Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mehriban Əliyeva

Əliyeva Mehriban Arif qızı — Azərbaycan Respublikası Milli Məclisiin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, fəlsəfə elmləri namizədi (2005). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat yoldaşı.

Həyatı

Mehriban Əliyeva 1964-cü il 26 avqustda Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Arif Paşayev fizika-riyaziyyat elmləri doktoru və Bakıdakı Milli Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva (1939-1993) görkəmli filoloq və ərəbşünas olub.

1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləmişdir.

Fəaliyyəti

1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunmuşdur. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə nəşr edilən (Azərbaycan, ingilis və rus) "Azərbaycan - İrs" jurnalını təsis edib. 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

Mehriban Əliyeva həmçinin Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının 10-da fondun rəsmi açılışı olub.

2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə UNESCO-nun xoşməramlı səfiri titulunu alıb.

2004-cü il dekabrın 28-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.

2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən "İlin qadını" adına layiq görülüb. 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə layiq görülüb.

2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.

2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2005-ci il noyabrın 6-da Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Əzizbəyov ikinci seçki dairəsindən irəli sürülüb və 92.12% (23106 səs) səs toplayaraq deputat seçilib.

7 noyabr 2010-cu ildə həmin dairədən IV çağırış Azərbaycan parlamentinə yenidən deputat seçilib. Parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.[1]

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkəmizin təhsil sisteminin inkişafında xidmətlərinə, milli mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Mehriban Əliyevanı "2005-ci ilin adamı" elan edib.

Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına layiq görülüb.

Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülüb.

2009-cu ildə Polşa prezidenti Lex Kaçinski tərəfindən Azərbaycanla Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni ilə təltif olunub.[2]

2010-cu ildə Fransa prezidenti Nikolya Sarkozinin sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə ("Fəxri legionun böyük xaç komandoru")[3] təltif edilib. O, bu ali mükafata Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə layiq görülüb[4].

2010-cu ilin dekabrında "Gənc Liderlər" Uşaq və Gənclər Təşkilatının keçirdiyi rəy sorğusunun nəticələrinə görə "Gənclərin dostu" elan edilib.[5]

Fəlsəfə elmləri namizədidir. 1 monoqrafiya, 4 kitab və bir çox elmi məqalələrin müəllifidir. Rus və ingilis dillərini bilir.

Ailəsi

1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub.
Yazıçı Mir Cəlal Paşayevin nəvəsidir.
Azərbaycanın eks-prezidenti Heydər Əliyevin gəlinidir.
Leyla, Arzu və Heydər adlı üç övladı var.
Mikayıl və Əli adında 2 nəvəsi var.

Mükafatları
Krans Montan forumunun qızıl medalı.[6]
Fransa Respublikasının "Şərəf Legionunun Zabiti" dövlət ordeni[7]

Filmoqrafiya
Azərbaycan naminə! (film, 2004) — Arxiv kadrlar (Qısametrajlı Sənədli Televiziya Filmi)
Azərbaycan naminə (film, 2005) — Arxiv kadrlar (şəkil) (Qısametrajlı Sənədli Televiziya Filmi)
Əbədiyyət elçisi (film, 2005) — Arxiv kadrlar (Sənədli Serial)
Azərbaycana namus və sevgiylə (film, 2006) — Arxiv kadrlar (Qısametrajlı Sənədli Televiziya Filmi)
Böyük ömrün davamı (film, 2007) — Arxiv kadrlar (Tammetrajlı Bədii-Sənədli Televiziya Film-Tamaşası)
Mənə inanın! (film, 2007) — Arxiv kadrlar (Tammetrajlı Sənədli Televiziya Filmi)
Mətbuat fədaisi (film, 2007) — Arxiv kadrlar (şəkil) (Tammetrajlı Sənədli Televiziya Filmi)
Təbiətin xilaskarı (film, 2007) — Arxiv kadrlar (Qısametrajlı Sənədli Televiziya Filmi)
Uğur formulu (film, 2007) — Arxiv kadrlar (Qısametrajlı Sənədli Televiziya Filmi)
Zirvəyə doğru (film, 2007) — Arxiv kadrlar (Tammetrajlı Sənədli Televiziya Filmi)
Xilaskar-III Film (????) — Arxiv kadrlar (Tammetrajlı Sənədli Televiziya Filmi)


Tarix: 13.01.2013 / 12:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1093 Bölmə: Siyasətçilər
loading...