Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Jan Pol Bokassa-adamyeyən prezident

Jan Bedel Bokassaya ilk şöhrəti gətirən hadisə 1966-cı ildə dövlət çevrilişi etməsidir. İkincisi isə prezident olandan sonra da adam yemək şakərini tərgidə bilməməsidir. Bokassa 20-ci əsrdə yeganə prezidentdir ki, bütün müxalifət liderlərini sözün həqiqi mənasında yeyib. Prezidentin, sonra isə imperatorun sifarişi ilə baş aşpaz onları ya öz suyunda bişirər, ya da böyük duxovkada qızardıb süfrəyə çəkərdi. Yeməyə xüsusi ətir vermək üçün ona limon da əlavə edilərdi.
Prezidentliyə doğru

Bokassa 1921-ci ildə anadan olub. O vaxt Mərkəzi Afrika Respublikası Fransa protektoratı idi. Bokassa 19 yaşında Fransanın müstəmləkə ordusuna qoşulub. Vyetnam Fransa müstəmləkəsi olanda orada vyetnamlılara qarşı vuruşub. Zabit rütbəsi və fəxri legion xaçı alıb. Bokassa döyüşən vaxt qohumu müstəqillik alan MAR-ın prezidenti olub və onu ölkəyə çağırıb. 1960-cı ildə hərbi kabinetin rəisi olan Bokassa qısa müddətə marşala qədər yüksəlib. Marşal olandan sonra isə daha çox istəyib və qohumunu devirərək prezident olub. 1979-cu ildə prezident olmaqla yanaşı, bütün hakimiyyəti əlində cəmləşdirib: EYNİ ZAMANDA MÜDAFİƏ NAZİRİ, DÖVLƏT İDARƏLƏRİ VƏ SOSİAL TƏMİNAT NAZİRİ, TİCARƏT NAZİRİ, SƏNAYE VƏ ŞAXTALAR NAZİRİ, POÇT VƏ TELEKOMMUNİKASİYALAR NAZİRİ, HÖKUMƏTİN SƏDRİ, ÖLKƏDƏ YEGANƏ PARTİYA OLAN QARA AFRİKANIN SOSİAL TƏKAMÜLÜ HƏRƏKATI PARTİYASININ SƏDRİ OLUB. Amma bir müddətdən sonra prezidentlik daha ləzzət eləmirdi.
İmperatorluq

Nəhayət, 1972-ci ildə Bokassa özünü ömürlük prezident, 1977-də isə imperator elan edir. Tacqoyma mərasimi çox dəbdəbəli keçirib. O, özünü Napoleona bənzədirdi və bütün detalların Avropa imperatorunun tacqoyma mərasimindəki kimi olmasına çalışıb. İmperator üçün tacı Paris zərgəri Klod Bertran hazırlayıb. Tacın üstündə ölkənin əsas ləl-cəvahiratı, o cümlədən 58 karatlıq ürəkşəkilli brilliant olub. Tacın qiyməti 5 milyon dollar idi. Oturmuş qartal şəklində iki tonluq qızıl taxt, ən yaxşı xarici markalardan olan 100 avtomobil və 130 ağ cıdır atı… Təyyarə ilə ölkəyə Fransadan 7 ton çiçək, 5200 livreya, 600 frak və smokinq (Pyer Kardin hazırladıb), 25 min butulka Burqund şərabı, 40 min butulka şampan, 10 min gümüş qab-qacaq dəsti, 120 nəfərlik orkestr.. gətirilib. Bokassa saf qızıldan özünün iki tonluq heykəlini də qoydurmuşdu…
Tacqoyma mərasimində onun geyindiyi tufli ən bahalı ayaqqabı kimi Ginnesin rekordlar kitabına düşüb. Dünyanın bütün ölkələrinin rəhbərləri və Roma papası da tədbirə dəvət olunsa da, heç kəs gəlmədi. Çünki onu psixi cəhətdən anormal sayırdılar.
Ölkənin vəziyyəti

Əsrarəngiz tacqoymaya bu qədər vəsait xərclənsə də, üç milyon əhalisi olan ölkə kasıblıq, aclıq içində boğulurdu. Təhsil, səhiyyə, əhalinin həyatı it günündə idi: 43 min nəfərə bir həkim düşürdü, bütün ölkədə cəmi bir (!) diş həkimi vardı. Amma o, qohumları ilə xəzinəni talayır, ölkədə və xaricdə çoxlu dəbdəbəli evlər alır, eyş-işrət məclisləri qurur, özünü çoxlu orden və medallarla təltif edirdi. Övladları üçün xüsusi imtiyaz da müəyyən etmişdi. Oğlanları (Bokassanın 18 leqal arvaddan yetmiş yeddi qəbul etdiyi övladı vardı) 12 yaşa çatanda özünə məşuqə seçə bilərdi. Məşuqənin vəzifəsi şahzadəyə məhəbbət sənətini öyrətmək idi. Onlar istənilən qadını seçə bilərdilər. Bu, nazir arvadı da ola bilərdi. Kimin ağzı idi, şahzadəni rədd eləsin?
Dostları və rüşvətləri

Dövlət çevrilişi edən kimi Fransa prezidenti Şarl de Qolla əbədi məhəbbəti haqda and içir və onu ata adlandırır. Fransa hökuməti ondan maddi dəstəyini əsirgəmir, əvəzində bu ölkənin ərazisində özünün hərbi bazasını yerləşdirir. Liviya prezidenti Müəmmər Qəddafi ilə görüşündən sonra islamı qəbul etdiyini deyib və Jan Bedel adını dəyişərək Səlahəddin Əhməd qəbul edib. Deyilənə görə, bu, Qəddafidən maliyyə yardımı almaq üçün fənd imiş. Çünki bir müddət sonra yenidən katolisizmi qəbul etdiyini elan edib. Fransa prezidenti Jiskar d`Estenlə də dost olub. İkincini MAR-ın yeraltı sərvətləri maraqlandırırdı. Fransızlar bu ölkədə atom proqramı üçün radioaktiv maddələr arayırdılar. Üstəlik, d`Esten arada oraya ova gəlirdi. Sonralar «Kanar anşene» junralı d`Estenin Bokassadan bahalı brilyant rüşvət aldığını yazdı. Bu informasiya yayılandan sonra onun reytinqi kəskin şəkildə aşağı düşdü və 1981 seçkilərində Mitterana uduzdu. Sonralar məlum oldu ki, Bokassa 1973-cü ildə Henri Kissincerə də brilyant veribmiş.
Qəribə şakəri

1979-cu ildə onun portreti olan formanı geymək istəməyən məktəbliləri güllələtdirdikdən sonra o, fransız desantçıları tərəfindən devrildi və Fransaya aparıldı. Desantçılar saray mətbəxində insan əti ilə dolu soyuducular tapdı. Beynəlxalq istintaq qrupu müəyyən edib ki, Bokassa siyasi rəqiblərini quyularda çürüdüb, onları timsahlara yedirib. Yeməyində insan ətindən istifadə edib. O cümlədən, arvadlarının bir çoxunun ətini yeyib. Ölkədə yeganə riyaziyyatçını yeyib. Həbs olunandan sonra soyuducudan həmin alimin qalıqları tapılmışdı. Sonralar bir dəfə mətbuat konfransında ona belə bir sual veriblər: «Deyirlər, siz puritan həyat tərzi keçirirsiniz. Yemirsiniz, içmirsiniz, siqaret çəkmirsiniz, qadınlardan xoşlanmırsınız, hətta müxalifəti sıxışdırsmırsınız. Siz necə özünüzü yüngülləşdirirsiniz?» Bokassa İngiltərədən olan gənc jurnalisti diqqətlə süzüb: «Mən gərginləşmirəm, Sizə də məsləhət görmürəm» demiş və jurnalistə təklif etmişdi ki, kofe süfrəsində bu məsələni təklikdə müzakirə etsinlər. Təbii ki, jurnalist buna getməmişdi.
Oğlu Lüsyenin dedikləri

Jurnalistlərdən biri bir neçə il əvvəl Parisdə Bokassanın oğlu Lüsyenlə görüşərək intervyü götürə bilib. Nə vaxtsa «imperiya vəliəhdi» titulu daşımış bu gənc Parisdə «Fast-fud» tipində qəlyanaltı işlədirmiş. Gənc sahibkar özünü anonim saxlamağa üstünlük verirmiş. Çünki adamyeyən oğlu olduğunu bilsələr, bu, muştərilərə pis təsir edə bilər.
Lüsyen danışıb ki, atası xarici səfərlər zamanı özü ilə insan əti dolu diplomat götürürmüş. Aşpaz insan ətindən konserv, kolbasa düzəldərmiş. Bokassa bu yeməyi «Sardin» adlandırıb. Lüsyen daha sonra deyir: «Bir sıra Afrika ənənələri avropalılara vəhşilik kimi görünə bilər. Amma afrikalılar çox sakitcə meymunun beynini yeyə bilər. Şimali Afrikada şimpanzenin qurudulmuş barmaqları ən ləziz təam sayılır. Güclü olmaq üçün düşmənin gözünü yemək və qanını içmək qədim Afrika ayinidir. Bu, Keniyada da var, Uqanda və Qvineyada da. Atamın kəndində belə ayinlər keçirilirdi və o, bunda dəhşətli heç nə görmürdü. Yeri gəlmişkən, onun qəbiləsində ağ adamları heç vaxt yeməzdilər. Hesab olunurdu ki, «allahlar» belə qidanı qəbul etməz: onların əti tütün və alkoqolla zəhərlənib».
Brejnevin əti yox, xasiyyəti xoşuna gəlib

Bokassa 1970-ci ildə SSRİ-də olub. Burda elan edir ki, tərəqqipərvər sosializm düşərgəsinə daxil olur.. Brejnevlə görüşüb. «Artek» pioner düşərgəsinə baş çəkib. Boynundan qalstuk asıb ona fəxri pionerlik veriblər. Amma «fəxri pioner»in Fransa müstəmləkə ordusunda xidmətdə olarkən Vyetnamda bir kənddə yerli kommunistlərin liderini yediyini nə qalstuk bağlayanlar, nə də SSRİ rəhbərliyi bilirdi. Bokassa ölkəsinə qayıdanda Kremldəkilərin çox içmələrindən narazılığını bildirmişdi. Amma Brejnevin dodaq-dodağa öpüşmək adəti çox xoşuna gəlirmiş. SSRİ-dən qayıdandan sonra bütün nazirləri bir-bir qucaqlayıb dodaqlarından öpür. Sonralar ölkə boyu səfərlərində də öpüşməyə üstünlük verirdi. O deyirmiş ki, dillər təmas edəndə adamların məxfi fikirlərini oxumaq olur. Əgər yaş və süstdürsə, müsahib xeyirxah niyyətə köklənib. Əgər dil qurudursa, demək, əsəbidir, nəsə qəsdi var. Onu nahara sifariş vermək olar.
Bokassanın devrilməsi

Nəhayət, boğaza yığılan camaat ayağa qalxdı. 18 avqust 1979-cu ildə məktəbli və tələbələr etiraz etdi. Onların geydiyi formanın üstündə Bokassanın şəkli olmalı idi (maraqlıdır ki, tikiş fabriki də imperatora məxsus idi). Etirazçılar küçələrə axışdı. Hərbi hissələrin atəş açması nəticəsində 150 nəfər öldürüldü. Amma problem bununla da çözülmədi. Apreldə etirazlar təkrar olundu. Bu dəfə üsyana keçdi. İmperiya qvardiyasının əsgərləri və hərbi hissələr qeyri-insani ova başladılar. 6 yaşdan 26-ya qədər hər kəsi tutur, öldürürdülər. Fransız jurnalistləri hadisələrin gedişini belə təsvir edirlər: «Yüzlərlə uşağı mərkəzi türməyə doldurmuşdular. Əsgərlər onları təpik altına salıb xıncır, sonra kameralara doldururdular. Qəzəbdən ağlını itirmiş Bokassa özü türməyə gəlmişdi ki, uşaqlara yaxşıca dərs versinlər. Bu «dərs»dən sonra yüzə qədər adam öldü. Onları ya ümumi məzarda basırır, ya da çayda axıdırdılar». Amma impreator bununla kifayətlənməyib. Onun əmri ilə otuza qədər uşağı sarayın qabağına gətiriblər. Jurnalist Bernar Lubanın verdiyi məlumata görə, onları yerə uzanmağa məcbur ediblər və sərxoş Bokassa sürücüyə əmr edib ki, maşını onların üzərindən sürsün. Sürücü etiraz edəndə Bokassa özü sükan arxasına keçib və yük maşınını sonuncu səs kəsilənə qədər irəli-geri sürüb.
Qovulması və məhkəməsi

Nəhayət, Fransa desantları MAR-da çevriliş edir. Uzun müddət Fransada yaşayan Bokassaya 1980-ci ildə vətənində qiyabi məhkəmə keçirilir və o, ölümə məhkum edilir. 1986-cı ildə eks-imperator həyatında, çox güman ki, ən qəribə addımı atır. O, könüllü şəkildə Mərkəzi Afrika Respublikasına qayıdır. Hesab edirdi ki, xalq yenidən onu taxta çıxaracaq. Amma qayıdan kimi həbs edilib mühakimə olunur.
Ona dövlətçiliyə xəyanət, qətllər, adam əti yemək və dövlət əmlakını dağıtmaq ittihamı irəli sürülür. Bokassa məhkəmədə çox fəal iştirak edir və hakimləri inandırır ki, qurbanlarının bədən hissələrini soyuducuda yemək üçün yox, simvolik mənada saxlayıb. Guya bu orqanların hərəsinin öz mənası var. Məsələn, qaraciyər uğur gətirir və s. Bundan sonra adam yemək ittihamı üzərindən götürülür. Amma başqa ittihamlar kifayət edir ki, ölüm cəzasına məhkum edilsin. Bu, 12 iyun 1987-ci ildə baş verir. Bir il sonra isə əfv olunur və ölüm cəzasını ömürlük həbslə əvəz edirlər. Daha sonra isə iyirmi illik cəzaya dəyişdirilir. 1993-cü ildə ölkədə demokratik idarəçilik bərpa olunur və ümumi amnistiya elan olunur. Bokassa azadlığa çıxır. Üç il sonra - 3 noyabr 1996-cı ildə infarktdan ölür. Ömrünün son illərində özünü on üçüncü apostol elan eləmişdi. İddia edirdi ki, Roma papası ilə məxfi görüşləri olur.
Ölümünə qədər adamyeyən imperator qara camaat arasında xeyirxah və ədalətli hökmdar kimi populyar idi.


Tarix: 08.01.2013 / 19:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1226 Bölmə: Siyasətçilər
loading...