, Gilan əhalisi xristianlığı həvari Addaydan qəbul etmiŞdi, Deyləmdə isə artıq 224-cü ildə yepiskopluq vardı.

"Yeni əhd" ("Əhdi-cədid") kitabları iudaizmin mərkəzi olan Yerusəlimi xristianlığın beŞiyi adlandırırlar; bu dini təriqətin ilk nümayəndələri də iudaistlər arasından çıxmış, xristianlıq özünün erkən dövründə məhz onlara dayaqlanmışdı.

Müasir Azərbaycanda və Cənubi Qafqazın başqa yerlərində xristianlığın qəbulu iudaistlərin bu yerlərdə çoxdan bəri məskunlaşması ilə sıx bağlıdır. Mənbələrin məlumatına görə, hələ II Sarqon (e.ə. 722-705) dövründə Şimal israillilərinin bir hissəsi Midiyaya, Atropatenaya və b. yerlərə gəlib çıxmışdılar.

Erkən xristianlığın təbliğatı Suriyada, daha sonra isə Şərqin başqa yerlərində uğurlu idi, belə ki, təbliğat arami dilində arami dilli əhali arasında aparılırdı. Ən əvvəl xristianlıq Kiçik Asiyada və Suriyada yayıldı, Antakiya (Antioxiya) şəhəri isə xristianlığın iri mərkəzlərindən birinə çevrildi. Məhz Antakiya kilsəsindən xristianlıq həvari Müqəddəs Pavelin vasitəsilə Kiçik Asiyaya, Kiprə, Yunanıstana yetişdi, daha sonra isə bir qədər əvvəl həvari Müqəddəs Fomanın təbliğatına məruz qalmış parfiyalılar arasında yayılmağa başladı. Eramızın II əsrində Osroyena və Edessada (ər-Ruha) kilsə təşkil olundu. Daha sonra xristian təbliğatı Farsa, Midiyaya, Baktriyaya doğru hərəkət edərək, nəhayət, Hindistana yetişdi.

Kesariyalı Evseviyin "Kilsə tarixi"nin III kitabında və Sokratın "Sxolastika"sında əks olunan köhnə rəvayətə görə, həvarilik nəsibi Fomaya Parfiyada, İsanın digər şagirdi Varfolomeyə isə Hindistanda qismət olmuşdur. Parfiyalılar, midiyalılar, elamlılar arasında xristian təbliğatı yayan Varfolomey farsların və məcusların yaşadıqları yerlərə, oradan isə Ermənistana getmişdi.

İsa peyğəmbərin digər şagirdi, İncilin müəlliflərindən biri hesab edilən həvari Müqəddəs Matfey Ekbatan (qədim Həmədan), Rey və Damağanda təbliğat aparmışdı. Babilistanda xristianlığı yaymağa çalışan həvari Müqəddəs Pyotrdan sonra həvarilərdən Müqəddəs Faddeyin şagirdi Axay burada dini təbliğatı davam etdirmiş, Edessaya qayıtdıqdan sonra öz yerinə müəllimi Faddeyin başqa bir şagirdi, Selevkiyə – Ktesifon şəhərində yepiskop kafedrasının təsisçisi sayılan Marini təyin etmişdi. Bu kafedra öz əhəmiyyətinə görə o dövrün xristian dünyasında mühüm yer tutur, onun yepiskopları isə Roma, Antakiya, İsgəndəriyyə və Karfagen yepiskopları ilə bir səviyyədə sayılırdı. Parfiya və Sasani dövlətlərində (o cümlədən Adurbadaqanda) xristian icmaları təkcə İncil təliminin yayılması hesabına deyil, bu ərazidə çoxdan bəri yaşayan xristian-suriyalılara görə yarandı. Sasanilərin fəal xarici siyasəti nəticəsində xristian əhalisi olan torpaqların (Suriya, Kilikiya, Kappadokiya) işğal edilməsi də imperiyanın xristian əhalisinin sayını artırdı. İşğal edilmiş yerlərdən müxtəlif sənətkarların imperiyanın başqa şəhərlərinə köçürülməsi siyasəti də Sasanilər dövləti ərazisində xristian əhalinin sayının artmasına səbəb oldu.

Katolikosun oturduğu Ktesifon şəhərinin yerləşdiyi Bet Arameye (Qədim Babilistan) imperiyanın əsas vilayəti idi. Bundan sonra iyerarxiya sırası ilə arxiyepiskopluqlar gəlirdi. Mənbələr Ərbil, Həzz, Aşur və Mosul arxiyepiskopuna tabe olanlar sırasında Azərbaycan yepiskopunun da adını çəkirlər. Bu arxiyepiskop katolikosun seçilməsi və təyin edilməsində iştirak edən arxiyepiskoplar sırasında idi. Siryani mənbələrin məlumatına görə, Arran (Albaniya) yepiskopluğu belə hüquqa malik deyildi.

484-cü ildə çağırılmış Bet Lapat (Cundişapur, sonralar Şahabad) məclisində Sasani dövlətinin xristian kilsəsi nestoriliyi qəbul etdi.

Bu təriqətin əsasını qoyan Antakiya keşişi Nestorinin 428-ci ildə Konstantinopol patriarxt seçilməsi yerli kilsə xadimlərinin, eləcə də İsgəndəriyyə kilsəsinin narazılığına səbəb olmuşdu. Antakiya ilahiyyat məktəbinin ardıcılı olan Nestori ortodoksal xristianlıqla konfliktə girərək bu məktəbin təlimini təbliğ edirdi. Onun patriarxlığı dövründə İsanın təbiəti haqqında başlanan mübahisələrdə Nestori İsada ayrı-ayrılıqda insan və ilahi təbiətlərin mövcud olduğunu qəbul edirdi. Onun fikrini Asiya, Pont və Suriya yepiskopları müdafiə edirdilər. Suriya əhalisi Nestorinin təlimini vergi zülmünə qarşı etirazlarına bayraq etdilər. Bizansda təqib edilən nestorilər Şərqə qaçdılar. İran xristianlarının Edessada təsis etdikləri məktəb onların sığınacağı, sonralar isə təlimlərinin başlanğıc yeri oldu. Bu məktəbdə Sasani imperiyasının hər yerindən, o cümlədən, görünür, Azərbaycandan gəlmiş xristian balaları təhsil alırdılar.

Mənbələrin məlumatına görə Albaniyanın da daxil olduğu Adurbadaqan kustunun (canişinliyinin) tarixi Azərbaycana aid ərazisində Şərqi Suriya kilsəsinin aşağıdakı yepiskopluqları vardı: Partav – V əsrdən, Paytakaran – VI əsrdən, Adurbadaqan – V əsrdən, Qanzak – V əsrdən, Urmiya – IV əsrdən, Salmas – XIII əsrdən, Marağa – XIII əsrdən, Təbriz – XIII əsrdən, Uşnu – XIII əsrdən, Muğan – VIII əsrdən, 800-cü ildən isə mitropoliya.

Azərbaycanda xristianlıq haqqında ən erkən məlumat verən V əsrin əvvəllərinə dair, yuxarıda adını çəkdiyimiz, sinod sənədlərində katolikos Mar Yabalaha dini cəhətdən tabe olan vilayətlər sırasında Arran, Azərbaycan, İberiya və Ermənistan da vardır.

Mənbələr V-VII əsrlərdə Adurbadaqanda yepiskopluq etmiş bir neçə kilsə xadiminin adlarını çəkir. Bunlardan "Qanzakın və Adurbadaqanın" yepiskopu Osiy (Yelisey) 486-cı ildə patriarx Akak tərəfindən çağırılmış kilsə məclisində iştirak etmişdi. Məclisdə qəbul edilmiş aktı imzalayanlar arasında onun da qolu var: "Mən Adurbadaqanda olan Qanzakın yepiskopu Osiy, burada yazılanlarla həmrəyliyimi bildirir, öz qolumu və möhürümü qoyuram".

Osiydən sonrakı yepiskoplardan İohannın imzasını katolikos I Mar Abanın (536-552) 544-cü ilə aid məktublarında görmək olur. O zaman I Mar Aba Adurbadaqan rustaqlarından olan Peraxravarın (Burxuvarın) bir kəndində sürgündə idi. 549-550-ci ilin qışında obu kəndi tərk edərək, I Xosrovun hüzuruna yollanmışdı. Onu Adurbadaqan yepiskopu İohann müşayiət edirdi. İohanndan sonra Melxisidək Adurbadaqan yepiskopu olmuşdur. 544-cü ildə Mar İosifin (552-567) patriarxlığı dövründə çağırılan sinodun qərarlarını imzalayanlar arasında onun da adı vardır.

Adurbadaqan yepiskopu Xenanişo 605-ci ildə Qriqorinin katolikos seçkisində iştirak etmişdir. Yerli də olsa, görünür, sonralar yaranmış ənənəyə görə Urmiya şəhəri ərazisində hələ apostolların vaxtında xristianlıq meydana gəlmişdi. Rəvayətə görə, bu şəhərdə hələ 165-ci ildə tikilmiş Mart Məryəm ("Xanım Məryəm") kilsəsi var idi. Lakin mənbələrdə bu gün də əllidən artıq nestori kilsəsinin olduğu Urmiya ətrafı ərazidə, eləcə də Uşnu, Salmas, Sulduz, Marağa və Təbriz xristian kilsələri haqqında mötəbər məlumat yalnız XIII əsrə aiddir.

Mənbələr VI əsrin birinci yarısında Qazaka yepiskopluğu ilə yanaşı, Paytakaran yepiskopluğunun da adını çəkirlər. Tarixən məlumdur ki, V əsrin sonunda, alban hökmdarı III Vaçaqanın hakimiyyəti illərində Paytakaran alban vilayəti olur, VI əsrdə isə burada alban katolikosluğunun tabeçiliyində olan yepiskopluq yaradılır. Albaniya katolikosu Ter Abasın (551-596) patriarxlığı zamanı Paytakaranın yepiskopu Timofey olmuşdu. Mənbələrin məlumatına görə, bu dövrdə Cənubi Qafqazda, o cümlədən Albaniyada nestorilik təlimi geniş intişar tapır; hətta alban katolikosluğu bu təlimə qarşı mübarizə aparmaq məcburiyyətində qalır. Mənbələr bu dövrdə Paytakaranda nestori təliminin tərəfdarı olan yepiskopluğun yaranması haqqında məlumat verir, bu təlimin ardıcıllarının çağırdığı 544-cü il sinodunun aktlarına qol çəkən iki Paytakaran yepiskopu – İohann və İakovun adlarını çəkirlər.

Nestori təliminin ardıcılı olan katolikos I Timofeyin (780-825) cəhdi ilə VIII əsrin lap sonlarında Muğanda da yepiskopluq təsis edildi. Rahib İliya yepiskop seçildi. Mənbədəki məlumata görə, yepiskopluğu qəbul edən İliya ticarət karvanına qoşulub Muğana yola düşdü. Qatı zahid və tərki-dünya olan Mar İliya sərt həyat keçirir, adamboyu komada yaşayırdı; ev əşyalarından yemək üçün saxladığı quru çörək qabıqlarını yığmaq üçün sınıq qabı və gil dolçası var idi. Onun hətta yatacağı da yox idi. Nestorilər arasında ruhun tam saflığına çatmaq və gizli mətləbləri anlamaq ümidi ilə özünə cismani əziyyət vermək, dünya nemətlərindən imtina etmək və yarıac qalmaq kimi tərki-dünyalıq geniş inkişaf etmişdi.

İliyanın cəhdləri ilə Muğan əhalisi xristianlığı qəbul etdi. Mənbənin yazdığına görə, "...onlar cah-calallı kilsə binasının tikintisinə başladılar, sər-sahman işlərinə Mar İliyanın özü başçılıq edirdi. O, çoxlarını xaç suyuna çəkdi, onlar üçün keşiş və dyakonlar təyin etdi, zəbur surəsini yazdı. Getdikcə onlar (xristianlar)... çoxaldılar".


Tarix: 29.01.2015 / 16:36 Müəllif: Feriska Baxılıb: 291 Bölmə: Ümumi
loading...