Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hami,Her Wey Gedir....

Hər gün ömürdən gedir, deyirlər. Doğrudur gedir.
Hər şey kimi. Saat kimi, uşaqlıq kimi, sağlamlıq kimi, gənclik kimi.
Gələn heç nə yoxdur. Dünyaya gəlməyimiz belə ana bətnindən gedişimizlə başlayır. Hətta alimlər subut ediblər ki, hər gün neçə hüceyrəmiz gedir – bitir, tükənir, ölür. Və gedən heç bir şey izsiz deyil. Gedirsə, deməli haradasa yığılır, harasa çatır, haradasa dayanır, harasa gəlir ...və təkrar yola davam edir. Yaşadığımız zaman su kimi damla-damla süzülür ömrümüzdən. O da gedir bizim kimi.

Yolçuyuq…
Şair demiş, uzun, incə bir yoldayıq...
Yollar da gedir, insanlar da. İnsanlar da gedir, zaman da. Hami, hər şey harasa axıb gedir, çıxıb gedir.
Bir gün tükənəcəyini bildiyimiz ömür yaşayırıq. Bir gün harasa gedib çıxacağımızı bilmədiyimiz bir yolun yolçusuyuq hamımız.
Yolçusu olduqumuz yol çox qəribədir. Döngəli, keşməkeşli, fərqli ağ-qara zolaqların izinə düşüb gedirik sanki.
Yüklüyük…
Hamımızın yükü var bu yolda. Hərə daşıya biləcəyini daşıyır. Çəkə biləcəyini çəkir. Sürüyə biləcəyini sürüyür ardıyca… İnsaflılar da var – başqasının yükünün ucundan çəkib kömək etmək istəyənlər, insafsızlar da var – sənin gücündən və mərhəmətindən istifadə edib öz yükünü də sənə daşıdanlar.
Beləcə baş alıb gedirik hərəmiz öz yolumuzla. Hərəmiz öz yükümüz - dərdi-sərimizlə… Yolun sonu müəmmalıdır. Hara çıxacağımız, harada tükənəcəyimiz qeybdir. Səssiz, izsiz qeyb. “Bircə öldüyüm günü bilmirəm” deyən bizlər bircə öldüyümüz günü bilsək nələr olardı görəsən? Nə dəyişərdi həyatımızda, nə artırardıq yükümüzə, nə azaldardıq yükümüzdən, görəsən?
Bilsəydik…
Yox, lap ciddi anlamda bilsəydik öləcəyimizi yükümüz nə olardı? Nəyi dərd edərdik özümüzə?
Nəyə sevinərdik, nəyə kədərlənərdik?
Görəsən öləcəyimizin gerçəkliyini lap ciyərlərimizdə hiss etsəydik anlamını dəyişərdimi sevinclə kədər, xeyirlə şər?
Güldüyümüzə hönkür-hönkür ağlayıb, ağladığımıza – özümüzə dərd etdiyimizə dodaqucu gülümsəyib keçə bilərdik mi? Baxış bucağımız dəyişərdimi həyata, insana, kainata?
Görəsən anlayardıqmı ölümün ədalət tərəzisinin nə qədər dəqiq olduğunu?
Ölümə gedən yolun yolçularının bir-birindən yalnız yük fərqi olduğunu?
Harada dəfn edildiyinin - ya Fəxri xiyaban, ya da bir ucqar dağın yamacı - nə fərqi?
Hər kəsin, hamının, hər birimizin eyni maddəyə - torpağa hopub çürüyəcəyimiz reallığını dərk edə bilərdikmi?
Və üstəlik son deyil bu gerçək. Anlayardıqmı ki, yolun davamı var?
Səhifənin o biri üzündə....


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 72 Bölmə: Sevgi varmı?
loading...