beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hövsan..

Hövsan sözünün etimologiyası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Mülahizələrə görə, Hövsan ovsun, ovdan, hövzə və başqa anlamları verir. Tədqiqatlar nəticəsində Hövsan toponiminin bir neçə yazılış forması da müəyyənləşib. Tarixçi Sara Aşurbəyli Hövsan toponimini İran mənşəli söz hesab edir. Abbasqulu ağa Bakıxanov “Hovz” adlanan ərazidə türkdilli əhalinin yaşamasını və kəndin adının da elə buradan götürüldüyünü qeyd edir. Daha bir versiyaya görə isə, Hövsan oğuz türk tayfalarından birinin adıdır. Buna sübut olaraq Hövsan və Türkan kəndləri arasında tapılmış kurqan qəbirləri və qədim əşyaları göstərilir. Hövsanda qədim yerlər mövcuddur: Təmənis, Fərəqət, Qala bazisi, Səngər, Əlcəyi və s. Kəndin əhalisinin əksəriyyətini tatlar, muğanlılar və dağlılar təşkil edir. Statistik məlumatlara əsasən, qəsəbənin əhalisi 40 min nəfərə yaxındır.
Hövsan torpaqları gilli, qumlu və şirəli olduğu üçün burada taxılçılıqla yanaşı bostançılıq və bağçılıq da inkişaf edib. Hövsanda müxtəlif ərazilərdə bulaqlar olub. Ümumilikdə onların sayı 20-dən çox olsa da, hazırda hövsanlıların içməli su problemləri var. Keçmişdə taxılın saxlanılması üçün quyulardan və dublalardan istifadə olunurdu. Dublalar o vaxtlar soyuducu rolunu oynayırdı. Vaxtilə ərazidə pambıqçılıq təsərrüfatı da inkişaf etmişdi. Azərbaycanda ilk dəfə ötən əsrin əvvəllərində Hövsanda yel dəyirmanından istifadə olunub. Hövsanda əncir, üzüm, nar, alma və s. meyvə bağları mövcud olmuşdur. Həmçinin kənd sakinləri balıqçılıqla da məşğul olublar. Hazırda burada balıq vətəgələri fəaliyyət göstərir. Balıqları başqa ölkələrə gəmilərlə ixrac edərdilər. Vətəgə balıqçılığı ilə yanaşı, fərdi balıqçılıq da inkişaf edib.
Hövsan burnu adlanan yer kəndin dənizə çıxıntısıdır. Bu burun Abşeron yarımadasının cənubunda yerləşir.
Qədimdə Hindistandan gələn atəşpərəstlər gəmiləri ilə Hövsan kəndi yaxınlığında lövbər salaraq oradan Suraxanıya - atəşgah məbədinədək dizin-dizin sürünərlərmiş. XVII əsrdə Hövsan tranzit yolunu oynayıb. Türkandan, Qaladan gələn arabalar Hövsandan gəlib keçirdilər. Hövsanda Xəzər dənizinin içinə gedən araba yolları da olub.
Bu gün Hövsan qəsəbəsində 6 ümumtəhsil orta məktəb, 7 uşaq bağçası, Mirzəağa Əliyev adına Mədəniyyət Evi və Hövsan Mədəniyyət Sarayı, musiqi məktəbi (37 saylı) var.

Tarixi-mədəni tikililər
Hövsanda 6 ovdan, Höcətül ibn Həsən məscidi (1903-cü il), təxminən 150 il əvvəl Bənna Xanmirzə tərəfindən tikilmiş Qərib ağa piri, İmam Hüseyn və Həzrət Abbas məscidi vardır. Bu məscidin birinci hissəsinin inşası 1802-ci ildə başa çatıb. Məscidin tikilməsində böyük əməyi olan və indi də kəndin ən böyük nəsillərindən birinin adı ilə bağlı olan Dağlı Qədirin böyük rolu olub. O, məscidin inşasına maddi vəsait çatışmadığı vaxtda yardım edib.
Bələdçim Azərbaycan Ziyalılar Birliyinin üzvü, jurnalist Baba Allahnəzərov Hövsanda daş kitabələrin çox olduğunu və onlardan ikisinin Şirvanşahlar Sarayına aparıldığını qeyd edir. Kitabələrin üzərində hələ də sirri açılmayan, oxunmamış yazılar və müxtəlif işarələr, nərdivan, bazubənd şəkilləri var. Bu kitabələri sandıq qəbirlərə də aid etmək olar. Köhnə qəbiristanlıqda 7 sərdabə var. Qəbiristanlıq özü 3-4 mərtəbəlidir. Hövsanın 5 qəbiristanlığının yaşı təxminən 700 il əvvələ gedib çıxır.
Burada, hazırda fəaliyyət göstərməyən, lakin maddi mədəniyyət abidəsi kimi mühafizə olunan 300-350 yaşlı köhnə hamam var. Bundan əlavə, Hövsanda vaxtilə fitə hamamı da olub ki, o da sovet dövründə sökülüb. Qəsəbədə 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə tarixi abidə ucaldılıb. Bu müharibədə 93 nəfər kənd sakini həlak olub.

Bıçaqsız kəsilən Hövsan soğanı
Hövsan həm də özünün məşhur soğanı ilə tanınır. 1897-ci ildə rus alimi S.Zelenski “Qafqazskoye selskoye xozyaystvo” qəzetində bu soğanı əvəzsiz məhsul adlandırıb. Deyilənə görə, hövsanlı Hacı Kənan Ərəbistanda ziyarətdə olarkən bu soğan növündən xoşu gəlib. Evin sahibi olan Şeyx bu bitkinin toxumundan ona verir. Hacı Kənan da soğanı doğma kəndinə gətirərək əkib becərir. Ondan “bu nə soğanıdır?” soruşanda o, “Şıxverdi”, yəni “şeyx verdi” deyir. Bu soğan növündən başqa yerdə yoxdur. Hətta başqa yerdə bitsə də eyni dadı vermir. Bu soğana bıçaq dəysə soğanın dadı itir. Soğanı ovucun içində əl ilə bölüb yeyirlər.

Kəndin məşhurları
Firudin bəy, Səlim bəy, Əsəd bəy, qoçu Ağahüseyn Sadıqov, qoçu Kərəm, qoçu Hacı Əbülfəz və başqaları kəndin sayılıb-seçilən adamlarından olub. Hazırda Hövsan qəsəbə icra nümayəndəliyi vaxtilə qoçu Hacı Əbülfəzin tikdirdiyi ikimərtəbəli binada yerləşir.
Hövsanın sayılıb-seçilən görkəmli din adamları olub. İranda İmam Rzanın qardaşı Həmzənin qəbri yaxınlığında məqbərəsi ucaldılmış Axund Zəki, quraqlıq vaxtı əkinlərinin göyərməsi üçün Allah qarşısında iki saat dua edib yağış yağdıran axund Hüseyn, Məhəmməd Əmin Rəsulzadənin dostu olmuş Axund Əbdüləli, yüksək avazlı səsə malik olan Dərviş Ənnağı, Xorasan əyalətindəki İmam Rza məqbərəsinin yanındakı məsciddə xütbələr oxumuş “Qürubi” təxəllüslü Şeyx Həsən, Molla Həsən və başqaları kəndin fəxr ediləsi din adamlarıdır.
Kəndin məşhur sənət adamları da var: SSRİ-nin Xalq artisti Mirzəağa Əliyev, Azərbaycanın Xalq artisti Bəsti Cəfərova, qarmon ustası, Xalq artisti Aftandil İsrafilov və s.

Əli süfrələri
Sovet dövründə, başqa kəndlərdə olduğu kimi, Hövsanda da dini mərasimlər başqa ad altında keçirilirmiş. Hətta bir zamanlar Hövsan deyiləndə “Əli süfrələri” adlı xüsusi mərasimlər göz önünə gəlirdi. Şadyanalıq xarakterli bu süfrələrin verilməsi zamanı bir çox inanan və inanmayanların gözləri qarşısında fantastik səslənsə də bəzi möcüzəli hadisələr baş verib. Baba Allahnəzərovun dediklərinə görə, plov qazanının içində aşın üstündə beşbarmaq əl izini xatırladan izlərin peyda olması hövsanlılara bəxş olunmuş İlahi möcüzədir. O, bu hadisənin arabir indi də baş verdiyini qeyd etdi.

Suraxanının aşı, Hövsanın bozbaşı...
Hövsanın mətbəxində ət yeməkləri xüsusi yer tutur. Əti uzun müddət saxlamaq üçün onu soğansız yağda qovurub küplərə doldurardılar. Bu isə ətin keyfiyyətini özündə uzun müddət saxlayardı. Ən məşhur yeməkləri isə bozbaşdır. Toy mərasimlərində mütləq bozbaş yanında, Hövsan soğanı verilir. Bozbaş Hövsanda yeməklərin şahı sayılır. Parça bozbaş, soğan bozbaşı, küftə bozbaşı və s. bozbaş növləri var. Hətta bakılılar arasında belə söz var ki, Suraxanının aşına, Hövsanın bozbaşına heç bir yemək çata bilməz.
Hövsanda Bakı kənd toylarının qədim adət-ənənələri də qorunub saxlanılır. Səhər tezdən qoyunların kəsilməsi, bəy xınası, bəy taxtının qurulması, xonçaların xüsusi hazırlanması kimi özəl toy ənənələri var.


Tarix: 09.12.2014 / 16:10 Müəllif: Aziza Baxılıb: 366 Bölmə: Ümumi Melumat