Sən getdin...
Sən getdin... sənsizlik mənimlə qaldı,Üzsüz qonaq kimi getmək bilmədi.
Sən getdin... könlümü qüssə-qəm aldı,
Günlər aya döndü, otmək bilmədi...
Sən getdin... dəyişdi fəsillər bir-bir,Guya, bu yoxluğa alışdım mən də.
Silib xəyalları sətirbəsətir,
Ayaqda qalmağa çalışdım mən də.
Sən getdin... kölgənə dönüm, istədim,
Sən keçən yolları keçə bilməyə.
Bitib-tükənməyən dözüm istədim,
Qəmi damla-damla içə bilməyə.
Sən getdin... köksümdə bir eşq yarası,
Mənə yoldaş oldu elə o gündən.
Qarışdı hər şeyin rəngi, sırası...
Küsdüm səni alan kəm taleyimdən.
Sən getdin... ölmədim, yaşadım, niyə?
Yaşadım lal olan nəğməkar kimi...
Eşqini könlümdə daşıdım, niyə? -
Sanki həyatımda hələ var kimi...
Sən getdin... əlimdən, söylə, nə gəlir?
Guya, bu yoxluğa alışdım mən də...
Amma ki, hər dəfə qəlbim titrəyir
Səsinə bənzəyən səs eşidəndə...
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 81 Bölmə: Sevgi varmı?