Avtobus otuz-qırx sürətlə gedir. Sürücü, adı Samirdi, “West” siqaretini sümürür, sol əlindəki dəsmalla alnının, boynunun tərini silir, hirsli-hirsli “Öldük alə istidən. Allah iyul ayına nəələt eləsin. Cəhənnəmdü”, – deyir. Yolda kim əl eliyir, götürür, amma sərnişinlərdən kimsə “burda saxla” deyəndə mısmırığını sallayıb avtobusu saxlamağa məcbur olur. Üç ay əvvəl sürücü kabinəsinə girişin üstündə “Dayanacaq olmayan yerlərdə avtobusu saxlayan sürücülər 300 manat cərimə olunacaqlar” elanı yazılan kağızın “Üç ay əvvəl” yazılan yuxarı sol küncü qalıb. Sürücünü bir yandan bürkü, o biri yandan da qrafik səbəbindən avtobusu bəzi dayanacaqlarda beş-altı dəqiqə saxlayanda “Sür dəə!” əmri verən “demaqoğ” sərnişinlər əsəbiləşdirir. Bir litrlik “Cola”nı başına çəkib bir neçə qurtum içəndən sonra rahatlanır.
Bir ayağı pilləkəndə ayaqüstə dayanmış, dərisi qaralmış, gün işığından gözlərini qıyarkən bir növ əzabkeş sifət alan Cavad on birinci sinifdə oxuyur. Bir ildən çoxdur hər gün dərsdən sonra gəlib Samirə kömək edir, – sərnişinlərdən pulları yığır, hava qaralanda beş-altı manatını alıb evə aparır…
Avtobus orta məktəb binasının yanından keçəndə Cavad:
- Sənə demişəm bu məktəbdə oxuyuram? – əliylə məktəbi göstərir.
Sürücü dinmir, nə də məktəb tərəfə baxır, siqaret çəkə-çəkə avtobusunu sürür.
- Keçən il məktəbi remont eliyib qutaranda Misir özü də gəlmişdi.
- Misir kimdi?
- Təhsil naziri, Misir Mərdanov, tanımırsan?… Onuncu sinifdə oxuyurdum, otuz uşağın içində hamısından beş alan iki nəfər varıydı, biri məniydim. Biri də…
- Cındıra bax!
- Nə?!
- Qabaqdakına bax. Tofiyi görürsən, genə vaxtıma girib, – deyib Samir sürət pedalını basır, iyirmi-otuz metr qabaqda gedən eyni nömrəli avtobusa çatmaq istəyir.
Çatır, başını pəncərədən çıxarıb əli ilə işarə edərək “Saxla, saxla!” – qışqırır. Az sonra qabaqda işıqforun qırmızı işığı yanır, hər iki sürücü əyləci basır, Samir başını pəncərədən çıxarıb söyüş söymür, tənbehedici tona keçir:
- Tofiy, sən necə adamsan? Olmadı da. Uje ikinci dəfədi…
- Ətağa cəddi, probkadaydım. Özbeylərin prizdenti gəlib. Kommunist küçəsiynən Hüsü Hacıyev bax belədi, – sifətini ağ tük basmış çəlimsiz Tofiq sağ əlini sol əlinin üstünə qoyur. – Sora da svitaforlar, ona görə mümkünatı yoxuydu ha.
- Alə diyirsən də. Keçən dəfə də sən…
Bu vaxt yaşıl işıq yanır, arxadakı maşınlar siqnal verir, Samir tez Tofiqi ötüb keçir.
- Dözürəm də, dözürəm də! Amma xata çıxacey əlimdən, – Samir əsəbi halda deyinir, qutudakı son siqareti çıxardıb yandırır.
- Sinifdə tək mən ingilis dilində dörd kuplet şeiri dayanmadan deyirdim.
- Kuplet nədi?
- Bənd, bir bənddə dörd misra olur, – məktəbli tez cavab verir. – Misirin qabağında şeir dedim, dayanmadan, o da çiynimə vurdu, dedi, Afərin. İngilislərin səfiri də gəlmişdi. Arvad, adı yadımdan çıxıb uje. O, da dedi sən lap ingilislər kimi şeir deyirsən. Aksentsiz.
Sürücü “aksent” sözünün mənasını başa düşmür, ya da pulyığanın dedikləri ona maraqlı gəlmir deyə reaksiya vermir, siqaretini tüstülətməyə davam edir. Arada avtobus dayananda Cavad pulları yığır, qalıqları qaytarır, başqa yaşıdları kimi dayanacaqlarda “Qara Qarayev!” “Nefçilər!”, “Bayıl” – qışqırmır. Yolda yenə arxadan Tofiqin avtobusu görünür, bunu yan güzgüdə görən Samir deyinir:
- Görürsən mını, genə gəlir. Uje ikinci dəfədü… Keçən dəfə də diyirdi, Litviyanın prizdenti gəlib, zaderjka olmuşdu.
- Litviya yox, Litva. Sən dediyin Latviyadı.
- Nə bilim e, sən də elə bil məllim-zadsan. Karoçe prizdent… Priztenlər branirivannı (güllədən qorunan), kandisanerli maşında gedirlər, onlarçün svitafor yoxdu, yol pastayannı açıqdı onlarçün. – gözünü qıyır. – Yol onnarın eşşeyi, – dediyi özünə ləzzət eliyir deyə gülməyə başlayır.
Cavadın gülmədiyini görüb bir az əsəbiləşən kimi olur:
- Alə, düz dimirəm?
- Düzdü, – Cavad mexaniki cavab verir.
- Axşam da gedirlər pitizvyozduçnı otellərə, cakkuzi, sauna, gecə də maskalar gəlir otağlarına… Bizdə də iki gündü su gəlmir. Arvadın da canı çıxır bir vedrə su gətirsün, qoysun qabağıma, disin ki, ay kişi, səhərdən axşameycən avtobus sürürsən, it kimi yorulursan, sal ayaqlarıvı suya, dincəl bir az.
- Sən beşulduzlu oteldə olmusan?
- Alə, istəmirəm nə beşulduzlu, nə üçulduzlu. Heç birulduzlu da istəmirəm. Suyumu versinlər, əlli beş kvadrat metrlik kvartiram bəsimdi.
- Atam sağ olanda bizi Antalyaya aparmışdı, beşulduzluda qalırdıq. Pastayannı isti, soyuq su, gündə üç dəfə yemək, sok, nə desən varıydı. Salatdardan tutmuş…
Sürücü sürəti azaldıb əyləci basır, qabağındakı qutudan bir manat qırx qəpik götürüb Cavada uzadır. Tofiq onu ötüb keçir. “Gördün mını. Tfu! Yaxşı, düş qaç kioskdan bir dənə Vest, bir dənə də yarımlitrlik Kola al, ama di ki, buz kimi olandan versin. Ya da, – bir manat da əlavə edib, – Kent dörd, al, ağzımız dada gəlsin. Pitizvozdıçnı otellərdən danışdın, lap ağzımın suyu axdı.
Cavad avtobusdan düşüb deyilənləri alıb gətirir…
- Remontdan bir il sonra sentyabrda Misirin müavini gəlmişdi.
- Misir kimdi? – sürücü əsəbi-əsəbi soruşur. – Hə, bayaq didin, nazir.
- Girdi sinfə Misirin müavini, adı Elmardı, indi də işliyir orda, məni tanıdı. Dedi, sən keçən il ingilis dilində şeir deyən oğlansan. Soruşdu ki, böyüyəndə nə olmaq istiyirsən, dedim həkim…
- Bilirsən, bu Tofiyi bayaq niyə söymədim? – sürücü pulyığanın sözünü kəsir.
- Niyə?
- Qərdeşi təzə ölüb, hələ qırxı çıxmıyıb, görmüsən də, neçə gündü üzünü qırxmır. Göyçaydan qayıdanda Ağsu perevalında gecə maşın aşıb, rəhmetdik qərdeşi sürümüş, nol yeddi. İçindəkilər hamısı sağ qalıb, bir-ikisi yüngülvari yaralanıb, ancaq mının qardaşı ölüb. Qoy qırxı çıxsın, üçüncü dəfə belə olmuyucey. Vaxtıma bir də girsə, başqa cür danışıceyəm bınnan. Başqa cür.
- Döymək istiyirsən onu?
- Döymey? Yox alə, nə danışırsan, – bu sualdan sanki ləzzət alırmış kimi Kent siqaretinin qutusunu açır, siqaret çıxardıb yandırır, ləzzətlə ilk qullab alır. – Elə bir söz diyicəm ona, elə bir söz diyicəm, bir cümlə. “Vsevo” bir cümlə, başa düşücey. Allah mənə mının qərdeşinin qırxıneycən səbir versin, ondan sora başa düşücey.
- Qardaşının qırxı nə vaxtdır ki?
- Bazar günü.
- Gedəcəysən?
- Yox, smendəyəm. Amma smendə olmasam, gedərdim. Düşmənim deyil ki, Tofiy. Gedərdim də, çayını da içərdim, qərdeşinə fatihə də oxuyardım. Amma… Alə, keç də! – yolu qaça-qaça keçən qoca kişini görüb siqnalı basır. – Ama bu Tofiy mərdimazardu. Öz də yekəsindən.
Hardasa üç-dörd dəqiqə susurlar, Cavad sükutu pozur:
- Düzdü, onda Elmara, Misirin müavininə dedim ki, həkim olmaq istiyirəm. Amma fikrimi uje dəyişmişəm, indi səfir olmaq istiyirəm. Keçən il gördüm də. BMV 750, qapısını açırlar, səfir keçib oturur arxa sidennidə , yumşaq sidenni, kandisaner, nömrə
də qırmızıdan, diplomatların nömrəsi. Polis, it-mit saxlamır. Hər ay xarici səfərlər, prezidentlərlə görüşlər, qaldığı yer ancaq beşulduzlu otellər, geydiyi kastyumların da qiyməti ən aşağısı dörd-beş yüz dollar.
Araya yenə sükut çökür, – sürücü deyilənləri ya qulaqardına vurur, ya da eşitmək istəmir, amma sifətini turşutmur, özünü elə göstərir ki, guya deyilənlərə qulaq asır. Cavadsa öz arzularından danışmağında:
- Keçən il anamın xalası oğlu Amerikada Kalumbiya universitetini qutardı. Bakıya gələndə diplomunu mənə göstərdi. Belə yekə dördbucaq qalın kağızıydı, sarı rəngdə, – hər iki əliylə havada dördbucaq cızdı. – Diplomun aşağısında yumru peçat vurmuşdular, qızıl rəngində. Elə bil qızılı pramoy tökmüşdülər kağızın üstünə, işığın altında parıldıyırdı.
- Peçat yox, ştamp! – sürücü özündən razı halda qımışır, yəni mən də nəysə bilirəm. – Yumruydu sən dediyin?
- Hə, yumruydu.
- Ay sağ ol, – sürücü eyni tonda cavab verir. – Ştamp diyillər ona, sən diyən piçat yumru yox, kvadrat olur… Baxma e sürücü babayam, mənim də bildiyim şeylər var.
Sürücü Coladan ləzzətlə iki-üç qurtum içir.
- Bilirsən, Vahid nə diyib? – sürücüyə sanki öncəki “kəşfindən” sonra təb gəlir.
- Nə deyib? – Cavad bir az pərt olub.
- Həə, görürüsən bilmirsən. Başdamısan mənə Amerika belə gəldi, Kalumbiya belə getdi, – özündən razı halda deyir.
- Nə deyib Vahid? De də, – Cavad əsəbdən içini gəmirir.
- Get, oxu. Belə şeyləri vaxtında bilmey lazımdı. Adam gərey öz xalqının da şairini tanısın.
Cavada aydın olur ki, Samir Vahiddən demək istədiyini unudub, yalandan özünü elə göstərir ki, guya hansısa misra, ya bəndi demək istəmir.
- Vabşe bilirsən Vahid kimdi? – sürücü sifətində təbəssüm soruşur.
- Bilirəm, Əliağa Vahidi, şairi deyirsən.
- Yoox, qərdeşim, – birdən səsini yavaşıdır, şəhadət barmağını qaldırır. – Şair indi çoxdu, itə tök. Əliağa Vahid, yedinka şairdi, qəzəlxandı, meyxanə ustadudu. Hə, bunnarı bilmey lazımdı, qərdeşim. Necə diyir, “Qaldurun badələri, deyək meyxanələri”, – nəhayət yadına düşür. – Yaxşı, bəs Vahid haqqında nə diyiblər.
Cavad hirslə çiyinlərini çəkir.
- Hə, görürsən, – yenə şəhadət barmağını qaldıraraq, – Diyir, biz kimik, məclis onun məclisüdü.
Başıyla yarıya qədər içilmiş Cola şüşəsini göstərir, ərkyana Cavadın çiynindən vurur:
- Nöş içmirsən? İsti döyül sənə?
Cavad yalandan nırç eliyir, susuzdur, amma şüşədən başqası içib deyə iyrənir. Araya sükut çökür, Samir sürəti artırır, qabaqda Tofiqin avtobusu görünən kimi onu sanki ilan vurur:
- Ama üçüncü dəfə də xeyri olmasa ha, – sürücünün gözləri alışıb-yanır, – Bayağ sual verdin ha, döymey məsələsi… Bax onda qırxa-zada da baxmiyicam, döyicəm mını. Açarını alaceyəm əlindən. Qoy getsin müdirə şikayət eləsün, bilirəm nə diycəm. İş gedib müdirə çıxsa, söbət-zad olsa, mənə padderjka verərsən, oldu?
Pulyığan oğlan həvəssiz “hə” dedi, sonra sürücünün zəvzəməsinə qulaq asdı, arada “hmm” kimi səslər çıxarmaqla eşitdiklərinə reaksiya verirdi. Bir yandan da, iyul günəşi yazığı gic eləmişdi.
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 484 Bölmə: Sevgi varmı?