Eliaga Vahid - Gozlerin...
Sevgilim, el bilir mən əhli-dərdəm,
Səndən başqasını sevsəm namərdəm
Qüssədən ölürəm neylim ki, hər dəm,
Məni qoyub baxır yana gözlərin.
Kipriyin xəncərdir, qaşların kaman,
Yıxdığın acizə verməzsən aman.
Dedilər cəlladsan, etməzdim güman,
Salacaqdır məni qana gözlərin.
Sənin əlindədir hər ixtiyarım,
Zalım, öldür məni qəmdən qurtarım,
Bəs kimə söyləyim, kimə yalvarım,
Gətiribdir məni cana gözlərin.
Könlümü salacaq zülfün kəməndə,
Həsrətin qoymayıb can qalsın məndə,
O gözlər var ikən nə qədər səndə,
Alacaq könlümü sona gözlərin.
Vahidəm, sevgilim, mən də qanıram,
Fitnəkar gözəli üzdən tanıram,
Necə deyim sənə, qəmdən yanıram,
Mənim tək od tutub yana gözlərin!
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 118 Bölmə: Sevgi şerləri
loading...