Xalqlar üz-üzə dursa da,
eşq-məhəbbət ölməyəcək…Bəşəriyyət qırılsa da,
eşq-məhəbbət ölməyəcək…
Məhəbbəti yerə basdır,
göyərib üzə çıxacaq,
Məhəbbəti məzara qoy,
məzardan səsi çıxacaq,
Poladın içində saxla,
poladı kəsib çıxacaq,
Sevən gözlər kor olsa da,
eşq-məhəbbət ölməyəcək…
Hətta günəş qaralsa da,
eşq-məhəbbət ölməyəcək…
Bütün ərzin yollarını
kərkədanlar kəsə belə,
Qəbilələr bir-birinin
başlarını kəssə belə,
Lap millətlər bir-birini
diri-diri yesə belə,
Ordular üzə dursa da,
eşq-məhəbbət ölməyəcək…
Hər şey tar-mar olsa da,
eşq-məhəbbət ölməyəcək…
Nə Leylinin, nə Məcnunun
kimsəyə kini olmayıb.
Sevənin sevgidən özgə
milləti, dini olmayır.
Qoca ərzin vallah, billah
eşqsiz günü olmayır,
Bu aləm zindan olsa da,
eşq-məhəbbət ölməyəcək…
Hər gün ölüm-qan olsa da,
eşq-məhəbbət ölməyəcək…
İnsan insanı duymasa
ruhu ölər, bağrı çatlar,
Yenə qardaş olacaqlar,
bir-biriylə bütün yadlar.
Məhəbbətdən aşağıdır
ədavətlər, küdurətlər,
And içirəm etiqada
eşq-məhəbbət ölməyəcək…
Sevənə yox zaval, xata,
eşq-məhəbbət ölməyəcək…
Ərzin vulkanları dönə
od dövrünə, köz dövrünə,
Dünya qayıda əvvəlki
su dövrünə, buz dövrünə,
Lap planet qədəm qoya
hətta insansız dövrünə,
Lap meymun əsri gəlsə də,
eşq-məhəbbət ölməyəcək…
Dünya ölüb-dirilsə də
eşq-məhəbbət ölməyəcək…
1994
Tarix: 25.03.2013 / 17:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 202 Bölmə: Sevgi şerləri