Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevir, Sevmir?

Günlərin bir günü kiçik bir tırtıl
gözlərini dünyaya açır. Daxili
instinktləri ilə dərhal qidalanmağa
başlayır. Qarşısına nə çıxırsa, yeyir. Bir qədər
sonra özünə yuva qurmağa başlayır.
Bir müddət də bu yuvanın içində
qalır, sonra gözəl və rəngarəng bir
kəpənək kimi yuvadan çıxır. O, artıq
uça bilirdi. Bu, onun üçün böyük sevinc idi. Havaya qalxır, uça
bildikcə uçur. Sanki dünyanın ən
xoşbəxt varlığı o idi. Dağları, təpələri
aşır, meşələrin üzərindən keçir. Bir
vadiyə çatır, elə bir vadi ki,
rəngarəng güllərlə bəzənmiş bir xalını xatırladır. Bu gözəllik onu bir qədər
heyrətləndirir. Bu vaxt gözünə bir
qədər uzaqda gözəl bir gül dəyir, ona
yaxınlaşır. Bu, gözəl bir çobanyastığı
idi... Gülə-gülə salam verir gözəl
gülə. “Səni uzaqdan gördüm, yanına gəlmək istədim“, - deyir
çobanyastığına. Gül də nazlı-nazlı
gözləmədiyi qonağına baxır və: “Xoş
gəlmisən, mən də tənhalıqdan
sıxılırdım, yaxşı ki gəldin“, - deyir.
Danışmağa başlayırlar, bir-birilərinə özləri haqqında məlumat verirlər.
Xeyli söhbətləşirlər. Zaman keçdikcə
bir-birilərinə daha çox bağlanırlar.
Gecəni birgə keçirirlər, ayı, ulduzları
seyr edirlər. Gündüz olanda da
kəpənək qanadları ilə çobanyastığını günəşin qızmar şüalarından qoruyur.
Onların bir-birilərinə münasibətləri
qarşısıalınmaz bir sevgiyə çevrilir.
Kəpənək onu o qədər sevir ki, ondan
bir an belə kənarda qala bilmir.
Ancaq çobanyastığının da onu sevdiyindən əmin deyil. Bir neçə dəfə
bunu ondan soruşmaq istəsə də, buna
cürət etmir. Gülün ondan
inciyəcəyindən, küsəcəyindən, onunla
münasibətlərinin soyuyacağından
qorxur. Çobanyastığı da kəpənəyi çox sevir.
Ancaq o da sevgisini etiraf etməkdən
çəkinir. Duyğularının qarşılıqlı
olmayacağından ehtiyat edir.
Beləliklə, iki sevgili bir-birilərinə
sonsuz, amma etirafsız məhəbbətlə birgə vaxt keçirirlər. Günlər keçir,
kəpənək vaxtının başa çatdığını hiss
edib: “Mən artıq getməliyəm“, - deyir.
Bu ani sözdən çobanyastığı təlaşa
düşür. Səbəbini soruşur: “Yoxsa
mənim yanımda xoşbəxt deyilsən?“ Kəpənək“yox“ deyir və səbəbini belə izah edir:
“Əksinə, səninlə çox xoşbəxtəm.
Ancaq biz kəpənəklərin ömrü üç
gündür, mən də ömrümü
tamamladım“. Bu sözlər qara xəbər
kimi çobanyastığını çox məyus edir. Kəpənəyin gücü isə tükənirdi, artıq
xeyli halsızlaşmışdı. Son dəfə gücünü
toplayıb çobanyastığına: “Səni
sevirəm“, - deyir. Gül yerindəcə
donub qalır. Axı bu, onun da çoxdan
etiraf etmək istədiyi həqiqət idi. Sadəcə: “Mən də...“, - deyə bilir
kəpənəyin arxasınca. Sonra
gözyaşlarını saxlaya bilmir: “Kaş ki
onun da məni sevdiyini bilsəydim, kaş
ki onu sevdiyimi söyləyə bilsəydim...“
Baş verənlər çobanyastığına çox pis təsir edir. Bir müddət sonra
saralmağa başlayır, yarpaqları
tökülür. Solan ləçəkləri düşməyə
başladıqca, içindən “məni sevirmiş“
sözlərini təkrarlayır...
...O gündən bəri aşiqlər sevildiklərinə əmin olmaq üçün çobanyastığının
ləçəklərini bir-bir qoparırlar: Sevir,
sevmir... Sevir, sevmir... Sevir,
sevmir.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 127 Bölmə: Sevgi varmı?
loading...