beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İctimai münasibətlər

İbtidai icma quruluşunun, o cümlədən erkən əkinçilik dövrünün əsasını istehsal vasitələri üzərində ictimai mülkiyyət təşkil edirdi. Azərbaycanda erkən əkinçi cəmiyyətinin quruluşunu aydınlaşdırmaq üçün əsasən arxeoloji dəlillərə, o cümlədən məişət və dəfn abidələrinə müraciət edilir. Dövrün yaşayış məskənləri təsərrüfat-məişət komplekslərindən ibarət tikililərin sıxlığı ilə səciyyələnir. Yaşayış otağı, ərzaq anbarı və həyətyanı sahələrdən ibarət belə komplekslər arakəsmə, kərpic divarlarla bir-birindən ayrılır. Bu komplekslər sosial- iqtisadi inkişafın müəyyən mərhələsində yaranır. Görünür, onlar cüt nikah əsasında qurulmuş ailə ilə bağlıdır. Belə ailə özünün mənzil, anbar və həyətyanı sahəsini ayırmaq labüdlüyünü doğurur. Belə cüt nikah ailələr həmin dövrün cəmiyyətinin ictimai əsasını təşkil edirdi. Bir neçə ailə təsərrüfatla birgə məşğul olur: taxıl tarlaları, mal-qara və otlaqlar icmanın himayəsində idi. Birgə görülən iş və birgə istifadə olunan hər şey ümumi mülkiyyəti təşkil edirdi. Lakin kollektiv təsərrüfatın məhsulu beş-yeddi üzvdən ibarət ailələr arasında illik pay kimi bölünürdü. Ailədə kişi rəhbərliyi özünə mövqe qazanır. Bununla belə, erkən əkinçilik cəmiyyətində qadının hörməti və xüsusi mövqeyi var idi. Zaqafqaziyanın eneolit məskənlərindən yalnız bəziləri nisbətən böyük sahəyə malikdir. Onlarda sayca çox olan kollektiv yaşayırdı. Görünür, belə kollektivləri başında ağsaqqallar şurası duran icma təşkilatı idarə edirdi. Onun təsir dairəsində məhdud ərazidə iri məskənlər ətrafında yerləşən bir neçə əkinçi məntəqəsinin daxil olması ehtimalını söyləmək olar.

Erkən əkinçilərin dəfn abidələri sosial ayrılmaların zəif mərhələsini əks etdirir. Ancaq ərazisi Kültəpə və Çalağantəpə yaşayış yerlərində tədqiq olunan bəzi qəbirlərdə nisbətən zəngin materiallara rast gəlinmişdir. Erkən əkinçilik mədəniyyətinin inkişafı dövründə daş toppuzların yayılması diqqəti cəlb edir. Zaqafqaziyada onlar həm yaşayış yerlərinin materialı içərisində, həm də tək-tək qəbirlərdə tapılmışdır. Xüsusi daş növlərindən hazırlanmış və səylə cilalanmış bu əşyalar hakimiyyət rəmzi kimi görünür, ağsaqqal və ya nəsil başçılarına mənsub olmuşdur.

Yerli cəmiyyətin ictimai həyatında nəzərə çarpan mürəkkəbləşmə sonrakı, İlk Tunc dövründə baş verir - patriarxal münasibətlər möhkəmlənir, hakimiyyət qəbilə başçılarının əlində cəmləşir.


Tarix: 07.01.2015 / 17:42 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: Ümumi