Hüseynova Mehriban Allahverdi qızı: Xocalı şəhərinin işğalı zamanı 3 azyaşlı uşağı ilə birlikdə girov götürülüb. Əsirlikdən azad edilmiş Məmmədov Mayıl Məhəmmədəli oğlunun ifadəsinə görə, o, Mehribanı uşaqları ilə birlikdə Yerevan şəhərində istintaq təcridxanasında görüb. Lakin sonradan Şuşa şəhərinə aparılan Mayılın onlardan heç bir xəbəri olmayıb. Erməni tərəfi Mehriban və onun uşaqlarının girov götürüldüyünü danmaqda, onların sonrakı taleyinə dair faktları bu günədək gizlətməkdədir.
Hüseynova Tamara Saleh qızı: 26.07.1992-ci il tarixdə Tovuz rayonunun Əlibəyli kəndində ermənilər tərəfindən girov götürülüb. Qardaşı Akif Hüseynov bacısının axtarışı ilə əlaqədar bir neçə dəfə erməni tərəfi ilə apardığı danışıqlar zamanı Tamara Hüseynovanın Berd rayonunun Paravakar kəndində, itkin düşmüş Alaverdiyan Mqerin ailəsində saxlanıldığı bildirilib. 06.11.1992-ci il tarixdə erməni tərəfindən Alaverdiyan Şamir Alekseyeviç adlı şəxs Akif Hüseynova teleqram vuraraq bacısı Tamaranın girov saxlanıldığını təsdiq edib. Tamara Hüseynovanın ermənilər tərəfindən girov götürülməsi Əsir və girovların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı üzrə beynəlxalq işçi qrupu tərəfindən də təsdiqlənib. Lakin Tamara Hüseynovanın da girovluqdakı sonrakı taleyi bu günədək naməlumdur.
Rəhimov Rəhim Əbdülkərim oğlu: 24.06.1993-cü il tarixdə Ağdərə rayonunda əsir götürülüb. 16.07.1993-cü ildə Rusiyadan (Orenburq şəhəri, Volqoqradskaya küçəsi, ev 40/2, mən. 69) ailəsinə vurulmuş teleqramda R.Rəhimovun Ağdərə rayonunun Vaqauz kəndində Ağacanyan Qrelin evində saxlanıldığı bildirilib. 1993-cü ildə ailəsi R.Rəhimovdan BQXK vasitəsi ilə məktub alıb. Bu məktubda R.Rəhimov itkin düşmüş Ağacanyan Joranın tapılıb onunla dəyişdirilməsini xahiş edib. Erməni tərəfi R.Rəhimovun da sonrakı taleyi ilə bağlı faktları bu günədək gizlətməkdədir.
Azərbaycan tərəfinə daxil olan məlumatlar göstərir ki, əsir və girov götürülməsinə dair məlumat olan, lakin sonrakı taleyi naməlum qalan şəxslərin siyahısında böyük əksəriyyət erməni əsirliyində öldürülüb, yaxud işgəncə və xəstəliklərdən vəfat edib, az bir hissəsi isə indi də gizlədilərək ağır fiziki işlərdə qul kimi istifadə olunur.
Tarix: 08.01.2015 / 14:12 Müəllif: Feriska Baxılıb: 82 Bölmə: Qarabağ müharibəsi