Bu sirli dünyada nələr baş verir?
Bir zaman gələnlə bir zaman gedir,
Qoca da cavan da olur ki, deyir:
Bir anlıq keçmişə dönmək istədim!
Bəs mənim istəyim nə olar sizcə?
Aşkarmı söyləyim yoxsa gizlicə,
İmkanım olsaydı elə indicə,
Bir anlıq keçmişə dönmək istədim!
Axşamlar əl-ələ tutub gəzməyə,
Ala gözlərini bir də görməyə,
"Səni çox sevirəm" yenə deməyə
Bir anlıq keçmişə dönmək istədim!
İncə əllərindən bərk-bərk tutmağa,
İpək saçlarını tumarlamağa,
Əbədi səninlə qoşa qalmağa,
Bir anlıq keçmişə dönmək istədim!
Tale qovuşdurdu bizi, bəs nədən
Sonradan o, səni ayırdı məndən
Yalnız sənə görə hətta cənnətdən
Bir anlıq keçmişə dönmək istədim!
Yağmurlu bir gecə, ayrılan zaman
Gözümün içinə baxırdın yaman
Həmin o gecəyə düşməyə inan
Bir anlıq keçmişə dönmək istədim!
Eləbil o gecə sən hiss edirdin,
Əlini əlimdən çəkə bilmirdin,
"Vaxt gələr deyərsən"-mənə söylədin
Bir anlıq keçmişə dönmək istədim!
Sevən gözlərini məndən çəkmirdin,
Sanki baxışınla nəsə deyirdin,
Poza bilməsəm də yazını sənin
Bir anlıq keçmişə dönmək istədim!
Həyat aldı səni mənim əlimdən,
Qoruya bilmədim səni əcəldən,
Acı taleyini dəyişməyə mən,
Bir anlıq keçmişə dönmək istədim!
Hər gün məzarını qucaqlayıram,
Göz yaşı axıdıb mən ağlayıram,
Şəklinə baxaraq təkrarlayıram:
Bir anlıq keçmişə dönmək istədim!
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 36 Bölmə: Sevgi şerləri