Olimpiyadalarda 400 məsafəni ən qısa zamanda üzən, bu sahədə rekorda imza atan idmançı bunu necə bacarır?
Əgər hərhansı bir idmançı hər gün, hər həftə, hər ay əvvəlki gün, əvvəlki həftə, əvvəlki ayda olduğu qədər məşq etsə bu sahədə rekorda imza ata bilərmi?
Bəlkə, tanıdığımız uğurlu insanların uğur sirrlərindən biri də davamlı olaraq öz üzərlərində işləmələri, inkişafa meyilli olmaqlarıdır? Bəlkə, onlar hər gün, hər həftə, hər ay daha çox uğura imza atmaq, daha çox yaxşılıq etməyə çalışırlar?
Bəlkə, biz də həyatımızda müsbət dəyişikliklər etmək üçün, «daha çox 5 +» və «daha az 5 -»qaydaları qoyub, bu qaydaları tətbiq etməklə həyatımızı və başqalarının həyatlarında fərq yarada bilərik?
Məsələn, kitab oxumaqda çətinlik çəkən biri «hər gün əvvəlki gündən 5 səhifə daha çox kitab oxuyacam», yaxud «hər ay əvvəlki aydan 5 kitab daha çox oxuyacam» deyə bilər.
Yaxud, xaricdə təhsil almaq istəyən bir gənc, hazırlaşdığı imtahan üçün «hər gün əvvəlki gündən daha çox 5 yeni söz öyrənəcəm, hər gün 5 daha çox riyaziyyat məsələsi edəcəm» deyə bilər.
Kimsə «mən hər həftə daha 5 nəfərə gülümsəyəcəm, daha 5 yardıma möhtacı olan şəxsə, ailəyə kömək edəcəm, məndən bir kömək xahiş edən 5 nəfərə nəzakətlə kömək edəcəm» deyə bilər.
Bir başqası «hər həftə xeyirli işlər üçün 5 manat daha çox, özümə və başqalarının həyatını yaxşılaşdırmayan işlərə 5 manat daha az pul xərcləyəcəm, hər həftə 5 siqaret daha az çəkəcəm» deyə bilər.
Yaxud kimsə «həyatımda hər həftə şükür edəcəyim yeni 5 tərəf tapacam, hansılar ki, digərlərində yoxdur. Eyni zamanda məni məyus edən 5 problemi həll etməyə çalışacam və bundan şikayətlənməyəcəm» deyə bilər.
Kimsə «Mən hər gün, yaxud hər həftə Azərbaycanda müsbət dəyişikliklərin olacağına ümidini itirmiş daha çox 5 nəfərə ümid, inam aşılayacam.» deyə bilər.
Təbii ki, bütün bunları tətbiq etmək üçün bir az iradə, bir də bunları sizə xatırladacaq və birlikdə tətbiq edəcəyiniz dostlar olmalıdır.
Onu da bilirəm ki, bu yazını oxuyaca hər 200 nəfərdən bəlkə də 195-i sadəcə oxuyub keçəcək, 10 dəqiqə sonra yaddan çıxaracaq belə yazı ilə qarşılaşdığını.
Bəlkə də, 200 nəfərdən sadəcə 5 nəfər bu prinsipi öz həyatına tətbiq etməyə çalışacaq, həm öz həyatında, həm də başqalarının həyatlarında müsbət dəyişikliklər etməyə çalışacaq.
Amma biz oxuyub keçən 195 nəfəri yox, bu həftə sonu 5 nəfər bunu öz həyatında tətbiq etməyə, daha çox 5 nəfərə təbliğ etməyə çalışanları görsək və başqalarına təbliğ etməyə çalışsaq, gələn həftə sonu 25 nəfər, ondan sonrakı həftə 125 nəfər eyni müsbət dəyişiklikləri öz həyatlarıında və başqalarının həyatlarında tətbiq edə biləcəklər.
1-ci həftə: 5 nəfər
2-ci həftə: 5*5 = 25 nəfər
3-cü həftə: 25*5 = 125 nəfər
4-cü həftə: 125*5 = 625 nəfər
5-ci həftə: 625*5 = 3125 nəfər
6-cı həftə: 3125*5= 15625 nəfər
....
Maraqlıdır, siz müsbət məsələlərdə «daha çox 5 +», mənfi məsələlərdə «daha az 5-»qaydasını tətbiq etmək haqqında fikirləşirsinizmi? Fikirləşirsinizsə, sizin üçün «daha çox 5+» nə olacaq, «daha az 5-» nə olacaq?
Tarix: 08.08.2012 / 03:41 Müəllif: [Ram] Baxılıb: 2289 Bölmə: Psixoloji Testler