Əsl tarixi şəxsiyyətlər o kəslər sayılır ki, onlar tarixin özünü yaradırlar. Böyük Britaniya Krallığının yarım əsrlik bir dövründə liderlik mövqeyini əldən verməyən Uinston Çörçill də belə şəxsiyyətlərdən biri olub. İyirmi beş yaşından ciddi siyasi fəaliyyətə başlayan Çörçilin siyasətçi adının qarşısına başqa adlar da əlavə etmək olar - memar, rəssam, jurnalist, tarixçi, yazıçı, yaxud sadəcə şlyapalı adam, Tanrı ilə görüşə hazır olan, Tanrının isə bu çətin sınağa hazır olduğuna sübhə ilə yanaşan...
Bu nəhəng və maraqlı siyasətçinin dünyaya gəlişi də maraqlı olub. Uinston 1874-cü ildə Blenheym şəhərində anasının hamiləliyinin yeddinci ayında qarderobda - qadınların soyunma otağında dünyaya göz açıb. O ata tərəfdən hersoq Marlbronun nəslindən idi. Ana tərəfdən isə admiral Frensis Dreykə qohumluğu çatırdı. Çörçill iyirmi bir yaşında ordu sıralarına daxil olur, Hindistanda və Sudanda hərbi ekspedisiyalarda iştirak edir. 1899-1902-ci illərdə "Morninq Post" qəzetində hərbi jurnalist kimi fəaliyyət göstərir. Bu İngilis-Bur müharibəsi dövrünə təsadüf edirdi ki, Çörçill bu müharibə zamanı əsir düşür. Çevikliyi ilə həmyaşıdlarından fərqlənən Çörçill əsirlikdən qaçmağa nail olur və sonrakı taleyini bütövlükdə siyasi fəaliyyətlə bağlayır. 1905-1911-ci illər ərzində o, Koloniyalar naziri, Ticarət naziri və Daxili işlər naziri vəzifələrində çalışır. 1915-ci ilə qədər isə Hərbi dəniz nazirliyinə rəhbərlik edir. O bu dövrdə Britaniya donanmasını Almaniya ilə gələcək müharibəyə hazırlayır. 1915-ci ilin fevral ayında onun əmri ilə keçirilən Dardanela hücum əməliyyatı iflasa uğrayır. Elə həmin il də Çörçill admirallıqdan istefa verir.
Uinston Çörçill 1917-ci ildə koalisiya hökumətinin tərkibinə qatılır və Hərbi nazir vəzifəsinə təyin olunur. Bu dövr onun karyerasında müsbət canlanma yaradır. Belə ki, o Hərbi hazir vəzifəsində çalışarkən hərbi sənaye sahəsində tank istehsalına başlayır və xalq arasında daha bir ad - "Tankların atası" adını qazanır. Xalqın sevgisini qazanmaq, milləti ustalıqla idarə etmək Çörçilin fəaliyyətində bir o qədər də problemli məsələ olmayıb. O, bunu böyük məharətlə bacarıb və bunu öz fikirlərinin birində aşkar nümayiş etdirib: " Milləti idarə etmək dörd uşağı böyütməkdən asandır."
İkinci Dünya müharibəsi illəri Çörçill üçün uğurlu dövr sayılır. O vaxt altmışdan artıq yaşı olan Uinston Çörçilin böyük siyasi uğurlara imza atacağı çoxları tərəfindən təəcüblü görünsə də artıq bu reallığa çevrilmişdi. Məhz, bu dövrdə o dünyanın siyasi müstəvisində kifayət qədər böyük nüfuza malik idi. 1940-cı ilin sonunda Uinston Çörçill mühafizərkarların lideri kimi Böyük Britaniyanın Baş naziri seçilir. Baş nazir kimi 1941-ci ildə İngiltərə və SSRİ arasında əməkdaşlıq müqaviləsinin imzalanmasına nail olur. Antihitler koalisiyasının yaradılmasında xüsusi fəallıq göstərir. SSRİ və Amerika Birləşmiş Ştatlarının rəhbərləri ilə birlikdə faşizm işğalçılığının qurbanlarına çevrilə biləcək dövlətlərin taleyüklü məsələlərində qəti addımlar atır. İkinci Dünya müharibəsindən sonra Avropa Birləşmiş Ştatlarının yaradılması ideyasının müəllifi də məhz Çörçill olur. Ancaq 1945-ci ilin may ayının 23-də onun yaratdığı hökumət istefa verir, Çörçilin siyasi karyerasının qarşısına yenidən sədlər çəkilir. O, seçkilərdə məğlub olur, Baş nazir vəzifəsindən azad olunaraq ölkənin ictimai və siyasi həyatından uzaq düşür. Hətta bəzən o, bunu ingilislərə bağışlamayacağını da söyləyir.
Bütün bunlara baxmayaraq Uinston Çörçill ruhdan düşmür, özündə cəsarət tapıb yenidən siyasi mübarizəyə atılır. "Cəsarət insan xarakterinin ən vacib xüsusiyyətlərindən biridir. Xarakterin digər xüsusiyyətləri cəsarətin sayəsində inkişaf edir" - söyləyən sabiq baş nazir gələcəyə nikbinliklə baxır. 1951-ci ilin oktyabr ayının 25-də mühafizəkarlar yenidən seçkilərin qalibi olur və Çörçill də yenidən Baş nazir kürsüsündə əyləşir. 1955-ci ildə isə gənc mühafizəkarlar artıq enerjisini itirməkdə olan Çörçili siyasi arenadan uzaqlaşdırırlar. Bu ərəfədə o, özünün çox məşhur dörd cildlik "İngilisdilli xalqların tarixi" əsərini yazır.
Çörçilin həyat tərzinin qəribə özünəməxsuzluqları olub. Onun çox populyar olan həyat devizi bu günə qədər də ingilislərin yaddaşından silinməyib: "Gündə 5-6 siqar, 3-4 stəkan viski və heç bir idman hərəkətləri." O, siqarası, şlyapası, salamlaşanda əli ilə "V" işarəsinin (bu qələbə deməkdir) göstərməsi ilə fərqlənib, sevilib, qəbul olunub.
Uinston Çörçill siyasi fəaliyyəti ilə yanaşı, kifayət qədər ciddi yaradıcılıq fəaliyyəti ilə də məşğul olub. Doğma dilini hədsiz dərəcədə sevən siyasətçinin "öz dilini yaxşı bilməyən, başqasının dilini öyrənə bilməz" ifadəsi doğma dilə doğma münasibətin vacibliyinin təzahürü idi. O, qeyri adi natiqlik qabiliyyətinə malik siyasətçilərdən olub. Onun şifahi çıxışlarındakı güclü məntiq, fikir ardıcıllığı, ifadə tərzi hətta mütəxəssislər tərəfindən belə canlı əsər kimi qiymətləndirilib. Çörçilin gərgin yaradıcılıq fəaliyyətinin nəticələrindən biri onun 1953-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görulməsi idi. O, bu mükafatı "Tarixi və bioqrafik xarakterli əsərlər yaratmaqda böyük ustalığına və yüksək insanlıq dəyərlərini qoruya bildiyi çox gözəl natiqlik qabiliyyətinə görə" almışdı. Elə həmin il Baş nazir kraliça ikinci Yelizaveta tərəfindən "Bağlama ordeni"nə layiq görülüb. 1963-cü ildə britaniyalı siyasətçiyə Amerika Birləşmiş Ştatlarının fəxri vətəndaşı adı verilib. 2002-ci ildə isə BBC teleradio şirkətinin bir milyon insan arasında apardığı sosial sorğu nəticəsində Çörçil bütün dövrlərin ən dahi britaniyalısı seçilib. Bütün bunlar Uinston Çörçilin layiq göruldüyü çoxsaylı mükafatların yalnız bir qismidir. Çörçill layiq görüldüyü mükafatlarla tanınan şəxsiyyətlərdən olmayıb. Əksinə, bir çox hallarda mükafatlar Çörçilə təqdim olunan zaman populyarlıq qazanıb. Təsadüfi deyil ki, Londonda parlament binasının qarşısında ona ucaldılan abidənin üstündə hec bir titul yazılmayıb. Yəqin ki, yeganə yazılan söz - "Çörçill" adı onun varlığının təsdiqinə kifayətdir.
Uinston Çörçill ömrünün son illərini tənha, ruhi sarsıntılar içində, cansıxıcı həyat tərzi ilə yaşayıb. 1965-ci ilin yanvar ayında ölüm yatağında olarkən bunu özü də etiraf edib: "Hər şey necə cansıxıcıdır."
Tarix: 08.01.2013 / 19:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 680 Bölmə: Siyasətçilər