Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pobeda

Mən əvvəllər daha çox ermənilərin məskunlaşdığı Zavaqzalnidə qalıram. Bura Dəmiryol vağzalının arxasında yerləşdiyindən, adına hələ sovetlər vaxtından “Zavaqzalni” deyirlər.
Qoca sakinlərimiz deyir ki, bura “Zavaqzalni” adını ermənilər verib.
Qarabağ müharibəsinə qədər bizim də məhəlləmizdə çoxlu erməni yaşayıb. Müharibə başlayanda buradakılar ora, oradakılar bura pənah gətirib.
Burdan ora pənah aparan ermənilərdən biri də məhəlləmizin köhnə sakini Akop kişi idi. İxtisasca zərgər olan Akop kişini qonşular, xüsusiylə məhəllə uşaqları həmişə xoş xatirələrlə anırlar.

Bunun səbəbi heç d əzərgərlik və ya zərlə bağlı deyil, amma bəlkə zərgərlikdən də daha incə bir işdir.
60 yaşlarında olan Akop kişi 12 uşaq atası idi. Təccüblənməyin. Bəli, 12 uşaq! Çünki evləndiyi gündən oğlan uşağı həsrəti ilə yaşayan erməni ata arzusuna yalnız 11 qızdan sonra yetmişdi.
Yeni doğulan və Jar adı verdiyi körpəsinin şərəfinə Akop Moskvadan təp-təzə bir “Pobeda” maşını gətizdirir. Sevinci yerə-göyəsığmayan Akop: “Oğlum böyüyəndə sürər” -deyir.
Amma Jar böyüyənə qədər ara qarışır, məzhəb itir- Qarabağ savaşı başlayır. Akop 12 uşağını və arvadını qoltuğuna vurub, lüt-üryan qaçır Yerevana. Akopun evi-eşiyi, əşyaları, məşhur “Pobedası” Bakıda qalır və məhəllə sakinləri arasında miras kimi bölüşdürülür. “Pobeda” məhəllə uşaqlarının payına düşür. Elə hər şey də bundan sonra başlayır.
Məhəllə uşaqlarımız əvvəlcə “Pobeda”nın rəngindən xoşlanmır, onu əvvəl qara boyayırlar, daha sonra qırmızı, göy, açıq sarı… Demək olar ki, maşının rəngi mövsümi olaraq dəyişdirilir. Maşın təxminən 32 dəfə rənglənir.
Bir gün uşaqları digər məhəllənin tay-tuşları 6 km uzaqlıqda yerləşən meydançada futbol oynamağa mağırırlar. Uşaqlar meydançaya necə gedəcəklərini fikirləşəndə:
- Gəlsəniz piyada gedək!? – Ziya burnunu qurdalayaraq deyir.
Məhəlləmizin 12 nəfərlik futbol komandası bir ağızdan etiraz edir. Bəkə də ona görə ki, Ziya bu fikri burnunu qurdalayaraq demişdi.
- Bəlkə, taksi… ? – kimsə aradakı pərtliyi pozaraq ucadan deyir.
- Yooxx. Taksiyə verməyə pulumuz yoxdur, – yenə yer-yerdən uşaqlar etiraz edir.
Dalanda siqaret çəkən qoca qonşu isə uşaqlardan məsələnin nə yerdə olduğunu öyrənib: “İçüzdə maşın sürən cayıl yoxdu beyem? U-de-e-e Akopun “Pobeda”sı. Minun ona, 5 daqqaya ordasuz” – deyə siqaretin tüstüsünü lopa bığları arasında itib-batan çopur burnunun deşiklərindən buraxıb, gülümsünür.
Uşaqlar əvvəl bir- birinin üzünə baxıb sirli-sirli hırıldaşır, daha sonra çığırışa-çığırışa doluşurlar maşına. 12 nəfər bir maşında! Elə bil, kibrit qutusuna makaron doldurmusan. Dürtülə-dürtülə çətinliklə yerləşib, maşının qapısını banka qapağı kimi bağlayırlar. Arxa cərgədə yeddi, ön cərgədə isə beş nəfər əyləşir. Uşaqların içərisində maşın sürməyi kitablardan qiyabi öyrənmiş Murad, “Pobeda”nı birtəhər işə salıb, yolları şumlaya-şumlaya komandanı meydançaya çatdırır. Ora çatanda artıq dörd nəfər zədələnmişdi
“Pobeda”nın əhvalatları isə bununla bitmir. Ara-sıra maşını kirayə ev kimi də işlədirdilər. Hətta “ucuz, sərfəli, rahat ev axtaranların nəzərinə” – deyə küçələrə elanlar da yapışdırılır.
Günlərin bir günü ekzotika axtarışı ilə Bakıya gəlmiş ingilis turistlərindən biri həmin elanların izinə düşüb məhəlləyə gəlir. Kirayə evin əslində balaca bir maşın olduğunu və bu maşının köhnə sovet filmlərində Stalinin mindiyi maşınlara oxşadığını görüb xeyli gülür və razılaşır. Uşaqlara artıqlamasıyla pul verir. Deyilənə görə, Toni adlı həmin ingilis iki həftəyə görə uşaqlara 2 min dollar pul verir.
İki həftə ərzində maşında yatmaqdan bütün bədəni ağrısa da, ekzotika dəlisi bu sarışın ingilis balası “Pobeda”nı çox sevir və ölkəsinə qayıdanda uşaqlara 10 min dollara maşını ona satmağı təklif edir.
Amma kimdir ingilisə maşın satan? “Yox, alə, bu ingilis bizə atış gəlir” – deyə uşaqlardan biri deyir, hamı da onunla razılaşır.
Ən maraqlısı isə bütün günü maşınla oynayan uşaqların hamısının orta məktəbdə “əlaçı” olması idi. Çünki məktəbin direktorunun tez-tez “Pobeda”ya işi düşürdü, yəni uşaqlara. Uşaqların aralarında “maska” dediyi Təbiət müəlliməsini tez-tez qoltuğuna vurub, maşınla dənizin kimsəsiz sahillərinə ekskursiyaya gedirdi. Amma uşaqlar bu “ekkursiya”nın nə olduğunu gözəl bilirdi deyə, direktor da onları yola verirdi.
Hələ bu da hamısı deyildi. Arvadları tərəfindən evdən qovulmuş kişilər də günlərlə maşında gecələyirdi. “Pobeda” məhəllə narkomanlarının, içki düşkünlərinin, avaralarının da sığınacaq yeri idi.
“Pobeda”nın dili-ayağı olsaydı yəqin ki, uşaqların anasına söyüb qaçardı. Elə qaça bilmədi ki, başına daha pis işlər gəldi. Çünki artıq “Pobeda”nın adı bir neçə istintaq materialında da hallanmağa başlamışdı: zavod direktorunun qızı Nərminin evlilik məqsədi ilə qaçırılmasında, yaxınlıqdakı parkda tikintisi gedən hovuzun pilitələrinin oğurlanmasında, üç piyadanın vurulmasında… Bütün işlər üzrə istintaq yekunlaşanda, baxılması üçün məhkəməyə göndərilir, məhkəmə isə uşaqların azyaşlı olmasını nəzərə alıb onları şərti cəzaya məhkum edir, “Pobeda”nı isə müsadirə edirlər.
Kor-peşman məhəlləyə qayıdan uşaqlar, az sonra yenidən sevinirlər. Səbəb isə məhəllədə tək yaşayan Şəmi babanın öləndə qonşulara etdiyi vəsiyyət idi: “Ölürəm. Nə arvadım var, nə uşağım. Qohumlarımsa heç… Mənim bütün varım, evim, eşiyim qonşular arasında bölüşdürülsün. Amma qarajdakı traktora toxunmayın. Traktor uşaqlara çatacaq!”


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 323 Bölmə: Sevgi varmı?
loading...