beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mannada Dövlət strukturu

Mannada hökmdarlıq təsilatı irsi imiş. Bir-birinin ardınca hökmdarlıq edən Aza və Ullusunu İranzunun oğulları idilər. Aşşur hökmdarı Asarxaddonun müasiri Ahşeridən sonra Mannanı onun oğlu Ualli idarə edirdi.

Dövlətin başında irsi hakimiyyətə malik hökmdar dururdu. Dövlətin ərazisi hökmdarın təyin etdiyi canişinlər tərəfindən idarə olunan əyalətlərə bölünürdü. Q. A. Melikişvilinin göstərdiyi kimi bu canişinlərın bəziləri hətta irsi hakimiyyətə malik olmuşlar. Mannada hökmdar hakimiyyəti, görünür, qeyri məhdudluğa doğru gedirdi; hər halda onlar sərbəst hakimiyyətə can atmışlar. Məhz bu, hökmdarın və onun yürütdüyü siyasətin tərəfdarları və əleyhdarları arasında daimi mübarizəyə gətirib çıxarmışdır. Manna siyasət kursunu dəyişmək üçün sui-qəsdlər edilir, mövcud hökmdarlar hakimiyyətdən salınır və özlərinə yarayanlar hakimiyyətə gətirilirdi.Sui-qəsdlərin başında çox zaman hökmdarın oğlu və ya qardaşı dururdu. Məsələn, Aşşur tərəfdarı olan Azanı Urartu ilə müttəfiqlikdə olan qardaşı Ullusunu hakimiyyətdən salmışdı. Eyni zamanda II Sarqonun məlumatından görünür ki, Ullusunu "özünün böyükləri, ağsaqqalları, məsləhətçiləri, nəslinin nümayəndələri, canişinləri, ölkəsini idarə edən zadəganları", yəni hökmdar hakimiyyətini məhdudlaşdıran ağsaqqallar şurası sayılanlarla birlikdə II Sarqonu qarşılamağa çıxmışdı.

Hökmdar artıq hakimi mütləq idi. II Sarqonun dövrünə aid məlumatdan gördüyümüz kimi Manna hökmdarının tabeliyindən azad olmağa çalışan, "onun ölkəsini idarə edən canişinlərin və başçıların" sərbəstlik cəhdləri sıxışdırılır və məhdudlaşdırılırdı, onlar artıq özlərinə tabe ərazilərdə elə bir müstəqil hakimiyyətə malik deyildilər.

Yuxarıda göstərilən məlumatla II Sarqon qeyd etmək istəyir ki, Ullusunun özünün bütün qohum-əqrabası və Manna zadəganları ilə onu qarşılaması ona öz hörmət və dostluğunu göstərmək idi. Mətnin ardından məlum olur ki, Ullusunu özunün təhlükəsizliyini təmin etmək üçün hətta girov da götürmür əksinə II Sarqon üçün "özünün böyük oğluna hədiyyələr verməyi tapşırır". O, öz hökmdarlığını möhkəmləndirmək üçün Aşşur hökmdarına stella həsr edir.

Q. A. Melikişvilinin fikrincə Manna hökmdar oğullarının aşşurlara girov verilməsi faktı Manna hökmdarlarının da suveren hakimlər olduğunu göstərir. Hökmdar hakimiyyətinin möhkəmlənməsi, onun əyanlar tərəfindən müdafiə olunması, inkişaf etmiş iqtisadiyyat Mannanın Yaxın Şərqin iri dövlətlərındən birinə çevrilməsinə imkan verdi.


Tarix: 27.01.2015 / 17:58 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: Ümumi