Sevdanin Sonu
Sevdimsə, sevildim bir qış axşamı,
Bir ürək verdimsə, bir ürək aldım.
Xəlvətdə görüşüb, danışdıq hərdən,
Nəhayət eşqini könlümə saldım.
Varlığım sevgimin varlığı oldu,
Onunla bölüşdüm şadlıqlarımı,
Onunla bölüşdüm qəm-kədərimi,
Sandım ki, tapmışam əsil yarımı.
Sevilmək dünyada çətin deyilmiş,
Sevmək də dünyada çox asan imiş.
Müqəddəs bir eşqin ən nəhayəti,-
Dünyalıq ləzzəti bircə an imiş.
Bir zaman eşqimə can verən gözəl,
Bu zaman gör necə alır canımı?
Ayrılıq sazını səsləndirərkən,
Od vurub, odlara salır canımı.
Sevilib, sevdimsə bir qış axşamı,
Ayrıldım sevgimdən bir bahar günü.
Doğrusu baharda sevinir hamı,
Mənimçin qış oldu şadlıqlar günü
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 91 Bölmə: Sevgi şerləri
loading...