Onsuz da qaradır üzüm yanında,
Ağlım hisslərimin əsiri olub.
Bilirəm, taleyin imtahanında,
Ömür qiymətimin kəsiri olub.
Sən məni aşkarda görmək istədin,
Mən sənə yuxuda pənah gətirdim.
Sən mənə qəlbini vermək istədin,
Mən sənə bir yığın günah gətirdim.
Varlığım, yoxluğum düşüb gözümdən,
Nə qədər istəsən əzab ver mənə.
Mən niyə küsmüşəm özüm-özümdən?
Bəlkə sən bilirsən, cavab ver mənə!
Günahım arxamca yeriməsəydi,
Bəlkə öz kölgəmdə yata bilərdim.
Ümid qanadlarım əriməsəydi,
Uçub günəşə də çata bilərdim.
Sözümü eşidib qulaq assaydın,
Özümü ən xoşbəxt adam sayardım.
Mənə günahımı bağışlasaydın,
Mən sənə dünyanı bağışlayardım.
Onsuz da qaradır üzüm yanında,
Ağlım hisslərimin əsiri olub.
Bilirəm, taleyin imtahanında
Ömür qiymətimin kəsiri olub.
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 117 Bölmə: Sevgi şerləri