Mən söhbətimə xoş ovqatla başlamaq qərarına gəldim; Nizaminin beytiylə başlayıram:
Çox gözəl arvad var, mərdlikdə bir şir,
Çox ipək içində şirlər gizlənir.
Qədim Hindistanda xoşbəxtliyin, həyatın mənası iki prinsipə: bədənin, hisslərin həzz alması və cismani iztirablardan xilas olmaqdır: «həzz nemətdir, təbiətin bizə çağırışıdır. Uşaqlar ən çox həzzə həssasdırlar. Böyüklər, ən ciddi, aydın, ağıllı, yaşlılar da həzzə can atarlar. Fəzilətli adam öz fəzilətindən həzz alır».
Fəzilətə, səadətə, xoşbəxtliyə qovuşmaq İnsana fitrətən məxsus keyfiyyətdir və buna nail olmaq yolları müxtəlifdir. Biz isə birisi üzərində dayanacağıq: Qadın (Kişi) özünün ehtirası ilə, həzzini ödəməklə səadətə, xoşbəxtliyə çata bilərmi? Təbii həyat prinsiplərinə əməl eləməklə buna nail olmaq mümkündürsə, burada qəbahət axtarmağa dəyərmi? Sualın ilkin cavabını məşhur çinin dini-əxlaqi təlimi olan daosizmə istinadətən verəcəyəm: Ən yüksək nemət əlçatmaz arzuları və ehtirasları boğmaqdan, az qane olub qəlbi rahat saxlamaqdan ibarətdir. İkinci cavabı Zenon fəlsəfəsindədir: Kim bu dünyadakı ehtiraslardan, cismani həzlərdən azaddırsa, o, fəlakət zamanı da xoşbəxt ola bilər.
Həyatın mənası məhz bundadır — cismani və mənəvi xoşbəxtlikdir! Həzz — həyatın məqsədidir.
Xoşbəxtlik üçün şərtləri sadalamağa ehtiyac hiss eləmirik. Və bu da bəllidir ki, İnsan təbii şəkildə xoşbəxtliyə, ən məhdud halda müəyyən dəqiqəyə, saata, günə can atır və nail olur; son məqsəddir. Fərabi yazırdı ki, xoşbəxtlik hər bir insanın cəhd göstərdiyi bir məqsəddir. Onun kortəbii meylə elədiyi ən yüksək mükəmməllikdir. Xoşbəxtlik — insanın əldə eləməyə çalışdığı ən böyük nemətdən yüksəkdə duran, ondan üstün olan heç bir nemət yoxdur.
Əlbəttə, — xoşbəxtliyi hərə bir cür düşünür və qiymətləndirir: Biri zənginlikdə, eyş-işrətdə, digəri gözəlliyi kişi ehtirası, yad intim münasibətlə əvəz eləməkdə. Ehtiras bir kabussayağı vücuda daxil olur, onu təlatümə gətirir, hətta iradə ilə, qadağanlarla barışmaq istəmir. Belə təqdirdə ehtirasın «pəncərəsindən» aləm daha işıqlı, cazibəli təsir oyadır, İnsanlar xoşbəxtcəsinə danışır, gəzir; bircə onun yeri görülür. O, çatışmır. Artıq o ürpədici, xoş, ilıq hisslər bədəni sarır və sahibini məşum bir yerə sürəkləyir.
Yaxşı, bu hiss — fizioloji-psixoloji akt haradan peyda oldu? Tələsməyək, əvvəlki sözümü bir-iki fikirlə tamamlayaq, sonra...
Xəyanətin hər halda psixoloji-fizioloji və mənəvi — sosioloji kökləri yox deyil və biz bu haqda fikirləri təkrarlamağa ehtiyac duymuruq. Bir şeyi unutmayaq ki, Xəyanət hissinin reallaşmasınadək Qadın müəyyən həzzi, aydın desək, həyatın səadətini qətiləşdirir və bu, sonralar nə verə bilər sualını yaxınına belə buraxmır. Onu məşğul eləyən bu dünyanın mütləqliyi, axirətin olmaması həqiqətdir. Şərqdə Qadın, onun tərbiyə aldığı mühit ona aşılamışdır: Axirət dünyası səni gözləyir, xəyanət eləsən cəhənnəm odunda yandıracaqlar. Deməli, bu mövcud dünyada səadət, həzz real nemətdirsə, xoşbəxtlikdirsə… Heyf, axirətdə səndən haqq-hesab çəkəcəklər. Dinin, o cümlədən Şəriətin zehinlərə diktə elədiyi ən böyü təsir də məhz Qadın xəyanətini güclü buxova salmaq olmuşdur. Müsəlman qadını ərinə xəyanət eləyərsə və bu aşkarlanarsa o, labüd surətdə ən ağır cəzasını (tənbehini yox) gözləyir və buna hazırdır. Hətta aşkarlanana qədər özünü anlayan qadın özünü öz əliylə qətlə yetirir və bununla sanki cəzasını yüngülləşdirir.
Səadət və xoşbəxtlik hansı məqamlarda xəyanətə real zəmin yaradır. Məşhur fransız filosofu Mişel Montenin fikrincə, təbiətə uyğun hərəkət eləmək, həyatdan daha çox həzz almağa cəhd göstərmək xoşbəxtliyin əsasıdır, Epikürçülərin xoşbəxtlik və həyatın mənası haqqında mülahizələrinə istinad eləməklə M. Monten xristian dininin axirət dünyası və oradakı xoşbəxtlik barədə ehkamlarına qarşı çıxmışdır: İnsan bu dünyanın övladıdır və xoşbəxtliyi də bu dünyada axtarmalıdır. Bu o deməkdir, insan öz təbii tələbatlarını, hisslərini və ehtiraslarını boğmamalıdır. Bu dünyada ən qiymətli şey-həyatın özüdür, həyatda ən qiymətli şey isə həzdir.
Başqa bir fransız filosofu Rene Dekarta görə, insanın bütün fiziki-mənəvi həyatının, o cümlədən səadətinin əsasını ehtiras təşkil eləyir. Ehtiras ruhun vəziyyəti və hərəkətidir, xarici mühit hadisələrinin və daxili orqanların təsirindən yaranır.
Ehtiras xəyanətə yol alanda sahibi tərəfindən nizama salınmalı, cilovlanmalıdır. Dekart düzgün olaraq deyirdi ki, insan yalnız ehtiraslarını idarə eləməyi bacaranda azaddır, əks təqdirdə o, quldur, kölədir.
Ehtiras coşqun olur qadınlarda və bu, onları həzdə aldadır, nemət kimi maddiləşir. Lakin nemət nəşələnən adamın xoşbəxtliyinə-ərinə, yaxud özünə xəyanətlə qurtaranda şərə çevrilir. Fransız filosofu holbaxa görə: «...ehtiraslar insanın həyat qaydalarını pozub, onun sağlamlığına, səadətinə xətər yetirdikdə şərdir, zərərlidir».
Xəyanət qadın ehtiraslarının cilovlanmaması onu yüksək şövqlə çəkir; buna qəti yol verilməməlidir. Burda xüsusilə kişinin nəfsi, qarşısındakının ləyaqətini qiymətləndirmək xisləti olmalıdır. Ağıl, düşüncə fizioloji tələbata üstün gəlməlidir. N. Tusi yazmışdı: «Cinsi əlaqə növü mühafizə üçündür, ona görə də bundan sui-istifadə etmək olmaz, bir az-çox mümkündür. Lakin həddi əndazəni aşmaq, mərhəm sayılmayanlara sataşmaq olmaz… Bundan sonra yalnız insanlığa xas olan səadət və məziyyətləri ağıl və idrakı kamilləşdirməyə can atmalıdır, onun naqisliyini mümkün qədər azaltmalıdır».
Xəyanəti biz orqanizmin daxili tələbatından doğan fizioloji-psixoloji qüvvə olan temperamentlə bağlayırıqsa (əslində belədir), bu İnsan təbiətinə şamildir. N. Tusi insan təbiətini «temperament» mənasında işlədirdi və bunu məqsəd baxımından 3 növə ayırırdı: Birincisi «ehtiras» təbiəti, bunun fəaliyyətinin son məqsədi «şəhvət»nəfsi olar. İkincisi «kəramət» təbiəti, bunun fəaliyyətinin son məqsədi «qəzəb» nəfsi olar. Üçüncüsü «hikmət» təbiəti, bunun fəaliyyətinin son məqsədi «əql» nəfsi olar… «Səadət» ləzzətinə gəldikdə demək lazımdır ki, onlar da iki cürdür: biri aktiv, biri passiv. Aktiv məcazi mənada, əyanilik üçün cinsi əlaqə vaxtı kişilərin aldığı ləzzəti, passivə qadınların aldığı ləzzəti misal kimi göstərmək olar.
Unudulmamalıdır ki, şəhvət hissini reallaşması prosesi ilkin mərhələdə yüksək keçir və bu, hər iki cinsə xoş gəlir, bəs sonra? Təsvirəgəlməz həzdən sonra əhval aşağı düşür və xüsusilə qadında peşmançılıq yaranır. Ehtiyac varmı belə halda mənəvi cinayəti aydınlığı ilə təsəvvürə gətirməyə? N. Tusi yerində demişdir: «… hissi ləzzət başlanğıcda xoşagələn, ürəyəyatan olar, heyvani qüvvə hakim olduğundan insanın şövqi də artar, lakin elə ki, kamına çatdı süstlük, passivlik başlayır».
Bunu vaxtında anlamaq və sonunu təsəvvürə gətirmək gərəkdir. Əski türklərində Ayzit adında bir doğum tanrısı-İlahəsi olmuşdur. İlahə qadınlar doğarkən köməklərinə çatar, əlindən gələni əsirgəməzdi. Hətta 3 gün təzəcə doğmuş qadını tək buraxmazdı. O yalnız ismətini qorumamış qadınların hayına çatmazdı. Alay içində ismət yönündən qüsurlu olanlar varsa, onları geri qaytarar, o birilərini Ayzitin sarayına girməsinə icazə verərdilər. Namusun bu dini sanksiyaları (təzyiq qaydaları) əski türklərdə cinsi əxlaqın yüksək olduğunu, kişiylə qadının bu əxlaqda eyni dərəcədə məsuliyyət daşıdığını göstərir.
Xəyanət hissi ağılın nəzarəti altından çıxmamalıdır və biz orqanizmin tələbatı kimi onu inkar eləmirik. Lakin şəhvət coşanda, sahibinin varlığını silkələyəndə çox şey gözə görünmür, xüsusilə sağlam, hissiyyatlı qadınlarda intim münasibətə meyl güclənir. Əxlaqi-sosial amillər burda səbəb yaradır. Qadının artıq «Namus» həddini gözləməməsi, intim oyuna aludəçiliyi, ərinin uzunmüddətli səfəri, maddi ehtiyacı, şöhrətpərəstliyi, sərvət ehtirası və sairə təbii vəziyyəti üstələyir. Yeganə çıxış yolu özünü ələ almaq, nəfsi boğmaqdır. N. Tusi belə bir prosesin mahiyyətini düzgün vermişdir: «Nəfsin səhhətini qoruyan heç bir halda şəhvətin coşmasına, qəzəbin həddini aşmasına yol verilməməli, onları təbii vəziyyətlərində qalmağa təhrik etməlidir. Bunu deməkdə məqsədimiz odur ki, çox zaman insan şəhvətin ən coşqun çağında ya hissiyyatın ən yüksək anında elə şövqə gəlir, özünü saxlaya bilmir, hərəkəti də istəyinə uyğun olur, sonra peşmançılıq üz verir. Belə hallarda özünü ələ almaq, nitq qüvvəsini köməyə çağırmaq, heyvani hissləri nizam-intizama dəvət etməklə şəhvəti təmin etməlidir, çünki məqsədə nail olmaq üçün bundan daha yaxşı üsul mümkün deyildir».
Bizim bəzi ziyalılarımız, hətta tibb mütəxəssislərimiz təəssüf ki, bu sonuncu faktordan-intim (şəhvət) təsir atributlarından çox xoflanırlar, dəhşətli şəkildə narahat olurlar. Bilmirəm, belələri kimlərinsə iradə zəifliyi təsirinə düşməkdən qorxurlar, yoxsa nihilist xislətlərinə tabeçilikdən? Xəyanətə dair elmi mülahizə yürütmək, yaxud əsaslandırılmış dəlillər gətirmək, bədii, publisist əsər oxumaq məgər xəyanətə körpü salır? Bu vasitələrlə müsbət təsir göstərmək, nəticələr çıxarmaq mümkündür və bu, bir həqiqətdir. Lev Tolstoyun azərbaycancaya tərcümə olunmuş «Anna Karenina», «Dirilmə» kimi dünyada məşhurlaşmış romanları qadın xəyanəti üzərində yazılmışdır. Lakin bu xəyanət bədii faktdan çıxıb, cəmiyyətin iç üzünün açıqlanmasına, insan xarakterinin mürəkkəbliyinə yönəlmişdir. Anna Karenina ərinə xəyanət eləsə də, hələ ona heç bir oxucu ya xristian olsun, ya da müsəlman-fahişə (ifadəm üçün üzr istəyirəm) damğası vurmamışdır… Fikrimiz romanı təhlilə cəlb eləməkdən uzaqdır; məsələ ondadır, ən xoşagəlməz şeydən yaxşı nəticə alınır. Cəmiyyət çalışmalıdır ailələri yüksək dərəcədə maddi təminatla təmin eləsin, kədər, pis ovqat uşaqdan böyüyəcən heç kəsin könül dünyasında yol almasın, kişilərin sosial əhatədə heysiyyatları təhqir olunmasın, ifrat meşşanlar nəsli meşşan valideynlər vasitəsilə əmələ gəlməsin. Qadınlar onlara verilən hüquqların fövqündə durmasınlar; müsəlman qızına, anasına xas əxlaqi keyfiyyətləri ən şərəfli məziyyət qiymətində tutsunlar. Şərqli qadınlarımıza xas ən ləyaqətli keyfiyyətlərdir. Uzağa getməyək. Böyük Vətən davasından ərləri qayıtmayan minlərlə qadınlarımız (eləsi vardı ilkini də görməmişdi) ərlərinin yolunu gözlədilər, «qara kağızı» gələndə də yad kişinin yatağına girmədilər. Tarixin yaddaşında belə xislətlə tarixləsən qadınlarımız saysızdır. H. Heyne necə də yerində heyfsilənmişdir: «Hərçənd qadınlar dünyanı idarə edirlər, lakin tarixçilər yalnız kişilərin adını bilirlər». Arvad ərini başında tac hesab eləməlidir və bilməlidir ki, onun qadınının ünvanına ləkəli söz çatırsa, ətrafı ona qeyrətsiz adam kimi yanaşır və ona nifrət bəsləyirlər. Bu, ölüm bərabəridir, ölümdən bəthərdir. İnsan bir dəfə ölür, tənə isə hər dəqiqə, hər saat onu dirildir! Bütün məsuliyyət arvadın üzərinə düşür. O, istəsə bu işi (xəyanəti) elə məharətlə görər, ta qəbirəcən heç kəs xəbər tutmaz. Belə halda da fərqi yoxdur, xəyanət onun gözlərindən ərinə, uşaqlarına boylanacaq. Bu gözlərin bəbəklərində bağışlanmaz məkr ərini qisasa səsləyəcək!
Mənə elə gəlir, nəsihətçiliyə uymağa dəyməz; hər bir qadın, kişi öz vicdanı qarşısında cavabdehdir. Sözümüzü N. Tusinin kəlamı ilə davam elətdirək: Arvadlar da öz ərlərinə layiq olmaq; onların gözlərində hörmətlərini qaldırmaq üçün beş şərtə riayət etməlidirlər:
Birinci — iffətli olmaq;
İkincisi — razı qalmaq;
Üçüncüsü — qorxmaq;
Dördüncü — yaxşı arvadlıq eləmək və ərinin sözündən çıxmamaq;
Beşinci — eyş-işrətdə, bəzək-düzəkdə tələbkarlıq etmək.
Ləyaqətli qadını anaya ona görə oxşatmışlar ki, ərinin yanında olmasını istəyir, səfərə gedəndə darıxır, onun arzu və istəklərini yerinə yetirməkdə əzab və əziyyətə dözər, ana da övlad üçün belə edər».
Xristian dini daha uzağa gedir; «… Всякий, кто смотрит на женщину с вожделением, уже прелюбодействовал с нею в сердце своем».
Bəziləri xəyanəti ər-arvadın kəbin inamsızlığı hesab eləyir və haqlıdırlar. Psixoloqların fikrincə, xəyanətdə əsas səbəb intim münasibətlərdəki zəifliklə də bağlıdır; əlbəttə qəlb başadüşülməzliyini də danmaq olmaz. Xəyanət belə hallarda fizioloji motivdən əxlaqi keyfiyyətə keçir.
Şərqlilərdə bir cəhət xarakterikdir: Arvad ərinin başqa qadınla intim əlaqəsini görərsə… o, hikkəsindən sakitləşməz və… Şübhəsiz, bu əxlaqi faktı bütün ailələrə aid eləmək düzgün olmazdı. Əksinə, belə hallarla üzləşən bəzi qadınlar özünü intihar eləyir. Çünki bizdə qadın özrinə o qədər sədaqətlidir, onun qayğısını çəkir… xəyanətlə heç cürə barışa bilmir.
Xəyanətin əsrin probleminə çevrildiyi bir faktdır; ona görə ki, bu əxlaqi naqisliyin kökləri dərin, yaşı qədimdir. Belə ki, 4000 il əvvəl Assuriyada kişilərin dillərini kəsir, 3000 il əvvəl isə yəhudi qadınları ər-arvad xəyanətinə görə daş-qalaq eləyirdilər.
Tarix: 25.05.2013 / 19:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 455 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri