Azərbaycan qadını fədakardır, şəfqətlidir, anadır, evin xanımıdır, yaxşı qonaq qarşılayır, ən dadlı dolmanı bişirir və sadalamadığım çox şeyi bacarır, qısacası ev və ailəsi üçün hərşeyi edir. Amma bir tək yaxşı sevgili ola bilmir. Bu cümlə çoxlarında şapalaq effekti yaratsa da, belədir. Elə bu səbəbdən boşanmalar, xəyanətlər çoxdur bu cəmiyyətdə. Burda sadəcə qarşı cinsi günahlandırmaq doğru deyil.
Kiçik yaşlardan oğlan uşaqlarına daha çox məsuliyyət yükləməyə başlayırıq. Oğlumuz böyüyəcək, mütləq prokuror olacaq, yaxşı gəlin gətirəcək, ata-anasına baxacaq, toylara gedib pul yazdıracaq, yaxşı yeyib-içən oğlan olacaq və s. Bu öhdəlikləri yerinə yetirməyənin çörəyini, yediyi-içdiyini zıqqım edərik yoxsa. Bunlar da azmış kimi həyatın dadına varmamış, halal süd əmmiş, ya qlamur bir civi, ya da elə ofisdə kağız-kuğuzun içində itib-batan birini alarıq ki, oğlumuz lap xoşbəxt olsun. 30 yaşına gələnə kimi bütün bu saydıqlarımızla baş etməli olan kişi bir də ev və ailə problemlərinin içində ömrü boyu yumalanır. Qaynana-gəlin davaları, həftəlik pampers ehtiyacları, bir tikə çörək pulu qazanmaq dərdi ilə üzləşən kişinin yerinə bir anlıq özümüzü qoyaq. Bəlkə kimsə bunları normal və bəsit sayır, amma bu öhdəlikləri bütün ömrü boyu çəkən adamçün heç də asan deyil.
Axşam işdən çıxıb evinə gələn kişinin ilk zəngində deyilənlərdən: «evə çörək al; su pulu yığan gəldi; oğlun 2 alıb bu gün; anan zəng edib zəhləmi tökdü və b.” Daha evə çatmamış qaşları çatılan, işdə pozulan və yorulan kefinin içinə bir az da edilən yazıq kişi evinə üz tutur. Qapını açan istər başı yağlı, bozbaş iyi verən tükəzban, istər ətir qoxan qlamur olsun, kişi onu qarşılayan qadınından xoş üz görmək istəyər. Əvəzində isə çoxluqla bizdə qapıya uşaqlar göndərilər. Arvadını mətbəxdə görən kişi „acsan, yemək gətirim” sualı ilə birbaşa qarşılaşar, beləcə bozbaş iyi çökər xəyallarına.
Yemək bitər, uşaqlar yatmağa gedər, indi də başlayar arvadın serialları, kişinin futbol davaları. Hürrəm bu gün neylədi, Karadayı tutuldumu və b. guya maraq oyandıran suallarla kişinin diqqəti futboldan yayındırılmağa çalışılsa da, alınmaz. Bir fiasko da burdan gələr.
Növbə gələr evin problemlərinə, işıq pulu, qaz pulu, toy pulu, uşağın oxutdurulmağı, hazırlığı, arvadın paltarı, evin bazarlığı və başqa maddiyat dərdləri. Evə ayaq qoyandan hələ özünə növbə çatmayan kişi əlini atar cibinə, boşaldar pul kisəsini. Gedər yatmağa.
Əsas məsələ də bundan sonra başlayar. Heç olmaya sevgi görmək ümidilə alışıb-yanan kişi indi də tükəzbanlıq sindromuna yoluxmuş kopaqqızının nazıynan oynayar ki, bəlkə buna bir çıtdıx verə. Qısacası kompleksləri ilə bərabər yatağa girən qadın elə buna görə də bu imtahanından da fiasko ilə çıxar.
İndi gəldik əsas sualımıza: bu həyatı hər gün bu şəkildə yaşayan hansı kişi sonadək sadiq qalacaq sizə? Ev-ailə problemlərini üzərinə tökdüyümüz kişilərə nə vaxta kimi maddiyat və ev idarəçisi kimi baxacağıqsa, hələ onlardan sədaqət gözləməyin elə özü axmaqlıqdır. İstər evdar olsun, istər ən dadlı bozbaşı bişirsin, istərsə ayda 1000 man qazansın, fərq etməz, kişilər daim evində, ailəsində, yatağında qadınından hər şeydən öncə sevgili olmağı gözləyər. Sonda bir neçə sualla yazımı yekunlaşdırıram:
Ən son onunçün xüsusi bir masa nə zaman hazırladınız və ya bir boşqabda yemək yediniz? Axrıncı dəfə onu nə vaxt yuxudan öpərək oyatmısınız? Heç bu günlərdə onunla bir film izlədinizmi? Bugünədək cinsi mövzularda onunla rahat söhbət etmisinizmi? Onun üçün fərqli bir sürpriz hədiyyə hazırlamısınız? Ən yorğun, ən əsəbi vaxtında onu güldürməyə çalışmısınız? … Bu sualların davamını dolmada belə kreativlik fikirləşib, piramida şəklində bükməyi düşünən Azərbaycan qadınına buraxıram və deyirəm: Ən son nə zaman əriniz üçün sevgili olmusunuz?
Tarix: 10.01.2015 / 12:02 Müəllif: Aziza Baxılıb: 255 Bölmə: Qadın dünyası